Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4133/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 42 saylı Dövlət Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və 42 saylı Dövlət Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 05.09.2007-ci il tarixli “bağışlama” müqaviləsinin ləğv edilməsi və bu müqavilə əsasında cavabdehə verilmiş mülkiyyət hüququnun qeydiyyata alınması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 09.10 2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Cavabdeh1 atasıdır. İddiaçı 05.09.2007-ci il tarixində mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu Teymur Əliyev küçəsində istifadədə olan 0.11063 ha torpaq sahəsində yerləşən 52 nömrəli evin 55 nömrəli mənzilini qızı, hazırkı iş üzrə Cavabdeh1 ona baxması müqabilində bağışlamış və həmin bağışlama müqaviləsi 42 saylı dövlət notariat kontoru tərəfindən rəsmiləşdirilmişdir. Bağışlama müqaviləsi əsasında Cavabdeh1 Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən 09.10.2017-ci il tarixli çıxarış əldə etmişdir Lakin Cavabdeh1 valideynləri qarşısında övlad olaraq üzərinə düşən vəzifələri yerinə yetirməkdən imtina edir. Cavabdehin anası ölmüşdür, atası tək qalmışdır, yaşı və səhhəti ilə əlaqədar ailə üzvlərinin köməyinə ehtiyacı vardır. Öz-özünə qulluq etmək iqtidarında deyildir. Buna baxmayaraq cavabdeh bir dəfə olsun atası ilə maraqlanmamış, bir gün olsun atasını ziyarətə gəlməmişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq öz pensiyası hesabına qulluqçu tutmuşdur. Qeyd olunan faktları iddiaçıya daimi qulluq edən X2 və Cavabdeh1 oğlu X6 da təsdiq edə bilər. İddiaçı cavabdehə məhz ona baxması müqabilində sözügedən mənzili bağışladığını və onun səhhəti ilə maraqlanmasını xahiş etsə də, cavabdeh həmin mənzildən əlavə olaraq ona baxması üçün pul tələb etmiş və nəticə etibarı ilə iddiaçı çətin günlər üçün yığdığı 50000 manat məbləğdə pul vəsaiti Cavabdeh1 adına olan bank hesabına vəsaiti köçürülmüş, cavabdeh həmin vəsait hesabına yeni bir mənzil də almışdır. Hal-hazırda cavabdeh evdən iddiaçının çıxarılmasını tələb edir, iddiaçını yaşayış yerindən və mənzilindən məhrum edir. Ona görə də, İddiaçı müqavilə bağlanılmasından uzun müddət keçməsinə baxmayaraq, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı 23.07.2021-ci il tarixində Cavabdeh1 pretenziya məktubu göndərərək 7 gün müddətində müqavilənin ləğv edilməsi barədə razılığa gəlməyi təklif etmiş, əks halda məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. Lakin Cavabdeh1 tərəfindən məktuba cavab göndərilməmişdir Tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə qanunda nəzərdə tutulan, yəni iddiaçı olan atasına qulluq edib qayğı göstərəcəyi barədə öhdəlik götürmüşdür Lakin bağışlama müqaviləsi bağlandıqdan və mənzil xüsusi mülkiyyətinə keçdikdən sonra bu öhdəlikləri yerinə yetirməkdən imtina etməyə başlamışdır. Məhz buna görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bağışlama müqaviləsinin əvəzsiz olması həmişə hədiyyə alanı öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, bu cür öhdəliklər açıq-aşkar bilavasitə müqavilənin şərtlərində nəzərdə tutulmasa da müqavilə bağlananadək tərəflər bunu öz aralarında danışaraq razılaşdırırlar. Yəni, ağlabatan mühakimə də hansısa şəxsin öz əmlakını heç bir səbəb olmadan başqasına, özü də bilavasitə yaxın qohumu olmayan şəxslərə bağışlanmasının mümkünsüz olduğunu labüd edir. Bununla yanaşı, iddiaçı mənzili qızına bağışlamaqla hansısa bəhrələnmək məqsədi güdməmişdir. Bunu cavabdeh də inkar etmir. İddiaçı sadəcə hədiyyə alan cavabdehin ona qayğı və qulluq göstərməsim istəmişdir. Bu cür öhdəlik bağışlamanın əvəzsizliyinə zidd deyil, iddiaçının zənginləşdirmir və ya onun hansısa maddi təminat alması ilə bağlı deyil. Cavabdeh bağışlanan mənzildən zənginləşsə də iddiaçı qarşısında daha çox əxlaqla bağlı olan hüquqi öhdəliklərini də yetirməlidir. Bunun yerinə yetirilməməsi də iddiaçıya pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Buna görə də cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Əks halda iddiaçının bağışlama müqaviləsindən imtina etməsi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Ona görə də, İddiaçı hesab edir ki, məhkəmə iddianı tam şəkildə təmin edərək, 05.09.2007-ci il tarixli “bağışlama” müqaviləsinin ləğvi və Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 09.10.2017-ci ıl tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul etməlidir. Məhkəmə iclasında İddiaçı verdiyi izahatında bildirmişdir ki, qızı Cavabdeh1 ona qarşı son zamanlar kobud davranmış, övlad kimi ona qayğı göstərməmişdir. Buna görə də, idida tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında bildirdi ki, bağışlama müqaviləsinin ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, iddiaçının qızı ilə münasibətləri hər zaman yaxşı olmuş, ona baxmış, qayğı göstərmiş, son zamanlar münasibətləri pisləşmişdir. İddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rdd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş yetkinlik yaşına çatmayan X6 bildirmişdir ki, bacısı Cavabdeh1dır. Atası iş üzrə İddiaçıdur. Onlar arasında münasibət yaxşı olmuşdur. Son vaxtlar münasibətləri pisləşmişdir. Bunun səbəbi isə X1r. O, istəyir ki, atası evi satıb onun oğlu üçün xərcləsin. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 23.07.2021-ci il tarixli arayışına əsasən Cavabdeh1, X8 ünvan 1 ünvanda pasport qeydiyyatındadırlar; 05.09.2007-ci il tarixdə ünvan 2riat Kontorunun dövlət notariusu M.N.Soltanov tərəfindən bağlanmış və təsdiq edilmiş bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, İddiaçı küçəsi, ev 52 ünvanda yerləşən yaşayış sahəsi 37.04 kv.m olan 3 otaqlı 55 saylı mənzilini qızı Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən 09.10.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində istifadədə olan 0.11063 ha torpaq sahəsində yerləşən 52 nömrəli, 5 mərtəbəli binada 37.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 55 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 549 nömrəli reyestr kitabının 50548 saylı vərəqində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış pretenziyanın mətnində “05 sentyabr 2007-ci il tarixli Bağışlama müqaviləsinə əsasən, İddiaçı məxsus olan Bakı şəhəri, İddiaçı küçəsi, ev 52, mənzil 55 ünvanında yerləşən mənzil Cavabdeh1 bağışlanılmışdır. Hal-hazırda aramızdakı münasibətin pozulması ilə əlaqədar 05 sentyabr 2007-ci il tarixli Bağışlama müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlmək niyyətindəyəm. Ona görə də, İddiaçı təklif edir ki, 7 gün ərzində 05 sentyabr 2007-ci il tarixli Bağışlama müqaviləsinin ləğv edilməsi barədə razılığa gələsiniz, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir.” göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət huququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Kontitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Mülki Məcəllənin 673.1.3-cü maddəsinə əsasən o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Mülki Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1 ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki. onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.12.2012ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.1 ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1 -ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina" müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o. hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi hazırki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası MM-in 673.1 -ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinanın 2 əsasını müəyyən edir: hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya bağişlama ilə bağlı öhdəliklərin icra olunmaması. Qərarıda qeyd olunduğu kimi qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirılməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsim istisna etməmişdir. Bu cür öhdəlikdən biri hədiyyə alan üçun Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. Demək həmin maddənin tələbinə əsasən cavabdehin iddiaçı qarşısında bir öhdəliyi, həmdə mənəvi borcu olmuşdur. Mülki Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından asılı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsinə görə isə hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 1) hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 2) hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 3) o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.12.2012ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır… Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki. bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində istifadədə olan 0.11063 ha torpaq sahəsində yerləşən 52 nömrəli, 5 mərtəbəli binada 37.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 55 nömrəli mənzilini qızı Cavabdeh1 bağışlayan zaman qızı ilə o, ölənə kimi sonuncu tərəfindən atasına baxacağına dair razılıq əldə etmişlər. Müqavilə bağlanan ilk illərdə cavabdeh atasına münasibətdə ailə üzvü kimi öz üzərinə düşən mənəvi borcu yerinə yetirsə də, sonradan iddiaçını unutmuş, iddiaçının 1936-cı il təvəllüdlü olmaqla, nəvaziş, qayğıya ehtiyacı olmasının fərqinə varmamış, ümumiyyətlə iddiaçı ilə əlaqəni kəsmiş, iddiaçıya münasibətdə etinasız davranmış, bir sözlə iddiaçı ilə aralarında bağlanan bağışlama müqaviləsinin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə qanunda nəzərdə tutulan, yəni iddiaçı olan atasına qulluq edib qayğı göstərəcəyi barədə öhdəlik götürmüşdür. Lakin bağışlama müqaviləsi bağlandıqdan və mənzil xüsusi mülkiyyətinə keçdikdən sonra bu öhdəlikləri yerinə yetirməkdən imtina etməyə başlamışdır. Məhz buna görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bağışlama müqaviləsinin əvəzsiz olması həmişə hədiyyə alanı öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, bu cür öhdəliklər açıq-aşkar bilavasitə müqavilənin şərtlərində nəzərdə tutulmasa da müqavilə bağlananadək tərəflər bunu öz aralarında danışaraq razılaşdırırlar. Yəni, ağlabatan mühakimə də hansısa şəxsin öz əmlakını heç bir səbəb olmadan başqasına, özü də bilavasitə yaxın qohumu olmayan şəxslərə bağışlanmasının mümkünsüz olduğunu labüd edir. Bununla yanaşı, iddiaçı mənzili qızına bağışlamaqla hansısa bəhrələnmək məqsədi güdməmişdir. Bunu cavabdeh də inkar etmir. İddiaçı sadəcə hədiyyə alan cavabdehin ona qayğı və qulluq göstərməsim istəmişdir. Bu cür öhdəlik bağışlamanın əvəzsizliyinə zidd deyil, iddiaçının zəngilləşdırmir və ya onun hansısa maddi təminat alması ilə bağlı deyil. Cavabdeh bağışlanan mənzildən zənginləşsə də iddiaçı qarşısında daha çox əxlaqla bağlı olan hüquqi öhdəliklərini də yetirməlidir. Bunun yerinə yetirilməməsi də iddiaçıya pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Buna görə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Əks halda, iddiaçının bağışlama müqaviləsindən imtina etməsi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, İddiaçı 1936-cı il təvəllüdlü olmaqla, bağışlama müqaviləsi bağlayarkən, qızının vədlərini yerinə yetirəcəyini zənn etmiş, cavabdehi baxıb-böyütdüyündən, sonuncunun onun qarşısında olan mənəvi vəzifələrini icra edəcəyinə uzun müddət ümid etmiş, cavabdeh tərəfindən tənha şəxs kimi unudulacağına uzun müddət ərzində inanmamış, son ümidləri tükənəndən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində istifadədə olan 0.11063 ha torpaq sahəsində yerləşən 52 nömrəli, 5 mərtəbəli binada 37.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 55 nömrəli mənzilin bağışlanmasına dair ünvan 2riat Kontorunda İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05.09.2007-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli, Həmin bağışlama müqaviləsinə əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən 09.10.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və 42 saylı Dövlət Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05.09.2007-ci il tarixli bağışlama müqaviləsi ləğv olunsun. Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, 09.10.20017-ci il tarixli Çıxarış ləğv olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4133/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4133/2021
17.09.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver