Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4184/2024 14.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya təşkilatında xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 onun himayəsində qalması və onların saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanaraq hər ay hər uşağa görə 235 manat olmaqla ümumilikdə 470 manat mələğində alimentin ona ödənilməsi hissəsində təsdiq edilərək icraya yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2011-ci il tarixdə, Xaçmaz rayon Qeydiyyat şöbəsində nikaha daxil olub ailə qurmuşdurlar. Nikahları 554 N-li qeyd ilə reyestrə daxil edilmişdir. Birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Qeyd edir ki, cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət xoşbəxt yaşasaq da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən, aralarında ciddi ünsiyyət problemləri yaşanmağa başlamış, aramızda olan nikah əlaqələri faktiki olaraq uzun müddətdir kəsilmişdir. Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə nikahları rəsmi olaraq pozulmuşdur. Birgə nikahdan olan övladları hal-hazırda onun himayəsində yaşayırlar. X3 uzun müddətdir ki, ümumiyyətlə övladlarının gündəlik təlabatları ilə maraqlanmır, onlara qayğı belə göstərmir. Qeyd edir ki, tərəfindən nikahın pozulması uşaqların mənim himayəsində saxlanılması və aliment tələbi ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı MŞB/8/2024-00364 saylı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş övladlarımı onun himayəsində qalması və onların saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən etibarən hər uşağa görə 235 manat olmaqla ümumilikdə 470 manat məbləğinində alimenti ona ödəyəcəyi barədə razılığa gəlmişdir. Lakin Maraqlı şəxs alimenti ödəməkdən imtina edir. Hazırda iki azyaşlı övladının maddi tələblərini ödəməkdə çox çətinlik çəkir. Bu səbəbdən məhkəməyə müraciət etməli oldu. Barışıq sazişinə əsasən Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notariusun icra qeydinə əsasən həyata keçirilə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirmişdir ki, maraqlı şəxs uşaqların saxlanılmasında heç bir yardım etmir və barışıq sazişi bağlandıqdan sonar onun tərəfindən aliment ödənilməmişdir. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirmişdir ki, taksi kimi fəaliyyət göstərdiyini, ərizəçinin onun sürücülük vəsiqəsini götürdüyünü, bu səbəbdən də fəaliyyət göstərə bilmədiyini və alimenti ödəyə bilmədiyini bildirmişdir. Eyni zamanda alimentin azaldılması ilə bağlı məhkəməyə də müraciət edəcəyini qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Məhkəməyə təqdim edilmiş, “Birinci tərəf” Ərizəçi ilə “İkinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinə əsasən: - Maraqlı şəxs bu saziş imzalandıqdan sonra birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X4 Ərizəçi Şahın qızının (ananın) himayəsində (yanında) qalmalarına razıdır. - xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən Ərizəçi hər ay hər uşağa görə 235 manat olmaqla hər ay ümumilikdə 470 manat aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən vaxtında könüllü qaydada icra edilməmişdir. Yuxarıda sadalanan qanunvericilik müddəalarından aydın olur ki, barışıq sazişi üçün 10 gün könüllü icra müddəti müəyyən edilmişdir. Maraqlı şəxs isə könüllü icra müddətini pozmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi haqlı olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, uşaqların himayəsi məsələsi qanuni qüvvəyə mimiş məhkəmə qətnaməsi ilə həll edildiyindən, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanuna zidd olmayan digər hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1686/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2011-ci il tarixdə Xaçmaz rayonu Qeydiyyat şöbəsində qeydə alınmış və 554 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X8 anaları Ərizəçi yanında saxlanılmışdır. Barışıq sazişinin bu hissəsi ilə bağlı tərəflər arasında olan mübahisə həll edilmişdir. AR Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qismən təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024- 00364 nömrəli barışıq sazişi məcburi icra məqsədilə aşağıdakı hissədə təsdiq edilsin: xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs 05 avqust 2024-cü il tarixdən etibarən Ərizəçi hər ay hər uşağa görə 235 manat olmaqla, hər ay ümumilikdə 470 manat aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il il tarixli barışıq sazişinin digər hissədə təsdiq edilməsindən imtina edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4184/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4184/2024
14.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver