Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4214/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (anası) X2, Maraqlı şəxs qismində Maraqlı şəxs iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs ilə bağlanmış xx.xx.2024 cü il tarixli, MŞB/MT015/2024-0085/02 nömrəli barışıq sazişin uşağın ananın himayəsində saxlanılması və aliment hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2017-ci il tarixdə X3 anadan olmuşdur. Nikah dövründə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən mübahisələri pozulmuşdur. Nikahın pozulması iddiası ilə məhkəməyə müraciət edilmişdir. 15 saylı Mediasiya təşkilatı tərəfindən əldə olunmuş barışıq sazişinə əsasən nikahın pozulmasına dair qarşılıqlı şəkildə razılığa gəlinmişdir. Nikahın pozulmasından öncə iştirak etdiyi mediasiya prosesi maraqlı şəxs ilə aralarında uşağın anası ilə qalması və aliment məbləğı ilə bağlı razılıq rəsmləşdirilərək uşağın saxlanılması üçün maraqlı şəxs könüllü olaraq hər ay 320 manat alimentin ödənilməsinə razılıq vermişdir. Lakin nikahın pozulması ilə bağlı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi vaxtdan bu günə kimi mediasiya təşkilatı tərəfindən rəsmləşdirilmiş xx.xx.2024-cü il tarixli “barışıq sazışı”nin şərtlərinə əməl etməyərək könüllü qəbul etdiyi alimenti ödəməkdən yayınır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi (anası) X4 ərizədə qeyd edilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, barışıq sazişi bağlandıqdan sonra bir necə ay ödəniş etmiş, lakin sonra işlərində problem olduğundan ödəniş edə bilməmişdir. Hazırda işləri yoluna düşdüyünü və ödəniş etməyə başlayacağını qeyd etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Maraqlı şəxs arasında Bakı 15 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/MT015/2024-0085/02 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: - tərəflər nikahın davam etdirilməsinə razı deyillər və bununla bağlı məhkəmədə iddia qaldıracaqlar; - “ikinci tərəf” birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək “birinci tərəf”in yanında yaşamasına razılıq verir; - “birinci tərəf” təsdiq edir ki, uşağın “ikinci tərəf”lə öncədən razılaşdırılmış vaxtda görüşməsinə etiraz etmir; - “ikinci tərəf” uşağın saxlanılması üçün hər ay 320 manat olmaqla, uşağın yetkinlik yaşına çatanadək hər ayın 10-dan gec olmayaraq aliment ödəyəcək; - uşaqla xaricə səfər edə bilmələri üçün bir-birinə maneə törətməyəcəklər və müvafiq hüquqi sənədləşməni təmin edəcəklər. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan Bakı 15 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/MT015/2024-0085/02 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 15 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/MT015/2024-0085/02 nömrəli barışıq sazişi “ikinci tərəf” Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək “birinci tərəf” Ərizəçi yanında yaşamasına razılıq verir; “ikinci tərəf” Maraqlı şəxs uşağın saxlanılması üçün hər ay 320 manat olmaqla, uşağın yetkinlik yaşına çatanadək hər ayın 10-dan gec olmayaraq aliment ödəyəcək” kimi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 15 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/MT015/2024-0085/02 nömrəli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilsin: - “ikinci tərəf” Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək “birinci tərəf” Ərizəçi yanında yaşamasına razılıq verir; “ikinci tərəf” Maraqlı şəxs uşağın saxlanılması üçün hər ay 320 manat olmaqla, uşağın yetkinlik yaşına çatanadək hər ayın 10-dan gec olmayaraq aliment ödəyəcək” Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4214/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4214/2024
17.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver