Məhkəmə qərarları › İş №2(005)-4523/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4523/2022

15.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4523/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il təvəllüdlü X1 ünvan 1 ünvanında xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X3 xx.xx.2021 -ci il tarixdə AR SN Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, ll-ci tip Şəkərli diabet, Arterial hipertenziya İl-ci mərhələ” diaqnozlarla müalicəyə alınmış, xx.xx.2021-ci il tarixdə nisbi yaxşılaşma ilə evə buraxılmışdır. xx.xx.2021-ci il tarixdə ərizəçi ilə birgə yaşadıqları evdə - ünvan 1 ünvanında Məhəmməd Əfəndiyevin halı qəflətən pisləşmiş və vəfat etmişdir. Təcili və X4 Stansiyasının çağırışa gələn briqada həkiminin verdiyi xx.xx.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq Vərəqəsindən də göründüyü kimi, Məhəmməd Əfəndiyev həmin tarixdə yardım briqadası gələnədək vəfat etmişdir. Ölüm haqqında Tibbi Şəhadətnamənin (Forma AZS-106) alınması üçün mərhumun qeydiyyatı üzrə poliklinikaya müraciət etsə də, imtina cavabı verilmişdir. Bakı şəhəri 4 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli, 188 saylı cavab məktubundan göründüyü kimi, Məhəmməd Əfəndiyev xx.xx.2021-ci il tarixdə vəfat etsə də, hər hansı bir xəstəliklə poliklinikada tibbi qeydiyyatda olmadığından, adına ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. Ölümün qeydiyyata alınması üçün Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciətin də hər hansı müsbət nəticəsi olmamışdır. Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli, 149 saylı cavab məktubundan göründüyü kimi, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında edilə bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizədə göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Nərimanov Rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 149 nömrəli arayışından görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən ərinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. İş materiallarına əlavə edilmiş: - AZE seriyalı, 00448386 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1951-ci il tarixdə Gürcüstan, Bolnisi rayonunda doğulmuşdur; - Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X2 nikahları xx.xx.1977-ci il tarixdə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əfəndiyəva” soyadı verilmişdir; - AR Səhiyyə Nazirliyi Tibb Universiteti Tədris-Terapevtik Klinika tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli anamnezdən görünür ki, X3 xx.xx.2021-ci il tarixində boğulma, ciddi tənginəfəslik, öskürək şikayəti ilə xəstəxanaya daxil olmuş, ağciyərlərin xroniki obstruktiv xəstəliyi diaqnozu qoyulmuş, xx.xx.2021-ci il tarixdə xəstəxanadan çıxış etmişdir; - Bakı şəhəri Təcili və X4 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 08:00-da X1 adına çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir; - Qəbirüstü abidənin fotoşəkilindən görünür ki, abidədə “X3 xx.xx.1951-xx.xx.2021” yazısı əks olunmuşdur; - 4 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli, 188 saylı cavab məktubundan görünür ki, Məhəmməd Əfəndiyev xx.xx.2021-ci il tarixdə vəfat etsə də, sahə həkimi-terapevt N.Haqverdiyevanın verdiyi məlumata istinadən hər hansı bir xəstəliklə 8 saylı poliklinikada tibbi qeydiyyatda olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır; - Nərimanov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli, 149 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölümün qeydiyyatı Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 ərizəçinin əri olmuşdur. X3 xx.xx.2021-ci ildə Bakı şəhərində ev şəraitində vəfat etmişdir. Ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X3 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1951-ci il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar