Məhkəmə qərarları › İş №2(005)-4569/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4569/2024

29.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4569/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 13 fevral 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 25 iyul 2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. Birgə nikahdan 1 övladları var. X3 14 aprel 2023-cü ildə anadan olmuşdur. Aralarında şəxsi və ailə münasibətləri pozulduğuna görə nikahın pozulması və sair mübahisənin həlli məqsədi ilə Mediasiya Şurasının Bakı 20 saylı Mediasiyya Təşkilatına etdiyi müraciət əsasında Təşkilatın mediatoru X1 vasitəsilə Maraqlı şəxs ilə onun arasında xx.xx.2024-cıi il tarixli Başışıq Sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən, Maraqlı şəxs hər ay uşağın xərclərinin qarşılanması üçün 200 manat ödəniş etməyə öz öhdəsinə götürür. Tərəflər arasında qeyd edilən şərtlərlə barışıq sazişinin imzalanmasına baxmayaraq, Maraqlı şəxs sazişdə göstərilən öhdəliyi bu günədək icra etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs hazırda qətnamə üzrə aliment ödədiyini, əlavə olaraq 200 manat ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Bakı şəhəri 20 saylı Mediasiya Təşkilatında 13 fevral 2024-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, Maraqlı şəxs hər ay uşağın xərclərinin qarşılanması üçün 200 manat ödəniş etməyi öz öhdəsinə götürür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli Qətnaməsindən görünür ki, tərəflərin arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş 14 aprel 2023-cü il təvəllüdlü X2 anası Ərizəçi yanında saxlanılması, azyaşlının yetkinlik yaşına çatanadək tutulmalı olan, Barışıq Sazişi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilərək 235 manat sabit pul məbləğində alimentin təyin edilməsi və qətnamə qanuni qüvvəyə mindikdən sonra tutulması qət edilmişdir. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən vaxtında könüllü qaydada icra edilməmişdir. Yuxarıda sadalanan qanunvericilik müddəalarından aydın olur ki, barışıq sazişi üçün 10 gün könüllü icra müddəti müəyyən edilmişdir. Maraqlı şəxs isə ödənişlər etməmiş, könüllü icra müddətini pozmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi haqlı olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə maraqlı şəxsin izahatının dəlillərinə münasibət bildirərək qeyd edir ki, məhkəmə qətnaməsi ilə barışıq sazişi ilə tutulan alimentin məbləğinin dəyişdirilərək, 235 manat məbləğində alimentin qətnamə qanuni qüvvəyə minəndən sonra tutulması nəzərdə tutulmuşdur. Ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi isə barışıq sazişi ilə tutulmalı olan 200 manat məbləğində alimentin məhz məhkəmə qətnaməsinin qanuni qüvvəyə minənədək olan dövr üçün tutulmasını təmin etməkdir. Belə ki, izahatlardan da aydın olur ki, həmin müddətdə tərəflər ayrı yaşayaraq birgə təsərrüfat idarə etməmişlər. Maraqlı şəxs barışıq sazişini könüllü şəkildə imzalayaraq öz üzərinə öhdəlik götürmüş, lakin öhdəliyi könüllü şəkildə icra etməmişdir. Məhkəmə onu da qeyd edir ki, maraqlı şəxsdən həm barışıq sazişi, həm qətnamə üzrə eyni müddət üçün alimentin tutulması mümkün deyil və bu məsələ icra mərhələsində həll edilməli olan məsələdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan 13 fevral 2024-cü il tarixli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış 13 fevral 2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 20 saylı Mediasiya Təşkilatında bağlanmış 13 fevral 2024-cü il tarixli barışıq sazişi məcburi icra məqsədilə aşağıdakı hissədə təsdiq edilsin: Maraqlı şəxs hər ay uşağın xərclərinin qarşılanması üçün 200 manat ödəniş etməyi öz öhdəsinə götürür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar