Məhkəmə qərarları › İş №2(005)-4591/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4591/2021

14.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4591/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, milliyyətcə azərbaycanlı olan, 12 sentyabr 1960-cı il tarixdə Azərbaycan Respublikasının Qubadlı rayonunun Mollu kəndində doğulmuş X1 01 sentyabr 2021-ci ildə Bakı şəhərində ürək çatışmamazlığından ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X4 01.09.2021-ci il tarixində yaşadığı ünvan 1 ünvanında ürək çatışmazlığından vəfat etmişdir. Belə ki, bir müddət idi, onun qan təyziqi ilə bağlı problemi var idi. 01 sentyabr tarixində 04 radələrində onun vəziyyəti pisləşdi və dünyasını dəyişdi. Ərizəçi təcili tibbi yardımı çağırıb və onlar mərhumun öldüyünü təsdiqləyiblər. Ölüm haqqında şəhadətnamənin alınması üçün, eləcə də. müxtəlif sənədləşdirmə işlərinin həyata keçirilməsi üçün ölüm faktının müəyyən edilməsi vacibdir. Ərizəçi ölüm faktının qeydə alınması və ölüm haqqında şəhadətnaməsini almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, onlar 09.09.2021 -ci il tarixli 197 nömrəli cavab məktubu ilə ölüm faktını təsdiq edən tibbi həkim şəhadətnamə olmadığı üçün ölüm faktının müəyyən edilməsinin yalnız məhkəmə tərəfindən müəyyən edildiyini bildiriblər. Buna görə də Məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. BŞT və TTYS-nin 20 saylı Bölməsi tərəfindən verilmiş Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ərizəçinin atası X4 01.09.2021 -ci il tarixində vəfat etmişdir. Ərizəyə əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB tərəfindən verilmiş arayışa əsasən X4 01.09.2021-ci il tarixində vəfat etmiş və Sumqayıt Şəhər qəbirstanlığında dəfn edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X4, həqiqiətən də, ərizəçinin atası olmuşdur. Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır və 116 saylı MKİS tərəfindən təqdim edilmiş arayışa əsasən, həmin ünvanda yaşayır. O, başqa qaydada ölüm haqqında şəhadətnaməni ala bilmədiyimdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsi ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 bildirmişdir ki, mərhum onun qaynatasıdır. Qaynatasının qan təyziqi ilə bağlı problemi var idi. 01 sentyabr 2021-ci il tarixində ürək çatışmamazlığından rəhmətə getmişdir. Sumqayıt şəhərində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid X6 ərizəçinin onun nişanlısı olduğunu qeyd etmiş, o, şahid X2 ifadəsinə uyğun ifadə verərək göstərdiklərini təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında Bakı şəhəri Maraqlı şəxs 09 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyası 20 saylı Bölməsi tərəfindən verilmiş arayışından görünür ki, 01 sentyabr 2021-ci il tarixdə, saat 04:20-də X1 adına olan çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsinin 10 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, X4 01 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 30 oktyabr 1990-cı il tarixdə verilmiş, XİV-ЖГ 434317 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 sentyabr 1960-cı ildə Qubadlı rayonunun Mollu kəndində anadan olmuş, bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyatı kitabında 30 oktyabr 1990-cı il tarixində 2153 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan fotoşəkildən görünür ki, X4 dəfn edilmiş və onun qəbirüstü abidəsi mövcuddur. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X4 01 sentyabr 2021-ci ildə Bakı şəhərində vəfat etmiş və 01 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi atası X1 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X1 01 sentyabr 2021-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 01 sentyabr 2021-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar