Məhkəmə qərarları › İş №2(005)-4612/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4612/2022

23.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4612/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunun Daşkənd kəndində anadan olmuşdur. X1 onun anası idi. O, 1947-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunun Daşkənd kəndində anadan olmuşdur. X2 ürək xəstəliyindən əziyyət çəkirdi. Uzun müddət müalicələr almışdır. xx.xx.2022-ci tarixdə həmin xəstəlikdən Bakı şəhərində vəfat etmiş və onu Abşeron rayonu Mehdiabad kənd qəbirstanlığında dəfn etmişlər. Həkim arayışı olmadığına görə anasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölümün təsdiq edən sənədin olmaması səbəbindən, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Ərizəçi xx.xx.2022-ci il tarixdə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X7 ifadəsində bildirmişdir ki, o ərizəçinin bacısı, mərhumun qızıdır. X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X6 ifadəsində bildirmişdir ki, o ərizənin yoldaşı, mərhumun kürəkənidir. xx.xx.2022-ci il tarixdə X4 vəziyyəti pisləşmiş və təcili yardım çağırmışlar. X3 vəfat etdikdən sonra məlumatsız olmaları səbəbindən lazımi sənədləri vaxtında əldə etməmişlər. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Təcili və təxirə salınmaz tibbi yardım stansiyasının “Ölüm haqqında Xəbərdarlıq” vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 09:05- X4 adına çağırış olmuş, həkimə qədər ölüm, qadın cinsli meyid aşkar edilmişdir. Qəbirüstü abidənin fotoşəklindən görünür ki, X5 xx.xx.1947-ci il tarixdə doğulmuş və xx.xx.2022-ci il tarixdə ölmüşdür. Nərimanov rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 223 nömrəli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsi mümkün deyildir. Abşeron Rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 97 nömrəli arayışdan müəyyən olunur ki, X5 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Mehdiabad ərazisindəki qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 1947-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə ölüb. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara 1947-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1947-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar