Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-467/2022 07.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASCnin 23.08 2021-ci il tarixli əmrin ləğv edilməsi, "xxxx" ASC- nin Nərimanov rayon Su-Kanal İdarəsində Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinə elektrik qaz qaynaqçısı vəzifəsinə bərpa edilməyi, mənəvi ziyanın ödənilməsi və 50 manat məbləğində mediasiya xərcinin geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkündür, himayəsində əlil qardaşı və ehtiyac içərisində yaşayan ailə üzvləri var. 11.02.2013-cü il tarixdə ''Azərsu" ASC-nin Nərimanov rayon Su-Kanal İdarəsində Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinə müsahibə əsasında elektrik qaz qaynaqçısı vəzifəsində qəbul edilmişdir. İşlədiyi müddətdə işinə vicdanla yanaşmış, əmək intizamına ciddi riayət etmiş, vəzifəsin öhdəsindən layiqincə gəlmişdir. Təxminən dörd ay bundan əvvəl ərazidə baş verən qəza ilə bağlı mühəndis onu vəzifə səlahiyyətinə aid olmayan fəhlə işinə cəlb etmişdir. Xəstə olduğundan qazıntı işlərini yerinə yetirə bilməyəcəyini onun diqqətinə çatdırdıqda, idarənin mühəndisi Ramiz Əliyev onu işdən azad edəcəyi barədə xəbərdarlıq etmişdir. Əmrlə elektrik qaynaqçı vəzifəsində işlədiyini, qazıntı işlərinin fəhlələrə aid iş olduğunu mühəndisin nəzərinə çatdırdıqdan sonra, idarədə təzyiqlərə məruz qalmışdır. Barəsində qəza xidmətinin rəisi tərəfindən "xxxx" ASC-nə təqdimat verilmişdir. Təqdimatda yer qazılması və kəsimə getmədiyinə görə qanunvericiliyinə əsasən cəzalandırılmağı barədə təklif nəzərdə tutulurdu. Bundan sonra onu Cəmiyyətin hüquq şöbəsinə dəvət edib, bu məsələ ilə bağlı izahat tələb etmişdilər. İzahat yazaraq bildirmişdir ki, təqdimatda yer qazılması və kəsim işi elektrik qaz qaynaqçısının vəzifə səlahiyyətinə aid deyil və əmək müqaviləsində elektrik qaz qaynaqçısının qazıntı və kəsim işlərinin görülməsi nəzərdə tutulmamış və təqdimatda nəzərdə tutulanlar tam qanunsuz və əsassızdır. Artan təzyiqlərimi qarşısında məcbur olub Əmək Müfəttişliyinə şifahi qaydada müraciət etmişdir. Lakin sonradan ona bildirilmişdir ki, məsələ rəhbərlik tərəfindən müsbət həll edildiyindən, işini davam etdirə bilər. 28.07.2021-ci il tarixdə "Azərsu” ASC-nin 212 nömrəli 20.04.2021ci il tarixli əmrinə əsasən, Nərimanov rayon Sukanal İdarəsinin 69 nömrəli 12.07.2021-ci il tarixli əmri ilə ştat cədvəlinə edilmiş dəyişikiliklərə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin 12.07.2021-ci il tarixdən ixtisara düşməsinə dair məskunlaşdığı ünvana xəbərdarlıq məktubu göndərilmişdir. 23.08.2021-ci il tarixli əmrlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Ştatların ixtisar edilməsi ilə bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələbləri kobudcasına pozulduğundan, Nərimanov rayon Sukanal idarəsinin 69 nömrəli 12.07.2021-ci il tarixli əmri qanunsuz və əsassız hesab edildiyindən ləğv edilməlidir. O, 1993-cii ildən Zəngilan rayonundan məcburi köçkündür, himayəsində əlil qardaşı və ailə heç bir yerdə işləməyən 8 nəfər ailə üzvü var. Əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 78-ci maddəsinə istinad edərkən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kimi hallan nəzərə almamış, əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişlər. Həmçinin işlədiyi idarədə 5 nəfər elektrik qaz qaynaqçısı olduğu halda, yalnız onu ştat vahidinin ixtisarı ilə bağlı qanunsuz olaraq vəzifədən azad etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin məcburi iş buraxma müddəti üçün və işə bərpa edilən günədək əmək haqqının ödənilməsi məsələsinədə münasibət bildirilməsini xahiş etdi. Məhkəmə iclasında "Azərsu” ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı məcburi köçkün vəsiqəsi təqdim etmədiyindən onu məcburi köçkün statuslu işçi kimi sayılmamışdır. Həmçinin Nərimanov rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin tərkibində yaradılmış Təmir-tikinti qrupunda vahid 5-ci dərəcəli elektrik qaz qaynaqçısı ştatı boş saxlandığından İddiaçı həmin ştata götürməyə etiraz etmədiklərini qeyd etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; İddiaçı ünvanlanmış ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqdan görünür ki, "Azərsu” ASC-nin 212 nömrəli, 20.04.2021-ci il tarixli əmri və Nərimanov rayon Sukanal İdarəsinin 69 nömrəli, 12.07.2021-ci il tarixli əmrinə əsasən ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən onun tutduğu vəzifə üzrə ştat vahidi 12.07.2021-ci il tarixdən ixtisara düşmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 6 təqvim həftəsindən sonra ləğv ediləcəyi bildirilmişdir. 23.08.2021-ci il tarixli, 42-K nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrin surətindən görünür ki, İddiaçı – Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin elektrik qaz qaynaqçısı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə 23.08.2021-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, Dadaşov X3 rayonundan gəlmiş məcburi köçkündür. Zəngilan rayon İHB-nın Ördəkli kənd inzibati ərazisi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, İddiaçı hazırda məcburi köçkün kimi ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. 06.11.2021-ci il tarixli İlkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsi Bakı şəhəri, Binəqədi rayonu sektorunun 10.12.2021-ci il tarixli, 6655 saylı arayışından görünür ki, Dadaşov X3 rayonundan gəlmiş məcburi köçkündür. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında tərəflərin izahatları və təqdim edilən sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı 11.02.2013-cü il tarixdə əmək müqaviləsi ilə Cavabdeh ASC-də əmək fəaliyyətinə başlamışdır. Fəaliyyət göstərdiyi müddət ərzində fəaliyyətində hər hansı nöqsan aşkar edilməmiş, işçilərlə arasında heç bir narazıçılıq olmamış, əmək müqaviləsi üzrə öhdəliklərini vaxtında və düzgün yerinə yetirməməsi barədə cavabdeh tərəfin sübut təqdim edilməmişdir. 23.08.2021-ci il tarixli, 42-K nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrə əsasən İddiaçı – Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin elektrik qaz qaynaqçısı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə 23.08.2021-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. Hazırda iddiaçı qeyd olunan əmrin qanunsuz olduğunu qeyd edərək, ləğv olunaraq işə bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddənin “Ç” bəndinə görə b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Məhkəmə yuxarıda sadalananlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndində qeyd olunan əsaslarla əmək müqaviləsinə xitam verən zaman həmin Məcəllənin 78 maddəsində qeyd olunan şəxslərin işdə saxlanmasına üstünlük imtiyazını nəzərə almamışdır. Cavabdeh iddiaçı tərəfindən məcburi köçkün vəsiqəsi təqdim edilmədiyindən həmin statuslu işçi kimi nəzərə alınmadığını qeyd etsə də, lakin iddiaçı tərəfindən müxtəlif dövlət müəssisələrindən təqdim edilmiş arayışlarda qeyd edilmişdir ki, Zəngilan rayonundan gəlmiş məcburi köçkündir. Həmin arayışlar onun məcburi köçkün statusunda olmasını sübut etmiş, lakin cavabdeh cəmiyyət tərəfindən bu hal nəzərə alınmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh işəgötürən Cavabdeh ASC İddiaçı ilə əmək müqaviləsinə xitam verərkən, Əmək Məcəlləsinin tələblərinə əməl etməyərək, əmək qanunvericiliyinin tələblərini pozduğundan və iddiaçının iddia tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 300-cü maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçının işdən azad olunması ilə bağlı fiziki və mənəvi sarsıntılar keçirməsini təsdiq edən sübutlar təqdim etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı deyildir və təmin edilməməlidir. Məhkəmə yuxarıda sadalanan maddi və prossesual hüquq normalarının tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh ASC-nin Nərimanov rayon Sukanal İdarəsinin 23.08.2021-ci il tarixli, 42-K saylı əmri ləğv edilməli və İddiaçı əvvəlki işinə bərpa edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün və işə bərpa edilən günədək əmək orta haqqı ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya xidməti üçün ödədiyi 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-nin Nərimanov rayon Sukanal İdarəsinin 23.08.2021-ci il tarixli, 42-K saylı əmri ləğv edilsin və İddiaçı əvvəlki işinə bərpa edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün və işə bərpa edilən günədək orta əmək haqqı ödənilsin. İddiaçı tərəfindən mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya xidməti üçün ödədiyi 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim Kəmalə Əmirxanova