Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4700/2024 18.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü anası X2 (Zeinalova Oxananın) xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X6 xx.xx.2024-cü il tarixdə yaşadığı mənzildə səhhəti kəskin formada ağırlaşmış, təcili yardım çağırılmış, lakin X9 briqadası evə gələnə qədər anası dünyasını dəyişmişdir. Onun vəfatı onun üçün ağır bir itki olmuş, dəfn mərasimindən sonra o, uzun müddət stress içində yaşamışdır və bu səbəbdən anasının vəfatı ilə əlaqədar müvafiq qeydlərin aparılması üçün Qeydiyyat şöbəsinə müraciət etməmişdir və ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Sonradan ölüm haqqında şəhadətnamənin alınması üçün 4 saylı şəhər Poliklinikasına və Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir, lakin ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, anası onkoloji xəstə idi, müalicələr alırdı. Nizami rayonunda dəfn edilmişdir. Bakı şəhərində yerləşən evində rəhmətə getmişdir. Ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləyə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Nərimanov rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi babasının ölüm faktının müəyyən edilməsindən asılı ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - MYİ seriyalı, ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Zeinalova Oxana xx.xx.1979-cu il tarixdə Qazaxıstan Respublikasında anadan olmuşdur. Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2024-cü il tarxindən xx.xx.2026-cı il tarixinədək Azərbycan Respublikasında yaşamağa icazə verilmişdir; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. X1, anası X3; - Təcili və təxirəsalınmaz tibbi yarım stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Zeynalova Oxana barəsində xx.xx.2024-cü il tarixdə həkimə qədər ölüm qeyd edilmişdir; - 4 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında vəfat edən vətəndaş Zeinalova Oxana Bakı şəhəri, Nərimanov rayonu, 4 nömrəli şəhər poliklinikasında xəstəliyi ilə əlaqədar tibbi qeydiyyatda olmadığından 4 nömrəli şəhər poliklinikası tərəfindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Rashoev Kaimaz bildirmişdir ki, ərizəçi ilə xx.xx.2024-cü il tarixdən rəsmi nikahdadırlar. Ərizəçinin anası 8 il idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Evində rəhmətə getmişdir. Həmin vaxt yanında br tanışı var idi. Sonra onlara zəng gəldi və onlar həmin evə getdilər. Artıq həkim gəlibgetmişdi. 8-ci kilometr qəbirstanlığında dəfn olunub. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum X6 ərizəçinin anası olmuşdur. X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X6 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 445.0.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə, barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa baxırlar. Mülki Prosessual Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1979-cu il təvəllüdlü X2 (Zeinalova Oxananın) xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X2 (Zeinalova Oxananın) xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4700/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4700/2024
18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver