Məhkəmə qərarları › İş №2(005)-4786/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4786/2025

12.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4786/2025 12.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 05 mart 1973-ci il təvəllüdlü X5 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X9 onun doğma bacısıdır. Mərhum xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Lakin xx.xx.1991-ci il tarixdə 18 yaşında vəfat etmişdir. Vəfat etdikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Hazırda anası X1 qalmış miras əmlakı qəbul etmək üçün vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar notariat ofisinə müraciət edilmişdir. Lakin müraciətlə əlaqədar mərhum X5 adına ölüm haqqında akt qeydinin əldə edilməsi zərurəti yaranmışdır. Tərəfindən bacısı X5 ölüm faktının müəyyən edilməsi və bu barədə şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət edilmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 782-05/70 nömrəli arayışı ilə bacısı X5 vəfat etməsi faktının qeydə alınması ilə bağlı müraciətinə imtina verilmişdir. İmtina səbəbi olaraq bildirilmişdir ki, ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdıılmış qeydiyyat informasiya sistemi"nə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalar aparılmış lakin ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Göründüyü kimi mərhum X5 ölüm haqqında akt qeydinin əldə edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, X9 onun bacısıdır. 18 yaşında dünyasını dəyişmişdir. Bacısını evdə boğulmuş formada tapmışlar. Mərhum Mərdəkan ərazisində dəfn edilmişdir. Ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən həyat yoldaşının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qardaşı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi bacısının ölüm faktının müəyyən edilməsindən asılı ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X7, anası X2r; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki X9 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X7, anası X2r; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir; - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş X5 ölümü barəsində Suraxanı rayon Qeydiyyat şöbəsinin arxivində ölüm haqqında akt qeydi tapılmamışdır; - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Bakı Səhiyyə” X20 43 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X9 1991-ci ildə vəfat etdiyindən həmin dövrdən uzun müddət keçdiyi üçün ona ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün deyildir; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı “Asan Xidmət” X8 tərəfindən verilmiş arayışın surətindən görünür ki, Ərizəçi bacısı X6r; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, mərhum onun xalası qızıdır. Anası onu təcili evə çağırmışdı. Gələn zaman vəfat etdiyi məlum oldu. Münasibətləri çox yaxşı olmuşdur. Mərdəkanda dəfn olunmuşdur. Heç bir problemi olmayan bir insan idi. Ölümünə səbəbin nə olduğu dəqiq məlum olmamışdır; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, o Ərizəçilə qonşu olmuşdur. Mərhumu tanıyırdı. Boğulmuş vəziyyətdə görmüşdür. Polislər gəlmişdi. Dəfndə iştirak etmişdir. O zaman onun 9 yaşı olmuşdur. Mərdəkanda dəfn edilmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o ərizəçi ilə qonşu olmuşdur. Mərhumu tanıyırdı. Uşaqlıqdan bir-birlərini tanıyırdı. 1991-ci ildə ölmüşdür. Mərdəkanda dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. - Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum X9 ərizəçinin bacısı olmuşdur. X9 1991-ci ildə vəfat etmişdir. Mərdəkanda dəfn olunmuşdur. Ərizəçi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X5 ölümünün üzərindən uzun müddət keçdiyi səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1973-cü il təvəllüdlü X5 xx.xx.1991-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X5 xx.xx.1991-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar