Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4830/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquqi faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə aydın şəkildə tərtib edilməmişdir. Belə ki, ərizəçi tələb hissəsində tələbinin konkret nədən ibarət olduğu, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları dəqiq göstərməmişdir. Ərizəçi bir tərəfən şəxslərin ölüm haqqında şəhadətlərini əldə edə bilməməsini qeyd edir, digər tərəfdən tələb şəxsin vəfat etməsi faktının müəyyən edilməsi deyil, məhkəmə tərəfindən sorğu verilərək şəhadətnamələrin əldə edilməsidir ki, belə bir tələbə ümumiyyətlə məhkəmədə baxıla bilməz. Şəxslərin vəfat faktının müəyyən edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, ərizəçi ilkin olaraq Qeydiyyat şöbəsinin imtina məktubunu təqdim etməklə məhkəməyə müraciət edə bilər. Halbuki Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Eyni zamanda ərizəyə dövlət rüsumunu ödəməkdən azad olduğu təsdiqləyən sənəd də əlavə edilməyib. Belə olan halda məhkəmə dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməməsi səbəbindən ərizənin geri qaytarılması qərarına gəlir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsum ödənilir. Göründüyü kimi, hazırki tələb üzrə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə və qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizənin verilməsi zamanı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi oğlunun Maraqlı şəxs cəlb edilməklə hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyati üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4830/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4830/2025
27.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver