Məhkəmə qərarları › İş №2(005)-4989/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4989/2025

12.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4989/2025 12.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 maraqlı şəxs qismində Maraqlı şəxs MMC göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X3 (Maraqlı şəxs MMC maraqlı şəxs qismində göstərilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində onunla Maraqlı şəxs MMC arasında bağlanmış MŞB/11/2025-00987 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilərək ona 8532,99 manat ödənilməsi; hazırki ərizənin verilməsinə görə ödənilmiş 105,73 manat dövlət rüsumunun və ödənilmiş 360 manat məbləğində mediasiya xərcinin də Maraqlı şəxs MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdən Maraqlı şəxs MMCdə “smeta mühəndisi” kimi işləməyə başlamışdır. İşlədiyi müddətdə əmək haqqı ilk vaxtlar vaxtında ödənilməsinə baxmayaraq bir müddət sonra gecikdirilməyə başlanmışdır. Vəziyyət o həddə çatdı ki, hətta artıq əmək haqqı 2025-ci ilin yanvar ayından etibarən ödənilməməyə başladı. Bununla bağlı müraciət etdikdə isə hər dəfə müxtəlif bəhanələr gətirirdilər. Əmək haqqı ödənilmədən xx.xx.2025-ci il tarixə kimi işləyə bilmişdir. Sonda öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanlarla bağlı Maraqlı şəxs MMC aralarında MŞB/11/2025-00987 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmış, Maraqlı şəxs MMC ödənilməmiş son haqq-hesab olaraq 8532,99 manat məbləğində pulun ona “hissəli şəkildə” ödənilməsinə razılaşmışdır. Öhdəliyin icra müddəti üçün 4 ay müəyyən edilmişdir (xx.xx.2025-ci il). Lakin bugünə kimi Maraqlı şəxs MMC tərəfindən ödənişin “hissəli” qaydada olsa da, heç bir vəsait ödənişi həyata keçirilməmiş və əlaqə saxlamaq mümkün deyildir. Məhkəmə iclasında iştirak edən ərizəçi X3 ərizədə qeyd edilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Həmin Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” X3 ilə “ikinci tərəf” Maraqlı şəxs MMC arasında Bakı 11 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00987 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: - Tərəflər bəyan etdilər ki, əmək münasibətləri zamanı aralarında yaranan mübahisəni barışıq yolu ilə həll etsinlər; - “ikinci tərəf” Maraqlı şəxs MMC öhdəlik götürdü ki, əmək münasibətləri müddətində “birinci tərəf” X2 əmək haqqı borcundan və son haqq-hesabdan yaranmış 8532,99 manat məbləği xx.xx.2025-ci il tarixi son gün olmaqla “birinci tərəf” X1 əmək haqqı bank hesabına hissəli şəkildə ödəyəcəkdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, X3 105,73 manat məbləğində dövlət rüsumu və 360 manat məbləğində mediasiya xərci ödəmişdir. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində X3 ilə Maraqlı şəxs MMC arasında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs MMC tərəfindən könüllü qaydada icra edilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan Bakı 11 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00987 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməli, X3 ilə Maraqlı şəxs MMC arasında Bakı 11 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00987 nömrəli barışıq sazişi: - Tərəflər bəyan etdilər ki, əmək münasibətləri zamanı aralarında yaranan mübahisəni barışıq yolu ilə həll etsinlər; - “ikinci tərəf” Maraqlı şəxs MMC öhdəlik götürdü ki, əmək münasibətləri müddətində “birinci tərəf” X2 əmək haqqı borcundan və son haqq-hesabdan yaranmış 8532,99 manat məbləği xx.xx.2025-ci il tarixi son gün olmaqla “birinci tərəf” X1 əmək haqqı bank hesabına hissəli şəkildə ödəyəcəkdir kimi təsdiq edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş rüsumlar ilə əlaqədar edir ki, X3 mediasiya xərci olaraq 360 manat pulun MMC-dən tutulmasını xahiş etsə də, lakin 300 manat ödəniş qəbzini məhkəməyə təqdim etmiş, qalan 60 manat vəsaitin ödənişi ilə əlaqədar hər hansı sübut təqdim etməmişdir. Bundan başqa ərizədə dövlət rüsumu kimi ödənilmiş 105,73 manat vəsaitin MMC-dən tutulmasını xahiş etsə də, məhkəmə qeyd edir ki, qanunvericilik ilə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat vəsaitin ödənilməsi nəzərdə tutulduğundan, ərizə 100 manat hissədə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X3 ilə Maraqlı şəxs MMC arasında Bakı 11 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00987 nömrəli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilsin: - Tərəflər bəyan etdilər ki, əmək münasibətləri zamanı aralarında yaranan mübahisəni barışıq yolu ilə həll etsinlər; - “ikinci tərəf” Maraqlı şəxs MMC öhdəlik götürdü ki, əmək münasibətləri müddətində “birinci tərəf” X2 əmək haqqı borcundan və son haqq-hesabdan yaranmış 8532,99 manat məbləği xx.xx.2025-ci il tarixi son gün olmaqla “birinci tərəf” X1 əmək haqqı bank hesabına hissəli şəkildə ödəyəcəkdir. Mediasiya xərci kimi ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Maraqlı şəxs MMC-dən tutularaq ərizəçi X2 ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar