Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5143/2025 04.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi 7 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə (açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; ölüm faktı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi 7 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 adına xx.xx.2024-cü il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X1 rayonunda qeydiyyatda olsa da, faktiki olaraq ərizəçi Binəqədi rayonu Goradil kəndində yaşayırdı. xx.xx.2024- cü il tarixdə anam faktiki yaşadığı Goradil kəndində rəhmətə getmişdir. Buna dair BŞT və TTYS-nın 16 saylı Bölməsi tərəfindən Təcili və X5 Stansiyası tərəfindən xx.xx.2024-cü il tarixdə Ölüm haqqında Xəbərdarlıq vərəqəsi verilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması üçün Tibbi şəhadətnamənin verilməsi üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına dəfələrlə müraciət etsə də, mərhumun Binəqədi rayonu, Goradil kəndində faktiki yaşadığı ünvanda rəhmətə getdiyini səbəb göstərərək, qeydiyyatda olduğu ünvanda yaşamadığını və Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olmadığını bəhanə edərək tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Məcbur olub rəsmi ərizə ilə xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə müraciət etsə də, bu günədək rəsmi cavab verilməmişdir. Daha sonra ərizəçi tərəfindən 7 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində Qeydiyyat şöbəsinə müraciət edildi, lakin xx.xx.2025-ci il tarixli məktubla imtina olunmuşdr. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs 7 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini qeyd edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-11-492-2025 saylı cavab məktubundan görünür ki, X2 ölümünü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. -Abşeron rayon Fatmayı Bələdiyyəsinin xx.xx.2026-cı il tarixli 28 saylı arayışından görünür ki, X3 xx.xx.2024-cü il tarixində vəfat edib və Görədil kənd qəbiristanlığında dəfn edilmişdir; -Təcili və X7 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə şağırış əsasında xəstə 82 yaşlı X2 yanına gedilmiş, lakin onun həkimə qədər ölümü baş vermişdir. -İş üzrə şahid qismində dindirilmiş xx.xx.1966-cı il təvəllüdlü X11 verdiyi ifadəsində göstərmişdir ki, Zərifə xanım onun baldızının qaynanası olub, Ərizəçi onun yeznəsidir. 2024-cü ilin avqust ayında, Görədil bağında rəhmətə getmişdir. Mərhum xəstə idi, yaşı çox idi. Yas mərasimində iştirak etmişdir. Mərhum Fatmayı kənd qəbristanlığında dəfn edilmişdir. - İş üzrə şahid qismində dindirilmiş xx.xx.1967-ci il təvəllüdlü X9 verdiyi ifadəsində göstərmişdir ki, Zərifə xanım bacısının qaynanası olub. 2024-cü ildə 82 yaşında rəhmətə getmişdir. Mərhum yıxılmışdı, yıxılandan sonra vəziyyəti pisləşmişdir. Tibb işçisi olduğu üçün mərhuma qulluq etmişdir. Öldükdən sonra Gərədil kəndində dəfn edilmişdir. Yas mərasimlərində iştirak edibdir. -İş üzrə şahid qismində dindirilmiş xx.xx.1971-ci il təvəllüdlü X4 verdiyi ifadəsində göstərmişdir ki, mərhum onun qaynanası olub. xx.xx.2024-cü ildə rəhmətə getmişdir. Mərhum Görədil kənd qəbiristanlığında dəfn edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in: - 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Təqdim edilmiş ərizədə X2 xx.xx.2024-cü il tarixində vəfat etməsi faktının müəyyən edilməsi xahiş olunmuşdur. Qeyd olunan ərizədə göstərilən halların qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılması zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın: - 8.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. - 8.3-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. - 8.4-cü maddəsinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. - 8.6-cı maddəsinə əsasən ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. - 8.7-ci maddəsinə əsasən Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə 7 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şahidlər – xx.xx.1966-cı il təvəllüdlü X11, xx.xx.1967-ci il təvəllüdlü X9, xx.xx.1971-ci il təvəllüdlü X4 məhkəmə iclasına dəvət olunmuş və dinlənilmişdirlər. Onlar ifadələrində mərhum X2 xəstə olduğunu, xx.xx.2024-cü ildə evdə vəfat etdiyini və Görədil kənd qəbiristanlığından dəfn edildiyini bildirmişdirlər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi mərhumun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, X2 xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Fatmayı kəndində vəfat etməsi şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın: 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları imperativ tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.1942-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində Abşeron rayonunda vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1942-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində Abşeron rayonunda vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-5143/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5143/2025
04.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver