Məhkəmə qərarları › İş №2(005)-515/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-515/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-515/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X3, İddiaçı vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X8 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliyinin təmin edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliyinin təmin edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onunla bağladığı xx xxxxx 2019-cu il tarixli, K038 nömrəli müqavilə üzrə öhdəliyin icrasının təmin olunması və cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixdən indiyədək ödənilməyən mənzil kirayə haqqının onun kart hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 onunla bağladığı xx xxxxx 2019-cu il tarixli, K038 nömrəli müqavilənin şərtlərini pozaraq, sökülmüş yaşayış sahəsinə görə artıq 8 (səkkiz) ay müddətində aylıq kirayə haqqını ödəməkdən boyun qaçırdığına və bağladıqları müqaviləni birtərəfli qaydada ləğv edəcəyini bildirdiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilməlidir ki, o Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həyat yoldaşından boşandıqdan sonra, himayəsində olan azyaşlı qızı X5 ilə birlikdə iş tapmaq üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhəri Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin X15 sahəsində xadimə kimi işə düzəlmiş və xx xxxxxxx 2019-cu il tarixə kimi orada işləmişdir. Hazirda isə Bakı şəhəri, Nərimanov rayonu ərazisində eyni adlı parkda xadimə işləyir. Bir müddət qohumların köməkliyi ilə kirayələrdə qalmış, daha sonra Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının köməkliyi ilə topladığı müəyyən vəsaiti məcburi köçkün ailəsinə ödəyərək, Bakı şəhəri, Nərimanov rayonu, 38 saylı Mənzil Kommunal İstismar Sahəsinin ərazisində yerləşən V.Mayakovski küçəsi 8/9 ünvanındakı yataqxananın 5-ci mərtəbəsində yerləşən 1 otaqlı mənzilində məskunlaşmaqla, 2006-cı ildən həmin yataqxana sökülənədək (qəzalı vəziyyətə düşdüyü üçün) həmin mənzildə yaşamışlar. Bakı şəhəri Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 38 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli və 251581 nömrəli, xx xxxx 2020-ci il tarixli və 258309 nömrəli arayışlar, həmin Mənzil Kommunal İstismar Sahəsinin təsdiq etdiyi mənzilin plan-sxemi, “Azəriqaz” İstehsalat Birliyinin otaqdakı qaz avadanlığına texniki baxış keçirilməsi haqqında xx xxxxxxx 2011-ci il tarixli, xx xxx 2012-ci il tarixli aktları, ******* nömrəli baxış aktı, qazın alqı-satqısı barədə xx xxx 2012-ci il tarixli müqavilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsdiq etdiyi razılaşma protokolu, suya görə ödədiyi hesab faktura qəbzləri, bir otaqlı mənzildə onun adına olan ***-**-** nömrəli telefona görə ödədiyi hesab qəbzləri yazdıqlarını və həmin yataqxananın 72 nömrəli mənzilinə (otağa) istifadə və sahiblik hüquqlarını bir daha təsdiq edir. Xidməti mənzilə sahiblik hüququ Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı işçiləri həmkarlar ittifaqının üzvü olmağı ilə və bu barədə ona verilmiş 003907 nömrəli üzvlük bileti ilə də təsdiq olunur. Bu faktı onun qonşuluğunda həmin yataqxanada yaşayıb və qeydiyyatda olmuş qonşuları X11, X9 və X6 notariat qaydasında təsdiq etdikləri ərizə ilə rəsmi qaydada təsdiq etmişlər. Həmin təsdiq edilmiş ərizələrdən də göründüyü kimi 2006-cı ildən sökülənədək Mavakovski küçəsi 8/9 ünvanda yerləşən yataqxananın sahəsi 13 kv.metr olan bir otağında yaşamışdır. Lakin, onun qızı ilə yaşadığı V.Mavakovski küçəsi 8/9 ünvanındakı yataqxana qəzalı vəziyyətə düşdüyü üçün həmin ərazi yaşadığı yataqxana da daxil olmaqla, orada yaşayan sakinlərə yeni tikiləcək binalarda mənzil verilməsi şərti ilə sökülüb yenidən çoxmərtəbəli yaşayış binalarının tikilməsi üçün Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə Cavabdehnə verilmişdir. Yataqxana və tutduğu ərazi yeni yaşayış binasının tikintisi üçün həmin Məhdud Məsuliyyətli Cəmiyyətə verildikdən sonra qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən onunla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nadir Abdullayev arasında xx xxxxx 2019-cu il tarixli, K038 nömrəli müqavilə bağlanmış və müqavilə əsasında ikitərəfli qaydada öhdəlik götürülmüşdür ki, ona məxsus sahəsi 13,5 kv.metr olan (müqavilədə nədənsə mənzilin sahəsi 12,92 kv.metr göstərilmişdir) yaşayış sahəsi Cavabdeh tərəfindən söküldükdən sonra onun əvəzində 30 kv.metr tam təmirli mənzil ona təhvil veriləcəkdir. Yeni tikiləcək yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işləri 18 (on səkkiz) ay müddətində başa çatdırılmalı, tam təmirli mənzil təhvil verilənə qədər isə 1 (bir) otaqlı mənzil üçün aylıq 300 (üç yüz) manat məbləğində kirayə haqqı ödənilməlidir. Müqavilə şirkətin direktorunun imzası və Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq edilməsinə baxmayaraq, həmin müqavilənin 2.1.2-ci bəndinin tələbləri şirkət tərəfindən pozulmuş və xx xxxx 2020-ci il tarixdən nəzərdə tutulmuş 300 (üç yüz) manat məbləğində kirayə haqqı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialında adına açılmış hesaba yüklənmir. Səbəbini soruşduqda ona bildirilmişdir ki, istifadəsində olmuş yataqxananın 1 otaqlı mənzilinə mülkiyyət hüququnu təsdiq edən çıxarış vermədiyinə görə kirayə haqqının ödənilməsi dayandırılmışdır və müqavilə bağlanmasına baxmayaraq ona 1 (bir) otaqlı mənzil də verilməyəcəkdir. Lakin müqavilə bağlanan vaxt ondan mülkiyyət hüququnu təsdiq edən çıxarış tələb olunmamışdır. Həmçinin, müqavilə bağlanan vaxt yataqxana qəzalı vəziyyətdə olduğundan yataqxana otaqlarına reyestrdən çıxarış verilməsi qanunvericiliklə ziddiyyət təşkil edirdi. İkitərəfli müqavilənin 10 (on) aydan sonra birtərəfli qaydada icrasının dayandırılması yolverilməzdir. Belə bir hərəkət nə qanuna, nə də ki, insanlığa uyğun gəlmir. Bunun bir adı var, o da ki, cinayət qanunvericiliyinə əsasən özbaşınalıq və dələduzluqdur. Bu nə cür məntiqdir ki, cavabdeh şəxs onun faktiki istifadəsində olan yaşayış sahəsini ikitərəfli müqavilə əsasında etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmiş, sökmüş və hündürmərtəbəli yaşayış binası tikərək küllü müqdarda gəlir əldə etmiş, müqavilə bağladığı şəxsləri isə mənzildən məhrum edərək taleyin ümidinə buraxmışdır. Bu nə insanlığa, nə də ədalətə sığmır. Bu əməl isə cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət əməli olub qanunla cəzalandırılır. Cavabdeh direktorunun qanunsuz hərəkətlərindən Bakı şəhəri Hərimanov Rayon İcra Hakimiyyətinin Başçısı cənab Abdin Fərzəliyevə şikayət etmiş, lakin onun da müvafiq vədləri bir nəticə verməmişdir. Koronavirusun tüğyan etdiyi bir vaxtda kirayə haqqının cavabdeh şirkət tərəfindən ödənilməməsi onlara ikiqat zərbədir. Artıq 10 (on) aydır ki, “X25” klinikasında tibb bacısı vəzifəsində işləyən qızı X3 aldığı maaşı ancaq kirayəyə ödəyirlər, qohumların etdiyi yardımlar hesabına yaşayırlar. Cavabdeh direktorunun etdiyi bu qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Mülki və Mənzil məcəlləsinin tələblərinə ziddir. Onları isə qanuna hörmət etməyə, qanunların icrasını təmin etməyə yalnız məhkəmə qərarı ilə məcbur etmək olar. Əslində o Bakı şəhəri Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin tabeçiliyində olan təşkilatlarda uzun illər ərzində xadimə işlədiyinə görə, 2006-cı ildən məcburi köçkün X1 qeyri-rəsmi yolla aldığı yataqxananın 1 otaqlı mənzilində həmin yataqxana sökülənədək qızı birlikdə faktiki yaşayaraq sahiblik hüququ əldə etmişdilər. İndi ona Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentində qəbulda olarkən bildirdilər ki, əgər o ərizə ilə departamentə yataqxana sökülməmişdən əvvəl müraciət etsəydi, yaşadığı həmin bir otaqlı mənzil onun adına istifadə hüququ ilə rəsmiləşdirilə bilərdi. Analoji bir faktı məhkəmənin nəzərinə çatdırmaq yerinə düşərdi ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən X17 adına kombinatın yataqxanası qəzalı vəziyyətə düşdüyündən söküldü və orada qeydiyyatı olmayıb faktiki yaşayan ailələr və hətta məcburi köçkünlərin də hər birinə dövlət büdcəsindən 45.000 (qırx beş min) manat məbləğində kompensasiya ödənilməklə köçürüldülər. Bildirdiyi odur ki, bu şirkət ortaya çıxmasaydı dövlət özü onlara ya mənzil verəcək, ya da ki, bir otaqlı mənzilin qiymətinə uyğun kompensasiya ödəyəcəkdir. Cavabdeh şirkət isə onunla müqavilə bağladıqdan sonra birtərəfli qaydada öhdəliyindən imtina etməklə qanunların aliliyi prinsipinə hörmətsizlik göstərmişdir. Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsasını yuxarıda göstərilən müqavilə təşkil edən ilkin iddianı rədd etməklə yanaşı, İddiaçı ilə Cavabdeh arasındakı xx xxxxx 2019-cu il tarixli K038 nömrəli müqavilənin etibarsız hesab edilməsi haqqında qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddianı qəbul etməyərək, həmin iddianın əsası kimi təqdim edilən xx xxxxx 2019-cu il tarixli K038 nömrəli müqavilə aşağıda göstərilən əsaslar üzrə etibarsız hesab edilməlidir. Belə ki, göstərilən müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski küçəsi, 8/9 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binada, ilkin iddiaya görə İddiaçı məxsus olmuş bir otaqlı mənzilin əvəzinə sonuncuya, həmin mənzilin dövlət reyestrindən çıxarışında göstərilmiş ümumi sahəsinə uyğun olaraq yeni mənzil verməyi və kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bu zaman İddiaçı mənzilin mülkiyyətçisi olduğunu və yaxın vaxtlarda mənzilin dövlət reyestrindən çıxarışını təqdim edəcəyini bildirmişdir. Sökülməli olan binanın qəzalı vəziyyətdə olmasını, təcili sökülmə zəruriyyətini nəzərə alaraq, sakinlərlə, o cümlədən də İddiaçı ilə müqavilə bağlanmış və çıxarışı təqdim etməli olduğu ona bildirilmişdir. Lakin, dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, çıxarış təqdim edilməmişdir. Yalnız son məhkəmə iclasında onlara məlum olmuşdur ki, İddiaçı mənzilin mülkiyyətçisi olmamışdır və onun dövlət reyestrindən çıxarışı yoxdur, çünki o, dövlət reyestrindən çıxarışı məhkəməyə belə təqdim edə bilməmişdir və belə bir çıxarış iş materiallarında yoxdur. Bu isə öz növbəsində əqdlərin etibarsızlığının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.2.3-cü maddəsilə nəzərdə tutulmuş (tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması) əsasının olması deməkdir. Beləliklə, mənzilin dövlət reyestrindən çıxarışının Cavabdehnə təqdim edilməsi (yəni, İddiaçı mənzil üzərindəki mülkiyyət hüquqlarının təsdiq edilməsi), müqavilənin mühüm şərti olmuşdur. Lakin, xeyli vaxt keçməsinə baxmayaraq, göstərilən mühüm şərt İddiaçı tərəfindən yerinə yetirilməmiş, mənzil üzərində mülkiyyət hüququnun ona məxsus olmasını təsdiq edən dövlət reyestrindən çıxarış Cavabdehnə təqdim edilməmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. İddiaçı nümayəndəsi X5 “müqavilə öhdəliyinin icrasının təmin edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi üzrə dəqiqləşdirmə ərizəsini məhkəməyə təqdim edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, K038 nömrəli müqavilə üzrə öhdəliyin icrasının təmin olunması, yəni iddiaçı şəxsin yaşadığı və sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski küçəsi, 8/9 ünvanda yerləşən yataqxananın 12,92 kv.metr 1 otaqlı mənzilinin əvəzinə 30 kv.metr tam təmirli mənzilin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, habelə müvafiq müqavilə üzrə xx xxxx 2020-ci il tarixdən hazırkı vaxtadək ödənilməyən mənzil kirayə haqqının onun kart hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 ilkin iddia tələbinin dəlillərinə uyğun izahat verərək, ilkin iddianın təmin olunması, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək, onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X18 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin, ilkin iddia ərizəsini qəbul etməyərək, onun rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: bir tərəfdən Cavabdeh onun nizamnaməsinə əsasən fəaliyyət göstərən direktor X4 və digər tərəfdən “mülkiyyətçi” adlanacaq ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, K038 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, Cavabdeh adlanacaq ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binada mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 12,92 kv.metr mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə uyğun mənzil əvəzinə 30 kv.metr tam təmirli mənzili “mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür (1.1-ci bənd). Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdehnə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür (1.2-ci bənd). Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə bir otaqlı mənzil üçün aylıq 300 (üç yüz) manat məbləğində kirayə haqqını almaq mülkiyyətçinin hüququdur (2.1.2-ci bənd). Müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin ayda 1 (bir) dəfə hər ayın 1-dək mülkiyyətçiyə ödənilməsini təmin etmək Cavabdeh vəzifəsidir (2.2.3-cü bənd). Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 (on səkkiz) ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək Cavabdeh vəzifəsidir (2.2.4-cü bənd); “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialının kart hesabının açılmasına dair xx xxx 2019-cu il tarixli müqavilənin məzmunundan görünür ki, İddiaçı adına müvafiq qaydada kart hesabı açılmışdır; Bakı şəhəri Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 38 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 251581 nömrəli arayışın məzmunundan görünür ki, İddiaçı ünvan 2 ünvanda yerləşən yataqxanada qeydiyyatsız yaşayır, ailə tərkibi övladı X2 ibarətdir; Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 8/9 ünvanında qeydiyyatda olan X6 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizənin məzmunundan görünür ki, İddiaçı 2006-cı ildən bina sökülənədək ünvan 3 ünvanda yerləşən yataqxanada, 1 (bir) otaqlı, sahəsi 13 kv.metr olan otaqda yaşamışdır; ünvan 4 ünvanında qeydiyyatda olan X9 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizənin məzmunundan görünür ki, İddiaçı 2006-cı ildən bina sökülənədək ünvan 3 ünvanda yerləşən yataqxanada, 1 (bir) otaqlı, sahəsi 13 kv.metr olan otaqda yaşamışdır; Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 8/9 ünvanında qeydiyyatda olan X11 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizənin məzmunundan görünür ki, X12 2006-cı ildən bina sökülənədək ünvan 3 ünvanda yerləşən yataqxanada, 1 (bir) otaqlı, sahəsi 13 kv.metr olan otaqda yaşamışdır; Bakı şəhəri Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 38 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 258309 nömrəli arayışın məzmunundan görünür ki, İddiaçı ünvan 2 yataqxanada qonşuları tərəfindən tərtib edilmiş müvafiq akta əsasən qızı X5 ilə birlikdə 2006-cı ildən sökülənədək olan dövr ərzində sahəsi 13 kv.metr olan bir otaqlı mənzildə yaşamışdır; xx xxxxxxx 2020-ci il tarixli 8583 nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir; xx xxxxx 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar, şərtlərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 422.2-ci maddəsinə əsasən 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda müqavilə dəyişdirilə bilər; 422.4-cü maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox oİan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir; 424.1-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə isə müqavilənin dəyişdirilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, K038 nömrəli müqaviləyə əsasən Cavabdeh ünvan 1 ünvanda yerləşən və yaşayış üçün qəzalı vəziyyətdə olan binada iddiaçı şəxsin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 12,92 kv.metr mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə uyğun mənzil əvəzinə 30 kv.metr tam təmirli mənzili “mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdehnə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə bir otaqlı mənzil üçün aylıq 300 (üç yüz) manat məbləğində kirayə haqqını almaq mülkiyyətçinin hüququdur. Müvafiq qaydada nəzərdə tutulmuş ödənişin ayda 1 (bir) dəfə hər ayın 1-dək mülkiyyətçiyə ödənilməsini təmin etmək Cavabdeh vəzifəsidir. Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 (on səkkiz) ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək Cavabdeh vəzifəsidir. “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialının kart hesabının açılmasına dair xx xxx 2019-cu il tarixli müqavilə ilə müvafiq aylıq kirayə haqlarının İddiaçı adına olan müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edilmişdir ki, 38 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş müvafiq arayışdan, eyni ünvanda qeydiyyatda olan qonşuların müvafiq qaydada təsdiq edilmiş ərizələrindən və iş materiallarına əlavə olunmuş kommunal xidmətlərin göstərilməsinə dair müvafiq müqavilələrin və ödəniş qəbzlərinin surətlərindən göründüyü kimi, İddiaçı ünvan 2 ünvanda yerləşən yataqxanada qeydiyyatsız yaşamış, ailə tərkibi övladı X2 ibarət olmuş, müvafiq kommunal ödənişləri vaxtlıvaxtında həyata keçirmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən də göründüyü kimi, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd edilməlidir ki, müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. Eyni zamanda, İddiaçı tərəfindən iddia ərizəsində irəli sürdüyü tələblər məhkəmə araşdırmasında öz hüquqi təsdiqini tapdığından, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, K038 nömrəli müqavilə üzrə öhdəliyin icrası təmin olunmalı, iddiaçı şəxsin yaşadığı və sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski küçəsi, 8/9 ünvanda yerləşən yataqxananın 12,92 kv.metr 1 otaqlı mənzilinin əvəzinə 30 kv.metr tam təmirli mənzilin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə ilkin iddia ərizəsinin “müvafiq müqavilə üzrə xx xxxx 2020-ci il tarixdən hazırkı vaxtadək ödənilməyən mənzil kirayə haqqının onun kart hesabına köçürülməsi” hissəsi ilə bağlı hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, müvafiq müqavilə üzrə öz hüquqi təsdiqini tapmış aylıq kirayə haqlarının məhz hansı dövrdən və hansı müddətə ödənilməməsi ilə bağlı iddiaçı şəxs müvafiq sübutlar məhkəməyə təqdim etmədiyindən ilkin iddia ərizəsi həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəflər arasında bağlanmış əqdin etibarsız hesab olunmasını iddia etsə də, həmin etibarsızlığa səbəb olan halların nədən ibarət olmasını, onlara dair sübutları göstərməmişdir. Halbuki, qanunvericiliyin mənasına görə əqdin bağlanması üçün ilkin zəruri olan şərtlərdən biri də tərəflərin iradə ifadəsidir. Araşdırma zamanı xx xxxxx 2019-cu il tarixli K038 nömrəli müqavilənin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmiş, iddiaçının yaşadığı mənzilinə dair adına çıxarışının olmaması müqavilənin etibarsızlıgına əsas ola bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, K038 nömrəli müqavilə üzrə öhdəliyin icrası təmin olunmalı, iddiaçı şəxsin yaşadığı və sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski küçəsi, 8/9 ünvanda yerləşən yataqxananın 12,92 kv.metr 1 otaqlı mənzilinin əvəzinə 30 kv.metr tam təmirli mənzilin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, qalan hissədə ilkin iddia ərizəsi təmin olunmamalı, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. İddiaçı X13 ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, K038 saylı müqavilə üzrə öhdəliyin icrası təmin olunsun və iddiaçının yaşadığı və sökülmüş Bakı şəh. Vladimir Mayakovski küç.8/9 ünvanda yerləşən 12,92 kv.metr 1 otaqlı mənzilinin əvəzinə 30 kv.metr tam təmirli mənzilin verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qalan hissədə ilk iddia tələbi təmin olunmasın. İddiaçı Cavabdeh MMC-nin cavabdeh X10 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar