Məhkəmə qərarları › İş №2(005)-5158/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5158/2024

26.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5158/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, MŞB/8/2024-02698 saylı xx.xx.2024cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək barışıq sazişinin uşaqla görüş hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2020-ci tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2022-cü il təvəllüdlü X2 anadan olmuşdur. Mediasiya prosesi nəticəsində aralarında olan məsələlərin, o cümlədən nikahın pozulması, uşaqların ananın yanında qalması və atanın uşaqla ünsiyyət qaydasının müəyyən edilməsinin qarşılıqlı həlli barədə razılığa gəlmələri barədə MŞB/8/2024-02698 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən: (Birinci tərəf: Maraqlı şəxs; İkinci tərəf: Ərizəçi) 1.Bu sazişin Tərəfləri Maraqlı şəxs və Ərizəçi Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən xx.xx.2020-ci il tarixdə 460 qeydiyyat nömrəsi ilə bağlanan nikahın pozulmasına qarşılıqlı şəkildə razılıqlarını təsdiq edirlər. 2. Bu sazişlə Tərəflər Maraqlı şəxs və Ərizəçi razılaşırlar ki, birgə nikahdan olan, yetkinlik yaşına çatmayan övladları xx.xx.2022-ci il təvəllüdlü X2 bu saziş imzalandığı andan uşağın mənafeyini, təhsildən və öyrəşdiyi yaşayış mühitindən ayrı salmamaqdan ötrü Birinci tərəf anası Maraqlı şəxs himayəsində (yanında) qalır. 3. Maraqlı şəxs təsdiq edir ki, birgə nikahdan anadan olan övladları xx.xx.2022-ci il təvəllüdlü X2 atası İkinci tərəf Ərizəçi ilə hər həftənin cümə günü saat 10:00-dan bazar günü saat 22:00-dək görüşməsinə (telefonla əlaqə saxlamalarına və görüşmələrinə) razıdır və buna şərait yaradacağına dair öhdəlik götürür. İkinci tərəf Ərizəçi bir gün öncə uşaqla görüşəcəyi barədə dəqiq bildirməlidir. Barışıq sazişi bağlanan xx.xx.2024-cü il tarixdən Maraqlı şəxs ilə əlqə saxlamaq mümkün olmur. Belə ki, o mobil nömrəsini söndürmüşdür və bu vasitə ilə onun uşağıyla görüşmək hüququma mane olmağa çalışır. Onun bu hərəkəti bağlanmış barışıq sazişinin şərtlərinə əməl olunmamaqla yanaşı, onun konstitusion hüquqlarının pozulmasına da səbəb olur. Barışıq sazişinin bağlanmasının daha ilk həftəsindən Maraqlı şəxs bu cür davranışı gələcəkdə onun uşağıyla ünsiyyət yaratmasına daha böyük əngəllər yaradacağına əminlik yaradır. Bu səbəbdən aralarında bağlanmış sözügedən barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə və məcburi icrasına zərurət yaranmışdır. Həmçinin, Maraqlı şəxs və bacısı ona şər ataraq uşaqla ünsiyyət hüququnu əlindən almağa çalışırlar. Belə ki, onlar onun narkoman olduğunu iddia edərək analiz verməsini tələb edirlər. O, istənilən vaxt və istənilən yerdə analiz verməyə hazırdır. Lakin onunla birlikdə Maraqlı şəxs onların uşaqlarının yanında saxladığı qardaşı X1 da analiz verməsini tələb edir. Həmin vaxt onun yoxsa, Maraqlı şəxs qardaşının narkoman olduğu ortaya çıxacaq və əslində Maraqlı şəxs uşaqlarını narkoman qardaşının yanında saxlaması və bu halın uşağın mənafeyinə, gələcəkdə təlim-tərbiyəsinə ciddi zərər vuracağı öz təsdiqini tapacaqdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa müvafiq izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləyə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 2.2. Maraqlı şəxs təsdiq edir ki, birgə nikahdan anadan olan övladları xx.xx.2022-ci il təvəllüdlü X2 atası İkinci tərəf Ərizəçi ilə hər həftənin cümə günü saat 10:00-dan bazar günü saat 22:00-dək görüşməsinə (telefonla əlaqə saxlamalarına və görüşmələrinə) razıdır və buna şərait yaradacağına dair öhdəlik götürür. İkinci tərəf Ərizəçi bir gün öncə uşaqla görüşəcəyi barədə dəqiq bildirməlidir. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi uşaqla görüş hissəsində Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından, eləcə də sazişin uşaqla görüş hissəsinin ayrılıqda təsdiqi mümkün olduğundan, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin uşaqla ünsiyyət hissəsində təsdiq edilməsi” barədə ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi uşaqla görüş hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıda qeyd olunan hissədə təsdiq edilsin: 2.2. Maraqlı şəxs təsdiq edir ki, birgə nikahdan anadan olan övladları xx.xx.2022-ci il təvəllüdlü X2 atası İkinci tərəf Ərizəçi ilə hər həftənin cümə günü saat 10:00-dan bazar günü saat 22:00-dək görüşməsinə (telefonla əlaqə saxlamalarına və görüşmələrinə) razıdır və buna şərait yaradacağına dair öhdəlik götürür. İkinci tərəf Ərizəçi bir gün öncə uşaqla görüşəcəyi barədə dəqiq bildirməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar