Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5185/2025 23.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi X8 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölümün qeyd edilmə faktı barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölümün qeyd edilmə faktı barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X3 1954-cü ildə İmişli rayonunda vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində ərizəçinin anasının rəhmətə getməsi ilə əlaqədar anadan qalan mirasın qanuni vərəsələr arasında bölünməsi zamanı notarius tərəfindən, hələ 1954-cü ildə heç bir yaşı olmamış və xəstələnərək vəfat etmiş (bu barədə anasından eşitmişdir) xx.xx.1953-cü il doğumlu bacısı X3 ölüm faktının dövlət qeydiyyatına alınmadığı bildirilmişdi. ASAN Xidmət tərəfindən aparılmış araşdırmalar nəticəsində onun ölüm faktı barədə Şəki və İmişli rayon qeydiyyat şöbələrinin arxivində, habelə VVAQ avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi, hər hansı qeydiyyat sənədi və ya arxiv qeydi tapılmamışdır. Ailə üzvlərinin (anam və böyük bacım) ifadələrindən, mövcud sənədlərdən aydın olur ki, X6 1954-cü ildə İmişli rayonunda vəfat etmişdir. Həmin dövrdə (1952-1955 illər) atam X1 işlər Nazirliyi tərəfindən İmişli rayon şöbəsinə (rayon milis şöbəsinə) pasport-stol olaraq göndərilmiş, anası X16 da İmişli rayon xəstəxanasında tibb bacısı vəzifəsində çalışmışlar. Bu barədə o dövrdə hər ikisinin iş yerindən alınmış arayışlar mövcuddur. Bundan başqa, televiziya materiallarında (anasının 100 (yüz) illiyinə həsr olunmuş verilişdə) onun iki övladının erkən yaşlarında İmişlidə vəfat etdiyini bildirməsi də bu faktı təsdiq edir. 1952-ci ildə Şəkidə anadan olan böyük bacısı da daxil olmaqla, yeni anadan olan körpələrin teztez xəstələnməsi, səpməsi, həyatını itirməsi səbəbindən həkimlərin məsləhəti ilə (İmişlinin çox isti iqliminin uşaqlara pis təsiri) atam DİN-nə müraciət edərək onun işinin Şəkiyə dəyişdirilməsini xahiş etmiş, nazirlik də bunu nəzərə alaraq onun işini yenidən Şəki milis şöbəsinə dəyişmişdir. Əlavə olaraq qeyd edir ki, atası 1966-cı ildə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olmuşdur. Ailə başçısının itirilməsinə görə himayəsində olan uşaqlara pensiya təyin edilərkən AR DİN Maliyyə şöbəsinin təqdim etdiyi pensiya vəsiqəsi əvəzi sənəddə (uvedomleniye) göstərilən siyahıda, habelə 1975-ci ildə məhəllə komitə sədri tərəfindən verilən Arayışda da (1952-1963-cü il təvəllüdlü 6 uşaq) Valentinanın adı yoxdur. 1952-ci il təvəllüdlü böyük bacısı da iməkləyən, beşikdən tutub ayağa qalxmağa çalışan xəstə uşağı xatırlayır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilən X7 bildirdi ki, ərizəçinin bacısıdır.1952-ci il tarixdə özü, 1953-cü il tarixdə isə bacısı X6 doğulmuşdur. Bacısı uşaq vaxtı vəfat etmişdir. Həmin vaxt atası İmişli rayonunda xidmət edirdi. Şahidin də səhhəti pisləşərək, qızdırması qalxanda atası rəhbərliyinə müraciət edərək, başqa rayona təyin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materialları: - Şəki regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X6 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, İmişli rayon qeydiyyat şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydləri kitabında 1953-1958-ci illər, ölüm haqqında bərpa akt qeydləri kitabları isə xx.xx.1954-xx.xx.2025-ci illər üzrə yoxlanılmışdır. - Azərbaycan Respublikası Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi 05 noyabr 2025-ci il tarixli Ərizəçi ünvanlanan məktubdan görünür ki, Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş müraciətə əsasən bildirilmişdir ki, Şəki rayon qeydiyyat şöbəsində, İmişli rayon qeydiyyat şöbəsində “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi”ndə X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə ölüm haqqında tibbi şəhadətnamə (forma 106) təqdim edilmədiyi üçün onun ölümünün qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölün haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd edilənlərə əsasən X3 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi məsləhət bildirilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri X18 tərəfindən xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanlanan məktubdan görünür ki, Nərimanov rayon qeydiyyat şöbəsi bacınız X3 ölümünün qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli ərizəyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə, əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 24 aprel 2025-ci il tarixdə verilən AZ-İİ 489060 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2025-ci il tarixdə qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar səbəbi ilə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydlər kitabında xx.xx.2025-ci il tarixdə 175 nömrə ilə qeydə alınmışdır. - Şəki şəhəri “Damarçın” məhəllə nümayəndəsi tərəfindən verilən vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhəri “Damarçın” məhəlləsi M.Rəsulzadə küçəsi 71 saylı evdə yaşamış X2 ondan ötrü verilmişdir ki, xx.xx.1966-cı il tarixdə vəfat etmiş və arvadı - X16, qızı- X7, oğlu - Ərizəçi, qızı-X13, oğlu - X14, oğlu – X15, qızı – X9 vərəsələridir. - “Ötənlər” proqramının xx.xx.2024-cü il tarixdə “youtube” sosial şəbəkəsində yayımlanmış “100 yaşlı Ruqiyyə nənənin qonağıyıq” (https://youtu.be/Rf2xFZZXvK8?si=vA4l- OZsY_SSPUD-) adlı hissəsinin 10:22-ci dəqiqəsində Ruqiyyə Salmanova (ərizəçinin anası) qeyd edir ki, 2 uşağı uşaq vaxtı vəfat edib. Hazırda 6 uşağı var. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X6 1954-cü ildə İmişli rayonunda vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X6 1954-cü ildə İmişli rayonunda vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.1954-cü il tarixdə İmişli rayonunda vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə 1 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-5185/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5185/2025
23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver