Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5225/2025 03.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Tamam Mehmet cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Tamam Mehmet arasında xx.xx.2024-cü il tarixdə mediasiya qaydasında bağlanılmış barışıq sazişinin 14-cü bəndinin icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə X1 Sazişi imzalayaraq aşağıdakılar barədə razılığa gəlinməsinə baxmayaraq onun tərəfindən Barışıq Sazişinin 14-cü bəndi könüllü surətdə icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2024-cü il tarixli Barışıq Sazişinın 14-cü bəndinə əsasən tərəflər razılaşmışdır ki, 1-ci tərəf X2 məxsus qızıl-zinyət əşyaları olan qızıl Qolbaq 18 qram, qızıl qolbaq 15 qram, qızıl boyunbağı 20 qram çəkisinə malik olan əşyaların əvəzi olaraq 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf X2 3 ay ərzində hissə-hissə olmaqla 5000 manat ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa müvafiq izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessul Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 14-cü bəndindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
14. Tərəflər razılaşır ki, 1-ci tərəf X2 məxsus qızıl zinyət əşyaları olan qızıl Qolbaq 18 qram, qızıl qolbaq 15 qram, qızıl boyunbağı 20 qram çəkisinə malik olan əşyaların əvəzi olaraq 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf X2 3 ay ərzində hissə-hissə olmaqla 5000 manat ödəyəcək. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi 5000 manat pulun ödənilməsi hissəsində Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından, eləcə də sazişin pulun ödənilməsi hissəsinin ayrılıqda təsdiqi mümkün olduğundan, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş həmin hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 14-cü bəndinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi həmin hissədə təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıda qeyd olunan hissədə təsdiq edilsin: “14. Tərəflər razılaşır ki, 1-ci tərəf X2 məxsus qızıl zinyət əşyaları olan qızıl qolbaq 18 qram, qızıl qolbaq 15 qram, qızıl boyunbağı 20 qram çəkisinə malik olan əşyaların əvəzi olaraq 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf X2 3 ay ərzində hissə-hissə olmaqla 5000 manat ödəyəcək.” Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərgiz Tağıyeva