Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-59/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış 25.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 100000 manat məbləğində borc pulun, tərəfindən ödənilmiş 30 manat məhkəmə üçün və 34,5 manat ipoteka qeydə alınması üçün dövlət rüsumunun tutulması; 25.06.2019-cu il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiyməti 136000 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləği onun qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzil satıldıqdan sonra həmin mənzil ən gec bir ay ərzində boşaldılmadıqda, həmin mənzilin məcburi qaydada boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 25.06.2019-cu il tarixində Bakı şəhəri 18 saylı notariat ofisində Cavabdeh ilə kredit müqaviləsi bağlayaraq, ona bir il (25.06.2020-ci ilədək) müddətinə 100000 manat məbləğində pulu borc vermişdir. Həmin tarixdə cavabdehlə aralarında ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzili ipoteka ilə yüklü etmişdir. Lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək, ona verdiyi borcu bu günədək geri qaytarmamışdır. Dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, cavabdeh müqavilə ilə öhdəsinə düşən vəzifəni yerinə yetirməmiş, borcunu qaytarmamışdır. Dəfələrə cavabdehlə əlaqə saxlamaq istəsə də heç bir nəticə olmamış, cavabdeh görüşməkdən qaçmışdır. Bundan sonra pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh, qanunvericilikdə göstərildiyi kimi, öz öhdəsinə götürdükləri öhdəliyi yerinə yetirməmiş, müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndə və vəkillərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 06.11.2020-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Reyestrdə 3M-636 nömrə ilə qeydə alınmış, 25.06.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 100000 manat məbləğində pul borc vermiş, borc alan borcu 25.06.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 25.06.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Reyestrdə 3M-636 nömrə ilə qeydə alınmış, 25.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 19.11.2018-ci il tarixdə Cavabdeh verilmiş **********30- 05301-093037 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzili İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 136000 manat məbləğində müəyyən edilmişdir. «X2 Mərkəzi » MMC-nin 25.06.2021-ci il tarixli, YD 18 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilin bazar dəyəri 159330 manat, likvid dəyəri 145500 manat təşkil edir. "xxxx" MMC-nin 27.12.2021-ci il tarixli, 219 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilin bazar dəyəri 153400 manat, likvid dəyəri 142000 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 25.06.2019-cu il tarixli kredit müqaviləsi ilə İddiaçı Cavabdeh 100000 manat məbləğində pul borc vermiş, borc alan borcu 25.06.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin icrasının təmini məqsədilə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzili İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. Borc alan tərəfindən müvafiq kredit müqaviləsi üzrə borc verənin xeyrinə müəyyən olunmuş vaxt ərzində heç bir ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 740.1ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu vaxtında və lazımı qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə araşdırması zamanı tərəflər arasında imzalanmış 25.06.2019-cu il tarixli kredit müqaviləsi əsasında 100000 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı borclu olması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsinin borc hissəsində iddia tələbi təmin edilməli, Cavabdeh 100000 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.3-1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 25.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 19.11.2018-ci il tarixdə Cavabdeh verilmiş **********30-05301-093037 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzil İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Lakin iddiaçı tərəfindən tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı tərəf qanunla müəyyən edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasına riayət etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın “Cavabdeh tutulmalı olan məbləği iddiaçının qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzil satıldıqdan sonra həmin mənzil ən gec bir ay ərzində boşaldılmadıqda, həmin mənzilin məcburi qaydada boşaldılması” hissəsində əsassız olduğundan rədd edilməlidir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 100000 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilmədiyindən, ilk «X2 Mərkəzi » MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməli, lakin ikinci "xxxx" MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehin vəkili və nümayəndəsinin vəsatəti əsasında təyin edildiyindən cavabdehə aid edilməlidir. Həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh tərəfdən alınaraq iddiaçıya ödənilməli, lakin 34,5 manat ipoteka qeydə alınması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid ediləməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat İddiaçı tutulub "xxxx" ASC, KOD 505141 VÖEN **********, Müxbir hesab AZ 82 NABZ******************** SWİFT BİK PAHAAZ22, X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN **********, Hesab AZ75PAHA40060AZNHC**********” hesabına keçirilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Cavabdeh tutulub "xxxx" ASC, KOD 505141 VÖEN **********, Müxbir hesab AZ 82 NABZ******************** SWİFT BİK PAHAAZ22, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN **********, Hesab AZ12PAHA40060AZNHK**********” hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 100000 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat İddiaçı tutulub "xxxx" ASC, KOD 505141 VÖEN **********, Müxbir hesab AZ 82 NABZ******************** SWİFT BİK PAHAAZ22, X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN **********, Hesab AZ75PAHA40060AZNHC**********” hesabına keçirilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Cavabdeh tutulub "xxxx" ASC, KOD 505141 VÖEN **********, Müxbir hesab AZ 82 NABZ******************** SWİFT BİK PAHAAZ22, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN **********, Hesab AZ12PAHA40060AZNHK**********” hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-59/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-59/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver