Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-658/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin etibarsız hesab edilməsi, əmək müqaviləsi müddətindən artıq işlədilən günlərin əmək haqqının və işsiz qalmağa görə birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin etibarsız hesab edilməsi, əmək müqaviləsi müddətindən artıq işlədilən günlərin əmək haqqının və işsiz qalmağa görə birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən işdən azad olunması barədə qəbul edilmiş K/249 №-li, xx.xx.2022-ci il tarixli əmrin etibarsız hesab edilməsi, cavabdeh tərəfindən əmək müqaviləsi müddətindən artıq işlədilən günlərinin əmək haqqı və işsiz qaldığı üçün əmək haqqının birdəfəlik üç misli miqdarında müavinətin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “TAİS İKF" Məhdud Məsuliyyətli Cəmiyyət müqavilə əsasında obyektlərin təmizlik işləri ilə məşğul olur. Onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdən həmin şirkətə xadimə vəzifəsinə qəbul edilərək təyinat üzrə "xxxx" QSC-nin “Ulduz” stansiyasında təmizlik işlərinə baxmışdır. Elə vaxt olub ki, cavabdeh onu dəfələrlə 3 nəfərin yerinə işlədərək pulunu ödəməmişdir. Burada işlədiyi müddətdə “Ulduz” stansiyasında növbətçi rəisi işləyən Pərvanə İsmayılova və nəzarətçi Yeganə Avacəlilova texniki işçilərlə kobud rəftar etmiş, onları ələ salmış və ümumiyyətlə özbaşınalıq yaratmışlar. Lakin bütün texniki işçilər, o cümlədən də o, çalışmışlar ki, onlarla münaqişəyə girməsinlər. Çünki həmin şəxslər onlara deyirdilər ki, Cavabdeh rəhbərliyi ilə sıx əlaqələri var və istənilən an onları işdən çıxartdıra bilərlər. Onlar da işlərini itirməsinlər deyə onların bu hərəkətlərinə dözür, onlar isə bundan istifadə edərək onlara xidmətlərinə aid olmayan işləri də gördürürdülər. Bu barədə "TAİS İKF” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə bildirilsə də, lakin rəhbərlik Metropolitenlə iş birliyinə xələl gəlməsin deyə, bu problemlə bağlı heç bir münasibət bildirməmişdir.2022-ci ilin sentyabr ayının axırlarında “Ulduz” metro stansiyasının növbətçi rəisi Pərvanə İsmayılova onu monitor olan otağa çağırıb monitorda kameranı açaraq onun oturan yerdə çəkilmiş şəklini göstərib demişdir ki, “sən bu şəkildə yatmış vəziyyətdəsən”. O da demişdir ki, işini görüb qurtardıqdan sonra ayaqları sudan islandığı üçün, eləcə də qan təzyiqi qalxdığından oturub bir az dincəlmişdir. Bu söhbətdən sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh meneceri Vasif müəllim onu yanına çağırtdırıb əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar yenidən 3 ay müddətinə uzadılması barədə müqaviləyə imza etdirdi. Daha sonra isə ona dedi ki, “sənin metropolitendə iş vaxtı yatan yerdə şəklin var”. O da ona bildirdi ki, həmin2 şəkildə o yatmamışdır, sadəcə işini görüb qurtarandan sonra ayaqları islandığından, həmdə təzyiqi qalxdığından bir az oturub dincini almışdır. Menecerlə bu haqda olan söhbətdən sonra başa düşmüşdür ki, həmin şəkili ona “Ulduz” metro stansiyasında növbətçi rəisi işləyən Pərvanə İsmayılova verib. xx.xx.2022-ci il tarixdə o, metropolitenin hərəkət xidmətinin rəisi Elxan müəllimin qəbuluna gedib, Pərvanə İsmayılovadan ona qarşı olan qərəzli münasibəti barədə məlumat verib, xahiş etmişdir ki, onun bu qanunsuz hərəkətlərinə son qoyulsun. Onu da bildirmişdir ki, Pərvanə onun şəklini çəkdirib Cavabdeh menecerinə verib. Lakin Elxan müəllim ona bildirdi ki, Cavabdeh şirkətinin əməkdaşı olduğundan bunun ona heç bir aidiyyəti yoxdur. Halbuki, Pərvanə İsmayılova metropolitenin əməkdaşı idi və o, P.İsmayılovadan şikayət etmişdi. Həmin şikayətindən sonra Elxan müəllim iclas edərək Ulduz stansiyasının video kameralarında olan görüntülərə baxmış və müəyyən etmişdir ki, həmin stansiyada nəzarətçi işləyən Gülnarə öz oturduğu iş postunu nəzarətsiz qoyaraq növbətçi rəis Pərvanə İsmayılovanın otağında oturmuş, yatmış, səhərə yaxın isə gəlib gizlin olaraq onu 3 dəfə telefonla çəkmişdir. Həmin görüntülərə baxdıqdan sonra Gülnarə işdən azad edilmiş, Pərvanə İsmayılovanın iş yeri isə “Koroğlu” stansiyasına dəyişdirilmişdir. xx.xx.2022-ci il tarixdə isə “Ulduz” metro stansiyasında TMM vəzifəsində çalışan Aqil ona dedi ki, Cavabdeh meneceri Vasif müəllim zəng edib deyib ki, Sevil daha işə gəlməsin. O, buna baxmayaraq işə gəlmişdir. Bu vaxt xadimələrə rəhbərlik edən Xəlil otağa daxil olaraq bildirdi ki, Vasif deyir ki, Sevil işdən çıxıb getsin. Səbəbini soruşduqda dedi ki, metropolitenin hərəkət xidmətinin rəisi Elxan müəllimə şikayət etdiyinə görə işdən çıxarılmışdır. Daha sonra isə polis əməkdaşı ona yaxınlaşaraq iş yerini tərk etməsini tələb etdi və onu bayıra çıxartdılar. xx.xx.2022-ci il tarixdə “Ulduz” metro stansiyasında TMM vəzifəsində çalışan Aqil ona zəng edib dedi ki, Cavabdeh meneceri Vasif müəllim deyir ki, Sevil kadrlar şöbəsinə gəlsin. Həmin gün o, kadrlar şöbəsinin rəis müavini Abdulla müəllimin yanında olmuşdur. Abdulla müəllim ona dedi ki, “sən iş vaxtı yatmısan, bu barədə metropoliten əməkdaşı foto şəklini çəkib”. O da Abdulla müəllimə demişdir ki, ayaqlarına su dolduğu üçün həm də bütün işlərini görüb qurtardıqdan sonra gəlib 5 dəqiqə oturub dincəlmək istəmişdir. Bu vaxt menecer Vasif müəllim gəlib ona dedi ki, “niyə metropolitenin hərəkət xidmətinin rəisi Elxan müəllimə şikayət etmisən? Şikayət etdiyinə görə də səni işdən çıxardıram”. O da demişdir ki, axı müqaviləsinin müddəti 2022-ci ilin yanvar ayında bitir. Cavabında isə o, dedi ki, “heç bir müqavilə yoxdur, səni sentyabr ayına qədər olan əvvəlki 3 ay müddəti olan müqaviləyə əsasən işdən çıxardıram”. Beləliklə də Cavabdeh xx.xx.2022-ci ildən onu işə buraxmadı. Buna qədər isə o, işdə olmuşdur və tabelə qol çəkmişdir. Ən əsası isə cavabdeh onunla 2023-cü ilin yanvar ayına qədər 3 aylıq əmək müqaviləsi bağladığı halda onu gizlətmişdir. Bununla belə əgər həmin müqavilə olmasaydı da, yenə də avtomatik olaraq cavabdehlə onun arasında bağlanmış müqavilə eyni müddətə (3 aya) 2023-cü ilin yanvar ayına qədər bağlanmış hesab edilməli idi. Çünki əvvəlki müqavilənin müddəti xx.xx.2022-ci ildə tarixdə bitsə də, o, xx.xx.2022-ci il tarixədək işləmişdir. İşdən azad olunması barədə K/249 nömrəli əmr isə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Lakin buna qədər ona işdən azad ediləcəyi barədə əvvəlcədən heç bir bildiriş verilməmişdir. Həmçinin cavabdeh əmrin surətini də ona vermir. Bununla belə iddia ərizəsinə əlavə əmək kitabçasının surətində cavabdeh tərəfindən əmrin tarixi və nömrəsi qeyd edilmişdir. Onu da qeyd edir ki, mediasiya prosesində cavabdeh əvvəlcə iddiasını qəbul etdiyini bildirsə də, lakin sonradan buna etiraz etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış və xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən iddiaçıya son haqq-hesab ödənilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Odur ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. 3 Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada iddiaçı xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, K/52 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-nə xadimə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2022-ci il göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, K/81 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 2021-2022-ci ilinə 21 təqvim günü ödənişli əsas məzuniyyət, zərərli işə görə 6 təqvim günü əlavə ödənişli məzuniyyət, cəmi 27 təqvim günü əmək məzuniyyəti verilmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh MMC tərəfindən əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsi ilə əlaqədar işədən azad ediləcəyi barədə xx.xx.2022-ci il tarixdə İddiaçı xəbərdarlıq edilmiş, xəbərdarlıq əyani şəkildə İddiaçı göstərilməsinə baxmayaraq, sonuncu xəbərdarlığı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, K/211 nömrəli əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xitam verilmişdir. İş materiallarında olan son haqq-hesabdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı 260,56 manat son haqq-hesab hesablanaraq ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı kart hesabına xx.xx.2022-ci il tarixdə 701,03 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iddia tələbi ilə gəldiyi bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. 4 Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 68-ci maddəsinin ikinci bəndinin “b” yarımbəndinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-nə xadimə vəzifəsinə işə qəbul edilmiş, daha sonra müqavilənin müddəti uzadılmışdır. Yekunda Cavabdeh MMC-nin baş direktoru R.M.Şirinovun K/249, xx.xx.2022-ci il tarixli əmri ilə işçi İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləninin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə qurtarması ilə əlaqədar işdən azad edilmişdir. İş materialları ilə də təsdiq olunmuşdur ki, işçi (iddiaçı) ilə əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və işə götürən onunla bağlanmış əmək müqaviləsinin müddətini uzatmayaraq işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əmrin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsassız və qanunsuzdur və təmin edilməməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmış və həmin normalara tam riayət olunmuşdur. İddiaçı yuxarıda sadalanan əsaslarla işdən azad edilmiş, iddiaçının iddia tələbi ilə bağlı əsaslandığı xüsusatlar məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlar ilə tam təkzib olunmuşdur. Belə ki, iddiaçı Cavabdeh MMC-yə xadimə vəzifəsinə müvafiq əmrlə müddətli əmək müqaviləsi əsasında təyin edilmişdir. Həmçinin, iddiaçının müddətli əmək müqaviləsi üzrə fəaliyyət göstərdiyi vəzifəsinə müqavilə müddəti bitən tarixdən 6 gün sonra, yəni qanunvericiliklə müəyyən edilmiş müddət ərzində (müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur) xitam verilmiş, onunla yeni əmək müqaviləsi imzalanmamışdır. Daha sonra isə müvafiq əmrlə işdən azad olunmuşdur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin etibarsız hesab edilməsi, əmək müqaviləsi müddətindən artıq işlədilən günlərin əmək haqqının və işsiz qalmağa görə birdəfəlik müavinətin ödənilməsi” barədə iddia tələbi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 5 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin etibarsız hesab edilməsi, əmək müqaviləsi müddətindən artıq işlədilən günlərin əmək haqqının və işsiz qalmağa görə birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-658/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-658/2023
10.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver