Məhkəmə qərarları › İş №2(005)-795/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-795/2025

06.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-795/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Nərimanov rayon Qeydiyyat şöbəsi göstərilməklə, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Nərimanov rayon Qeydiyyat şöbəsi göstərilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı xx.xx.1963-cü il təvəllüdlü X5 ölüm faktının təsdiq edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşı xx.xx.1963-cü il təvəllüdlü X5 ölüm haqqında şəhadətnamə almaq məqsədilə müraciət edir. Qazax Rayon Qeydiyyat Şöbəsindən aldığı sənədlərə əsasən, mərhumun ölüm faktı qeydiyyat sistemində tapılmamış və bununla əlaqədar olaraq ölüm haqqında şəhadətnamə almaq tövsiyə olunmuşdur. Daha sonra ərizəyə dəqiqləşdirmə verərək, mərhum həyat yoldaşı X5 xx.xx.2015-ci il tarixdə Qazax rayonunda vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin, o, yoldaşının xx.xx.2015-ci ildə vəfat etdiyini bildirdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çoxluğu ilə əlaqədar mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçinin qardaşı oğludur. X2 başında şiş olduğu üçün Bakıda Semaşka xəstəxanasında yatırdı, vəziyyəti ağırlaşanda Qazax rayonuna gətirilmiş və orada vəfat etmişdir. Qazax rayonu, Qaymaqlı kəndində dəfn edilmişdir. Yas mərasimi rayonda keçirilmiş, orada iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçinin oğludur. X3 xərçəng xəstəliyindən əziyyət çəkmiş, komaya düşmüşdür. Qazax rayonunda xx.xx.2015-ci il tarixdə dünyasını dəyişmişdir; Qazax rayonu qeydiyyat şöbəsi tərəfində verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 ölüm haqında akt qeydi aşkar olunmamışdır; Qazax rayonu, Qaymaqlı kənd həkim məntəqəsinin verdiyi 252 nömrəli arayışdan görünür ki, X6 xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.2015-ci il tarixdə Qazax rayonu, Qaymaqlı kəndində vəfat etmişdir; Qazax rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından, ərizəçinin ərizəsi təmin edilməmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Qazax rayonu, Qaymaqlı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 44 nömrəli arayışından görünür ki, X6 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və Qaymaqlı qəbistanlığında dəfn edilmişdir; Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 118 nömrəli məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından, ərizəçinin ərizəsi təmin edilməmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1963-cü il təvəllüdlü X6 xx.xx.2015-ci il tarixdə Qazax rayonunda ölmüşdür. Ərizəçi həyat yoldaşının ölümü haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən həyat yoldaşının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həyat yoldaşının ölüm faktının müəyyən edilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1963-cü il təvəllüdlü X5 xx.xx.2015-ci il tarixdə Qazax rayonunda ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü X5 xx.xx.2015-ci il tarixdə Qazax rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar