Məhkəmə qərarları › İş №2(005)-814/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-814/2023

24.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-814/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla, “əmrin ləğv edilməsi, işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, gecikdirilmiş əmək haqqına görə hər gün üçün ödəncin tutulması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla, “əmrin ləğv edilməsi, işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, gecikdirilmiş əmək haqqına görə hər gün üçün ödəncin tutulması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Pro Kredit” Bank Olmayan Kredit Təşkilatının əmək müqaviləsinin ləğv edilməsinə dair 07 oktyabr 2022-ci il tarixli, 2 saylı əmrinin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi, 01 noyabr 2021-ci il tarixdən qərar icra edilən müddətə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, cavabdehlə əmək münasibətlərinə onun ərizəsi əsasında xitam verilməsi, əmək haqqı cavabdehin təqsiri üzündən gecikdirildiyindən hər gün üçün 1 faiz ödəncin, mediasiya prosesi üçün ödədiyi 50 (əlli) manat pulun və cavabdeh təşkilatdan onun qanunsuz hərəkətlərinə görə ona dəymiş mənəvi zərərə görə 10.000 (on min) manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdən cavabdeh təşkilatda kredit mütəxəssisi vəzifəsində çalışmış və həmişə üzərinə qoyulmuş vəzifələri layiqincə icra etmişdir. Cavabdeh təşkilatla aralarında olan əmək müqaviləsinə görə aylıq maaşı 300 (üç yüz) manat müəyyən edilmişdir. 2021-ci ilin noyabr ayının 1-dən ona məlum olmayan səbəblərdən iş yerinə buraxılmamışdır. Bunun müvəqqəti xarakterli olduğuna inanmışdır. Lakin aylar bir-birini əvəz etdikcə, cavabdeh təşkilatın rəhbərliyinə ya onu işdən azad etməsini, ya da onun iş üzrə vəzifələrini yerinə yetirməsinə mane olmamasını bildirmişdir. İş yerindən ona müvafiq cavab veriləcəyi bildirildi. Lakin vaxt kecdikcə, ona heç bir cavab verilmədiyini, cavabdeh təşkilatla əmək münasibətləri davam etsə də əmək haqqı almadığını gördükdə, xx.xx.2022-ci il tarixdə əmək münasibətlərinə xitam verilməsi barədə ərizəni cavabdeh təşkilata poçtla göndərdi. Ərizə təşkilata daxil olduqdan sonra da əmək münasibətlərinə xitam verilmədi. Onun maddi vəziyyəti get-gedə pisləşir, əmək münasibətinə xitam verə bilmədiyindən başqa bir müəssisədə iş tapa da bilmirdi. Bundan sonra xx.xx.2022-ci il tarixdə 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə rəsmi müraciət etdi. xx.xx.2022-ci il tarixdə xidmətdə aparılan uzun çəkən araşdırmadan sonra həqiqətən cavabdeh təşkilatın Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarını kobud şəkildə pozması, o cümlədən Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinin pozulması aşkar edildiyindən cavabdehin 1400 (bir min dörd yüz) manat cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqmda qərar qəbul edilmişdir. Eyni zamanda, 3-cü şəxs tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubunda cavabdeh təşkilata onun əmək haqqının ödənilməsini və əmək münasibətlərinə onun ərizəsi əsasında xitam verilməsini təmin etmək üçün göstəriş xarakterli məktubun yazıldığı bildirilmişdir. Lakin çox təssüf olsun ki, icra orqanının bütün bu göstərişlərinə əməl olunmamışdır. Hətta cavabdeh təşkilat öz qanunsuz əməllərinə davam edərək 07 oktyabr 2022-ci il tarixdə onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılma barədə 2 saylı əmr vermişdir. Cavabdeh təşkilat hüquqlarını kobud şəkildə pozmaqla, onun adını “ləkələmişdir”. Heç bir əsas olmadan AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxartmaq absurd bir hərəkətdir. İşlədiyi müddət ərzində bir dəfə də olsun rəhbərlikdən nəinki xəbərdarlıq, heç bir inzibati tənbeh belə almamışdır. Bütün bunlara baxmayaraq cavabdeh təşkilat barəsində xx.xx.2022-ci il tarixli, 2 saylı əmr vermiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Cavabdeh təşkilat barəsində bu cür əmr verməklə, ona qarşı qərəzini ortaya qoymuşdur. Belə ki, sözügedən əmr ona bu günə kimi də təqdim edilməmişdir. Lakin ona qarşı qəbul edilmiş bu cür əsassız və qərəzli qərar ona necə iztirab və əzab verdiyini təsəvvür belə edə bilmir. Bir məqamı da qeyd etmək istərdi ki, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixdə MN № ******* saylı qərarın verilməsi də cavabdeh təşkilatın onun əmək hüquqlarını kobud şəkildə pozmasına sübutdur. Lakin cavabdeh bütün bunlara əhəmiyyət vermədən ona qarşı qərəzini nümayiş etdirmiş, icra orqanının göstərişlərinə məhəl qoymadan öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən həm pul tələbinə dair, həm də əmrin ləğv edilməsi tələbinə dair hissələrdə qanunvercilikdə nəzərdə tutulmuş iddia müddətləri ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsində qeyd olunduğu kimi işçi hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək müqaviləsinin ləğv edilməsinə dair 07 oktyabr 2022-ci il tarixli, 2 saylı əmrinin ləğv edilməsi tələbinə dair hissəyə nəzər yetirdikdə görünür ki, iddiaçı tərəfindən 20 dekabr 2022-ci il tarixdə məhkəmədə iddia qaldırılmışdır. Pul tələbinə dair hissəyə münasibətdə isə eyni maddənin 4-cü hissəsinə nəzər yetirdikdə aydın olur ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından və iddia ərizəsindən görünür ki, iddiaçı 2021-ci il 1 noyabr tarixindən etibarən hüququnun pozulduğunu iddia etsə də qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülərək məhkəməyə müraciət olunmuşdur. Digər tərəfdən, İddiaçı öz iddia ərizəsində işə ona məlum olmayan səbəblərdən əsassız olaraq buraxılmadığını iddia etsə də həmin vaxt Pro Kredit Bokt ASC-yə məlum olmuşdur ki, B.Kənan Pro Kredit BOKT ASC ilə yanaşı eyni zamanda özünə məxsus lombarda da fəaliyyət göstərmiş və 2021-ci il noyabr ayındək sözügedən lombard rəsmi olaraq onun adına vergi qeydiyyatına alınmışdır. B.Kənana məxsus olan və tərəflərindən qoşmaya əlavə olunan izahatdan da göründüyü kimi iddiaçı özü də etiraf edir ki, Pro Kredit BOKT ASC-də işə başlayarkən və çalışdığı dövr ərzində özünün adına Lombard mövcud olması ilə bağlı heç bir məlumat verməmişdir. Bu hal isə özlüyündə Azərbaycan Respublikasının Banklar Haqqında Qanununun 28-ci və 41-ci maddələrinin pozulmasına səbəb olmuşdur. Bu hal Pro Kredit BOKT ASC-yə məlum olduqdan sonra ona dəymiş külli miqdarda maddi zərərin araşdırılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilmiş, bu müddət ərzində isə iddiaçı Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırılmışdır. Qeyd olunan hal Pro Kredit BOKT ASC tərəfindən 05 noyabr 2021-ci il tarixli, 001 saylı əmrlə və iddiaçıya ünvanlanmış 15 dekabr 2021-ci il tarixli məktubla öz təsdiqini tapmışdır. Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü bəndindən də göründüyü kimi işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Məhkəmə iclasında cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X7 iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -0126968 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" BOKT ASC-nə kredit mütəxəssisi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. -"xxxx" BOKT ASC-nin baş direktoru X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. -MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1400 manat inzibati tənbeh növü tətbiq edilmişdir. -İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/5- 03773 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. "xxxx" BOKT ASC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. -X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubun məzmunundan görünür ki, müəssisə tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 178-ci və 62-ci maddələrinin tələbləri pozularaq əmək haqqı Əmək Məcəlləsinin 172-ci maddəsində göstərilən tarixlərdə əmək haqqı iddiaçının bank hesabına köçürülməmişdir. Müəssisənin işəgötürəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 178-ci, 172-ci və 62-ci maddələrinin tələblərini pozaraq iddiaçıya əmək haqqı ödənimədiyindən, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Həmçinin, əmək haqqının iddiaçıya ödənilməsinə dair müəssisənin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə müraciəti ilə əlaqədar müəssisənin rəhbərliyinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə yazılı ərizəsi əsasında xitam verilməsi barədə icrası məcburi göstəriş verilmişdir. Müraciətdə qeyd olunan məsələnin həlli ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. -"xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı hesabına 244.10 manat məbləğində pul köçürülmüşdür. -"xxxx" BOKT ASC-nin baş direktoru Ramil Məmmədov tərəfindən verilmiş 001 nömrəli xx.xx.2021-ci il tarixli əmrin surətindən görünür ki, təşkilatın daxili auditoru X8 və kredit mütəxəssisi İddiaçı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, tərəflərindən təşkilata külli miqdarda maddi zərər vurulmuşdur. Hər iki şəxsin işinə hüquqi qiymət verilməsi üçün araşdırma başladılmış, bu səbəbdən araşdırma başa çatanadək əmək fəaliyyətləri müvəqqəti olaraq dayandırılmışdır. -əmək müqaviləsinə xitam verilməsi barədə 01 nömrəli xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, “Baş ofis” bölməsində kiçik kredit mütəxəssisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. -"xxxx" BOKT ASC-nin baş direktoru Ramil Məmmədov tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış 17 nömrəli xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, kənar audit Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X10 tərəfindən aparılmış audit yoxlaması zamanı İddiaçı və cəmiyyətin digər əməkdaşları tərəfindən cəmiyyətə ümumilikdə 2.371,432 manat zərər vurulduğu ehtimal olunduğu bildirilir. Odur ki, dəymiş zərərin ödənilməsi və cinayət törədən şəxslərə qarşı araşdırmanın həyata keçirilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı "xxxx" BOKT ASC-nin baş direktorunun xx.xx.2020-ci il tarixli 04 saylı əmri ilə "xxxx" BOKT ASC-nə kredit mütəxəssisi vəzifəsinə təyin edilmişdir. "xxxx" BOKT ASC-nin baş direktoru Ramil Məmmədovun 01 saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırkı mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan "xxxx" BOKT ASC-nin baş direktoru Ramil Məmmədovun xx.xx.2022-ci il tarixli 01 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh tərəf iddiaçının "xxxx" BOKT ASC ilə yanaşı, özünə məxsus lombardda da fəaliyyət göstərdiyini və 2021-ci il noyabr ayındək sözügedən lombardın rəsmi olaraq onun adına vergi qeydiyyatına alındığını, iddia tərəfindən cavabdehə külli miqdarda ziyan dəydiyini əsas gətirərək, qeyd olunan faktların araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət etmiş, bu müddət ərzində isə iddiaçı Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” 12 yanvar 2022-ci il tarixli qərarına əsasən ilk növbədə qeyd olunmalıdır ki, Konstitusiyanın 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Təqsirsizlik prezumpsiyası həmçinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. İşçinin işdən kənar edilməsi müvəqqəti xarakter daşıdığından bu qərar yalnız ibtidai araşdırma və məhkəmə baxışı müddətində, habelə inzibati xəta haqqında iş üzrə icraatın gedişində qüvvədə olur. Araşdırma bitib şübhəli və ya təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən və ya təyin olunmuş cəza icraya yönəldikdən, habelə inzibati xəta haqqında iş üzrə yekun akt qəbul edildikdən sonra işçinin işdən kənarlaşdırılması barədə işəgötürənin qərarı qüvvəsini itirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən işəgötürən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. 62-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, iddiaçının iş vaxtı ərzində bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xəta və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməl törətməsi faktı müəyyən edilməmiş, bu barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut (iddiaçının təqsirliliyini sübut edən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) təqdim edilməmişdir. Cavabdehin dəlili yalnız iddiaçı tərəfindən cəmiyyətə ziyan vurulması faktının araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı 17 saylı xx.xx.2022-ci il tarixli məktubdan ibarətdir ki, bu hal da yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən iddiaçının işdən kənar edilməsi üçün əsas hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixdən işdən kənar edilməsi və xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin 01 saylı xx.xx.2022-ci il tarixli əmri qanunsuz olmuşdur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə hesab edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırkı mübahisə üzrə belə halların olması müəyyən edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq cavabdeh "xxxx" BOKT ASC tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş 01 saylı xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki vəzifəsinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. İddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədən işdən kənar edilməsi və bu müddət ərzində ona əmək haqqı ödənilməməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 -ci hissəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Məhkəmə, iddia tələbinin “əmək münasibətlərinə iddiaçının ərizəsi əsasında xitam verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi hər hansı hüquqi əsasa söykənmir. Belə ki, Azərbaycan Republikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ona görə də məhkəmə həmin hissədə iddia tələbinə qətnamənin nəticə hissəsində qiymət verməyi zəruri hesab etmir. Ona görə də həmin hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi hissəsində iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli və cavabdehdən xx.xx.2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün ödənilməmiş əmək haqqının 1 %-i məbləğində ödənc tutularaq iddiaçıya ödənilməlidir. Əlavə olaraq məhkəmə bildirir ki, gecikdirilmiş əmək haqqının məbləğinin o cümlədən hər gecikdirilmiş gün üçün ödənilməmiş əmək haqqının 1 %-i məbləğində ödəncin hesablanması üzrə sübutlar təqdim edilmədiyi bu baxımdan da məhkəmənin ixtisaslı vərdişlərinin (vasitələrinin) olmadığı nəzərə alınmalıdır. Bundan başqa məhkəmə mənəvi zərərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" BOKT ASC-nin 01 nömrəli xx.xx.2022-ci il tarixli əmri ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun. "xxxx" BOKT ASC tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. xx.xx.2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün ödənilməmiş əmək haqqının 1 %-i məbləğində pul cavabdeh "xxxx" BOKT ASC-dən tutularaq İddiaçı ödənilsin. "xxxx" BOKT ASC-dən 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar