Məhkəmə qərarları › İş №2(005)-868/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-868/2024

14.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-868/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti və Nimra Arshad müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək müqaviləsinə xitam verilməsi və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “X2” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, son haqqhesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələrin) ödənilməsi və işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, onunla cavabdeh “X2” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2018-ci ildə rəsmi olaraq əmək müqaviləsi bağlayaraq ofisiant vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək Cavabdeh MMC-də çalışmışdır. 2021-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır və bu barədə rəsmi olaraq iş yerinə məlumat vermişdir. Lakin həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra ona məlum olmuşdur ki, “X2” MMC fəaliyyətini dayandıraraq şirkətin rəhbərliyi Azərbaycan Respublikasını tərk etmişdir və bununla yanaşı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Hazırda elektron portalda əmək müqaviləsi aktiv əmək müqaviləsi kimi görsəndiyi üçün o, işə düzələ bilmir, bu da onun əmək fəaliyyəti ilə məşğul olmasına maneə olur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixində Cavabdeh MMC ilə müddətsiz əmək müqaviləsi (ofisiant vəzifəsi üzrə) bağlamışdır; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, müəssisədə işləmiş digər şəxslərin oxşar müraciəti ilə əlaqədar münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı Cavabdeh ünvanına (ünvan 1öndərilmiş, lakin bugünədək cavab verilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəl sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir; - mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməmişdir; Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2018-ci ildə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq, ofisiant vəzifəsi üzrə işə başlamışdır. Daha sonra iddiaçı hərbi xidmətə çağırıldığından və müəssisə fəaliyyətini dayandırdığından onlar arasında mövcud olmuş işçi-işəgötürən münasibətləri kəsilmiş, əmək müqaviləsi formal olaraq qüvvədə saxlanılmışdır. Bir müddət sonra iddiaçı öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmiş, lakin cavabdeh tərəfindən heç bir müraciətə cavab verilməmişdir. Müfəttişliyin də müvafiq cavab məktubundan sonra iddiaçı əmək müqaviləsinə xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5 və 5-1-ci bəndlərinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 9-cu maddəsinin “o” bəndinə görə elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək işçinin hüququdur. Həmin maddənin “b” bəndində əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək də işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Bu Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindəndir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə və 69.2-ci maddəsinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Eyni Məcəllənin 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi, əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilməsi və bu barədə bildirişin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Məhkəmə tərəfindən bir neçə iclas keçirilməsinə və cavabdehin lazımi qaydada məlumatlandırması üçün qanunvericiliklə nəzərdə tutulmuş mümkün tədbirlərin həyata keçirilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mövcud vəziyyətdə işəgötürənin Əmək Məcəlləsində onun vəzifələri kimi təsbit edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə göndərilməsinə dair müvafiq hərəkətləri həyata keçirməməsi iddiaçının qanunvericiliyə əsasən malik olduğu əmək hüquqlarının pozulmasına zəmin yaratmışdır. Bu səbəbdən iddiaçının pozulmuş hüquqları bərpa edilməli və əmək müqaviləsinə (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən - əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi əsası ilə) xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına görə, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı və “X2” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və “X2” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. İddiaçı və “X2” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar