Məhkəmə qərarları › İş №2(005)-96/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-96/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-96/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kredit müqavilə üzrə hesablanmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqavilə üzrə hesablanmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi və sonradan iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 2014-ci il 16 oktyabr tarixli kredit müqaviləsi üzrə 90287.67 manat əsas, 105283.6 manat faiz, 17706.04 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 213277.31 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20m saylı bağ sahəsi / torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi / torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi / torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi/torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi və Cavabdeh ilə İddiaçı arasında bağlanmış 16 oktyabr 2014-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,2014-ci il 16 oktyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı-nin “MXM” filialından illik 21% faizlə 84 ay müddətinə 100000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi/torpaq sahəsi 2014-ci il 16 oktyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-ci il 16 oktyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-cu il noyabrın 14-dək Cavabdeh 2014-ci il 16 oktyabr tarixli kredit müqaviləsi üzrə banka 90287.67 manat əsas, 75842.37 manat faiz, 3439.8 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 169569.84 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini cərimə hissəsində qəbul etmədiyini, lakin qalan hissədə qabul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh ilə İddiaçı arasında bağlanmış 16 oktyabr 2014-ci il tarixli, 6-G-1-0-2054- 14 saylı kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh İddiaçı-nin “MXM” filialından illik 21%-lə 84 ay müddətinə 100000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 16 oktyabr 2014-ci il tarixli, 6-G-1-0-2054- 14 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, aylıq ödəniş məbləği 2281.22 manat, son ay üçün isə 2281.80 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi/torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam payda Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi/torpaq sahəsi İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 16 oktyabr 2014-ci il tarixli, 6-G-1-0-2054- 14 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsinin təminatı qismində ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi / torpaq sahəsini İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı tərəfindən 08 oktyabr 2019-cu il tarixdə Cavabdeh ünvanlanmış bildirişdən müəyyən olunur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir. İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin 16 noyabr 2014-cü il tarixli xəzinə məxaric orderindən müəyyən olunur ki, Cavabdeh 100 000 manat məbləğində borc pul götürmüşdür. İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin 03.06.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdehin 03.06.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 90287.67 manat əsas, 105283.6 manat faiz, 17706.04 manat cərimə borcu olmaqla ümumilikdə 213277.31 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2021-ci il tarixli 9/693 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 16 oktyabr 2014-ci il tarixli, 6-G-1-0-2054-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olduğu kredit borcu əsas borc üzrə 93 527,98 manat, faiz borcu üzrə 64 174,28 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 12.03.2020-ci il tarixdə verilmiş QXM 296 M nömrəli qiymətləndirmə rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi / torpaq sahəsinin 13.03.2020-ci il tarixə bazar dəyəri 68 000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri Azərbaycan Respublikası prosessual qanunvericiliyinə əsasən məhkəmə tərəfindən tutularaq qeyd edilmiş hesaba köçürülməlidir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz və cərimə borcunu iddiaçıya ödəməlidir. Məhkəmə Cavabdeh tərəfindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 16 oktyabr 2014-ci il tarixli, 6-G-1-0-2054-14 saylı kredit müqaviləsi ləğv edilməli, həmin kredit müqaviləsindən irəli gələn 03.06.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 90287.67 manat əsas, 105283.6 manat faiz, 17706.04 manat cərimə borcu olmaqla ümumilikdə 213277.31 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi tutmanın girov əmlaka yönəldilməsi hissəsində də təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi/torpaq sahəsinə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti ipoteka müqaviləsidə göstərilmiş və tərəflər arasında razılaşdırılmış 170000 manat göstərilməklə açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı və mənzil açıq hərracdan satıldıqdan sonra boşaldılmalı, orada yaşayan şəxslər əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, eyni zamanda ekspertiza xərci 50 manat Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə satışdan əldə olunan məbləğin borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh istifadəsində olan digər əmlakına tutmanın yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi hissəsində iddianı qeyri-müəyyən hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2014ci il tarixli, 6-G-1-0-2054-14 saylı krediti müqaviləsi ləğv edilsin. Cavabdeh 16 oktyabr 2014-ci il tarixli, 6-G-1-0-2054-14 saylı krediti müqaviləsinə əsasən 93 527,98 manat əsas borc, 64 174,28 manat faiz borcu və 17706.04 manat məbləğində cərimə, cəmi 213277.31 (iki yüz on üç min iki yüz yetmiş yeddi manat 31 qəpik) manat məbləğində borc, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi / torpaq sahəsinə yönəldilsin. Həmin mənzil ilkin satış qiyməti ipoteka müqaviləsində tərəflər arasında razılaşdırılmış 170 000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə realizə edilsin, həmin vəsait hesabına borc ödənilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0.174141 ha sahədən ibarət 20 m saylı bağ sahəsi / torpaq sahəsi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. Qalan hissədə iddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar