Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1057/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhumə X5 onun bacısı qızı idi. O, 08.09.1961 -ci il tarixində Bakı şəhərində doğulmuşdur. 16.11.2021-ci il tarixində, səhər, bacısı qızı X3 X15 çağırılmış və X14 gələn zaman o vəfat etmişdir. X15 tərəfindən ondan koronovirus testi götürülmüş, testin cavabı pozitiv çıxmışdır. X5 17.11.2021 -ci il tarixində Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbirstanlığında, anasının yanında, dəfn olunmuşdur. X5 öz qardaşı ilə X4 ilə birlikdə yaşayırdılar. Ondan da həmçinin koronovirus testi götürülmüş, cavab pozitiv çıxmış və Haqverdiyev Q.A. Zığ qəsəbəsində olan koronovirus hospitalına yerləşdirilmişdir. Lakin 03.12.2021 -ci il tarixində vəfat etmişdir. Haqverdiyev Q. A. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Bacısı qızı X5 üçün ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmiş, lakin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsindən ona rəsmi qaydada bildirilmişdir ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etmək lazımdır. Göstərilənlərə əsasən, 08 sentyabr 1961-ci il təvəllüdlü X2 16 noyabr 2021-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanları təsdiq edərək bildirdi ki, ölüm faktının müəyyən olunması onun üçün sadəcə mənəvi əhəmiyyət daşımır. Bacısı qızının ölümü ilə bağlı dəfn xərcləri ilə əlaqədar 600 manat məbləğində birdəfəlik müavinət düşür, lakin ölüm haqqında şəhadətnamə olmadığı üçün həmin müavinəti ala bilməmişdir. Ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan kemirilməsini xahiş etmişdir. 5.Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərmişdir ki, ölən şəxs onun xalası qızı idi. 16 noyabr 2021-ci il tarixində Covid-19 virusuna yoluxması səbəbilə dünyasını dəyişmiş, ayın 17-si dəfn olunmuşdur. O, özü də Covid-19 virusuna yoluxduğu üçün dəfndə iştirak edə bilməmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu Zığ Bələdiyyəsinin 30 noyabr 2021-ci il tarixli, 489 nömrəli arayışından görünür ki, Ərizəçi Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığına müraciət edərək mərhumə bacısı qızı X5 17.11.2021-ci il tarixində qəbiristanlıqda yer ayrılaraq dəfn olunmuşdur.
9. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X5 08 sentyabr 1961-ci ildə anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır.
10. İş materiallarında olan 16.11.2021-ci il tarixində Təcili və X7 Stansiyasının 1 saylı bölməsi tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsində göstərilmişdir ki, X1 10:40-da onun yanına gəldikdə artıq vəfat etmiş və onun meyiti aşkar edilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 01.12.2021-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır.
12. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, X5 16.11.2021-ci il tarixində vəfat etmiş və qəbiristanlıqda dəfn edilmişdir.
13. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 iyun 2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 31 may 2009-cu ildə ölmüşdür.
14. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 dekabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 03 dekabr 2021-ci ildə ölmüşdür.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin bacısı qızı X5 16 noyabr 2021-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi bacısı qızının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 17.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
18. Göründüyü kimi ərizəçi bacısı qızının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
20. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi bacısı qızı X2 16 noyabr 2021-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi ərizəsi təmin edilsin. 08 sentyabr 1961-ci il təvəllüdlü X2 16 noyabr 2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov