Məhkəmə qərarları › İş №2(006)-1065/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1065/2024

24.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1065/2024 24.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı - mərhum X9 03 dekabr 1981-ci tarixdə Bakı şəhərində anadan olmuşdur. ASAN 1 tərəfindən 01 avqust 2019-cu il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AA0714583 saylı şəxsiyyət vəsiqəsinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. X3 19 noyabr 2023-cü tarixdə İmişli rayon X2 Şöbəsində vəfat etmişdir. Xəstəxana tərəfindən dərhal imişli rayon Polis şöbəsinin Növbətçi Hissəsindən rayon Prokurorluğuna müraciət edilmiş, İmişli rayon prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas X5 materialı nəzərdən keçirdikdən sonra cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Badamdar Bələdiyyəsinin 06 dekabr 2023-cü il tarixli 423 nömrəli arayışına əsasən mərhum X1 qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Ölüm faktını təsdiq edən sənəd (106 saylı Forma) almaq məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, 5 saylı şəhər poliklinikasına müraciət etmişlər. Lakin Bakı şəhəri, Nəsimi rayonu, 5 saylı şəhər poliklinikası X6 uzunmüddət poliklinikaya müraciət etmədiyinə, müayinə və müalicə almadığına görə arayış (106 saylı Forma) verməkdən imtina etmiş və məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Daha sonra ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Yasamal rayonu Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişlər, lakin Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsi tərəfindən göndərilmiş məktubda ölüm haqqında tibbi şəhadətnamənin təqdim edə bilmədiklərini və məhkəməyə müraciət etməkləri tövsiyə edilmişdir.

3. Daha sonra ərizəçi İddiaçı ərizəyə dəqiqləşdirmə ilə müraciət edərək həyat yoldaşı X7 xx.xx.2023-cü il tarixdə İmişli rayonunda ölməsinin qeydə alınma faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni və ona edilmiş dəqiqlədirmə ərizəsini müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə maraqlı şəxs Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, vəfat etmiş şəxs onun qardaşıdır. O, xx.xx.2023-cü il tarixdə İmişli şəhərində vəfat etmişdir. Vəfat səbəbi isə ürəktutma olmuşdur. Daha sonra o, Badamdar qəsəbə Qəbristanlığında dəfn edilmişdir. O, dəfn mərasimində və yas mərasimlərində iştirak etmişdir.

8. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin əri X9 xx.xx.2023-cü il tarixdə İmişli rayonunda vəfat etmiş və Bakı şəhəri Badamdar qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.

b) Mülki işin materialları:

10. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X7 ölümündə hər hansı cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

11. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Badamdar Bələdiyyəsinin 423 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. (İmişli rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 103C-23 saylı məktubu) və Badamdar qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.

12. Mülki işin materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənlərlə əlaqədar ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır.

13. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-T № 013704 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı xx.xx.2013-cü ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 519 № ilə qeyd edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.

15. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

16. Göründüyü kimi ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

18. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

19. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

20. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

21. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçi İddiaçı əri xx.xx.1981-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi İddiaçı ərizəsi təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar