Məhkəmə qərarları › İş №2(006)-1097/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1097/2022

31.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1097/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X54 oğlunun katibliyi ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X3 1900-cü ildə Yardımlı rayonunda doğulmuşdur. 09 oktyabr 1976-cı il tarixdə babası vəfat etmiş, Yasamal rayon qəbiristanlığında dəfn olunmuşdur. Ancaq o zaman ölümün qeydi barədə heç bir sənəd və ölüm haqqında şəhadətnamə Bakı şəhəri Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən verilməmişdir. Ərizəçinin atası X16 və onun həyat yoldaşı X2 olduqları üçün ölüm faktının təsdiq olunması üçün Nəsimi rayon Qeydiyyat şöbəsinə də müraciət etməmişlər. Sonradan ərizəçinin özü müraciət etdiyi halda Nəsimi rayon Qeydiyyat şöbəsindən ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən ərizəçinin X3nun 09.10.1976-cı il tarixdə ölüm faktının təsdiq olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Sonradan Ərizəçi məhkəmədə ərizəni dəqiqləşdirərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon qəbirstanlığında dəfn olunmuş 1900-cü ildə Yardımlı rayonunda doğulmuş X3 09 oktyabr 1976-ci il tarixdə vəfat etmiş, X6 1908-ci ildə doğulmuş 12 mart 1977-ci ildə vəfat etmiş, X5 30 avqust 1947-ci ildə Bakı şəhəri Oktyabr rayonunda doğulmuş və 1968ci ildə vəfat etmiş, 1941-ci ildə doğulmuş və 10 noyabr 1994-cü ildə vəfat etmiş X7 məzar yerlərini nəsillərinə məxsus olan Abşeron rayon Xırdalan qəbirstanlığına köçürmək üçün Azərbaycan Respublikası Səhiyyə Naziliyi Bakı şəhəri Yasamal rayon Gigiyena və Epidemiologiya mərkəzindən sənəd tələb olunurdu. O, həmin sənədi istədiyi zaman X3nun, X6nın, X5nın və X7 ölüm şəhadətnamələri tələb olunurdu. Bakı şəhəri Nəsimi rayon və Yasamal rayon qeydiyyat şöbələrinə müraciət etsə də, onlarda həmin şəxslərin ölümü barədə heç bir sənəd olmadığı məlum olmuşdur. Ona tövsiyə olundu ki, hazırki ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etsin. X3 və digərləri Yardımlı rayonunda və daha sonra Bakı şəhərində doğulmuşlar. Daha sonra 1947-ci ildə Stalin rejimi dövründə bütün həmkəndliləri və bütün ailə üzvləri ilə birlikdə Yardımlı rayonu Perambil kəndindən çıxarılmışlar. ünvan 1 ünvanında yaşamalarına dövlət tərəfindən icazə verilmişdir. 09 oktyabr 1976-ci ildə X3 vəfat etmişdir. Bakı şəhəri Yasamal rayon qəbristanlığında dəfn olunmuşdur. Ancaq o zaman ölümü barədə qeydiyyat aparılmamışdır. X6 1908-ci ildə doğulmuş 12 mart 1977-ci ildə vəfat etmişdir. Onun da barəsində ölüm qeydi aparılmamışdır. X5 30 avqust 1947-ci ildə Bakı şəhəri Oktyabr rayonunda doğulmuş və 1968-ci ildə vəfat etmiş, ancaq X5nın barəsində də ölüm haqqında şahədətnamə verilməmişdir. X4 1941-ci ildə doğulmuş və 10 noyabr 1994-cü ildə vəfat etmişdir. Onun barəsində də ölüm haqqında şahədətnamə verilməmişdir. X1, X12, X11 və X7 barəsində ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasına zərurət yaranmışdır. Göstərilənlərə əsasən 09 oktyabr 1976-ci ildə X3nun, 12 mart 1977-ci ildə X6nın, 1968-ci ildə X5nın, 10 noyabr 1994-cü ildə X4nun ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmiş, sonuncu məhkəmə iclasında isə üzrlü səbəbdən iştirak edə bilməməsinə görə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə aşağıda qeyd olunanlara əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan 19.07.1956-cı il tarixdə verilmiş № 032453 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 22.10.1936-cı il tarixdə Yardımlı rayonunda anadan olmuş, atası X14, anası X15r. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov X37 27 avqust 2008-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.02.2022-ci il tarixli arayışlardan görünür ki, X17 20 mart 1968-ci il tarixdə ölmüş, X12, Həsənov X23, Həsənov X25 ölüm haqqında akt qeydləri aşkar olunmamışdır. İşdə olan “Respublika Psixiatriya Xəstəxanası” X56 tərəfindən verilmiş 1684 №-li, 16.02.2022-ci il tarixli məktubundan görünür ki, 1941-ci il təvəllüdlü, ünvan 2 ünvanında yaşamış Həsənov X28 arxiv məlumatına görə dəfələrlə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub. Sonuncu dəfə 06.07.1994-cü il tarixdə xəstəxanaya qəbul olunub. 06.11.1994-cü il tarixdə xəstəxanada vəfat etmişdir. Həmçinin, işin materiallarında olan X21 və X24 yazılı izahatlarından görünür ki, X14 09.10.1976-cı il tarixdə vəfat etmişdir. Onun həyat yoldaşı X22 12.03.1977-ci il tarixdə vəfat etmiş və hər ikisi Yasamal qəbiristanlığında dəfn olunmuşlar. X19 30.08.1947-ci il tarixdə anadan olmuş və 1968-ci il tarixdə vəfat etmişdir. O da Yasamal qəbiristanlığında ata və anasının qanında dəfn olunmuşdur. X13 1941-ci ildə anadan olmuş və 10.11.1994cü il tarixdə vəfat etmişdir. X39 valideynlərinin olduğu Yasamal qəbiristanlığında dəfn olunmuşdur. Seyidlərin yaxınlarının böyük əksəriyyəti Abşeron rayon Xırdalan şəhər qəbiristanlığında dəfn olunmuşlar. Ona görə də Ərizəçi Yasamal qəbiristanlığında dəfn olunan X8, X12, X11 və X7 nəşlərini digər yaxınlarının dəfn olunduğu Xırdalan şəhər qəbiristanlığına köçürmək arzusundadır. Beləliklə, məhkəmədə ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin yaxın qohumları olan X14, X22, X19 və X13 müxtəlif vaxtlarda vəfat etmişlər və Yasamal qəbiristanlığında dəfn olunmuşlar. Ərizəçi onların ölüm haqqında şəhadətnamələrini ala bilməmişdir. Hazırda isə ərizəçi onların məzar yerlərini nəsillərinə məxsus olan Abşeron rayon Xırdalan qəbirstanlığına köçürmək məqsədilə hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi yaxın qohumlarının ölümü haqqında şəhadətnamələrini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi X10 ölüm haqqında akt qeydi mövcud olduğuna görə ərizə həmin hissədə təmin olunmamalıdır. Belə ki, həmin şəxsin ölməsi faktının tanınmasına zərurət aradan qalxmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli və Ərizəçi X3nun 09.10.1976-cı il tarixdə, X6nın 12.03.1977-ci il tarixdə, X4nun 10.11.1994-cü il tarixdə Bakı şəhərində vəfat etmələri faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «ölüm faktının müəyyən edilməsi»nə dair ərizəsi qismən təmin edilsin. Ərizəçi X3nun 09.10.1976-cı il tarixdə, X6nın 12.03.1977-ci il tarixdə və X4nun 10.11.1994-cü il tarixdə Bakı şəhərində vəfat etmələri faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar