Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-115/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 267 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 25% faiz ödənilmək şərtilə, 30.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə həmin tarixdə 267 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəşimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 58-də yerləşən 10 saylı mənzil “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı kredıti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.4.2-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 25.413,56 manat əsas, müddət sonuna hesablanan 6.385,51 manat faiz, 22.594,79 manat cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.087,53 manat borcu mövcuddur. Göstərilənlərə əsasən, Cavabdeh1 kredit öhdəliyi üzrə qalan 25413,56 manat icra edilməmiş əsasın, müddət sonuna hesablanan 6385,51 manat faizin, 22594,79 manat cərimənin, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.087,53 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödenilməsi, ipoteka qoyulmuş Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1-də yerləşən 10 saylı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbləri artırılaraq, cavabdehlərdən “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 267 saylı kredit müqaviləsi xx.xx.2019-cu il tarixli maliyyə arayışı üzrə yaranmış 25413,56 manat əsas borcun, 6385,51 manat faiz borcunun, 4105,39 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (MM 445.7-ci maddəsinə uyğun olaraq) əsaslanan faizin, 24250,81 manat cərimənin, 60155,27 manat cəmi borcun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan “xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1-də yerləşən 10 saylı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə qeyd olunan mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdirə Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 267 saylı kredit müqaviləsindən görünür ki, “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 24 ay müddətinə, 25% illik faiz dərəcəsi şərtilə, 30.000 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarına əlavə olunmuş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil Cavabdeh2 adına xüsusi mülkiyyət növü üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli 267 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxxx 2015-ci il tarixli 10/H-118 saylı “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” Ərizədən görünür ki, “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişlərin qeydə alınması xahiş edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31323 saylı, xx xxxxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş matenaliarında olan maliyyə arayışı məlumatları, cari hesabdan çıxarış məlumatları və xx xxx 2014-cü il tarixli 267 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 xx xxx 2016-cı il (müqavilə müddətinin bitdiyi tarixə) və xx xxx 2019-cu (sualda qeyd edilən tarixə) tarixlərə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcu ümumilikdə xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 28113,56 manat, faiz borcu üzrə 5.579,9 manat, xx.xx.2016-cı il tarixə (sualda qeyd edilən tarixə) əsas borc üzrə 28113,56 manat, faiz borcu üzrə 24350,36 müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. İşdə olan “xxxx” MMC-nin “Daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə” Hesabatına əsasən ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin bazar qiyməti 72.000 manat, likvid qiyməti 54.000 manat müəyyən olunmuşdur. Qiymətləndirmə tədqiqatının dəyəri 400 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 267 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 24 ay müddətinə, 25% illik faiz dərəcəsi şərtilə, 30.000 manat məbləğində kredit vəsaiti verilmişdir. “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 267 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir. “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx xxxxxxx 2015-ci il tarixli 10/H-118 saylı “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” Ərizəylə müraciət olunaraq “xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişlərin qeydə alınması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İşin hallarından göründüyü kimi, “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında müqavilə əsasında borc münasibətləri yaranmış, “xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir, Cavabdeh1 isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, borcverən, yəni iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərlə Cavabdeh1 kredit müqaviləlsi üzrə iddiaçıya olan əsas borcu təsdiq olunduğundan iddiaçının tələb etdiyi 25413,56 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı Cavabdeh1 faiz borcu üzrə 6385,51 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31323 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyi ilə faiz borcu 5579,95 məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən olunmuş kredity müqaviləsi üzrə 5579,95 manat məbləğlərində faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 2.5-ci bəndinə əsasən Cavabdeh1 borcun və faizlərin ödənilməsinin gecikdirilməsinə görə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq, 2500 manat həddində müəyyən edilməklə cavabdehlərdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 4105,39 manat borc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, tələbin ödənilməsi üçün tutmanın Cavabdeh2 ilə “xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ipoteka müqaviləsi ilə “xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddia tələbi Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Konkret hazırki işdə ipoteka müqavilələri 2014-cü ildə bağlanılmış və ötən müddət ərzində dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində daşınmaz əmlak bazarında qiymətlərinin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqavilələrində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İşdə olan “xxxx” MMC-nin “Daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə” Hesabatına əsasən ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin bazar qiyməti 72.000 manat, likvid qiyməti 54.000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx xxxx 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin ekspertiza vasitəsilə müəyyən edilmiş likvid qiymətlərinə uyğun olmaqla müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 267 saylı kredit müqaviləsi üzrə yaranmış 25413,56 manat əsas borc, 5579,95 manat faiz borcu, 4105,39 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (MM 445.7-ci maddəsinə uyğun olaraq) əsaslanan faiz, 2500 manat cərimə və 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq ləğv prosesində olan “xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, tutma Cavabdeh2 mülkiyyətində olan, ilkin satış qiyməti 54.000 manat məbləğində müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait ödənişə yönəldilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 150 (üç yüz) manat cavabdehlərdən müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Eyni zamanda iş üzrə aparılmış qiymətləndirmə tədqiqatlarının dəyəri - ümumilikdə 400 manat cavabdehlərdən müştərək qaydada tutularaq “xxxx” MMC, VÖEN **********, AZ65UBAZ**********0060AZN001, "UNİBANK" KB-nin 11 saylı Dərnəgül filialı, KOD502058 VÖEN **********, Müxbir hesab AZ46NABZ******************** SWİFT NABZAZ2C hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 267 saylı kredit müqaviləsi üzrə yaranmış 25413,56 (iyirmi beş min dörd yüz on üç manat, əlli altı qəpik) manat əsas borc, 5579,95 ( beş min beş yüz yetmiş doqquz manat, doxsan beş qəpik) manat faiz borcu, 4105,39 ( dörd min yüz beş manat, otuz doqquz qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (MM 445.7-ci maddəsinə uyğun olaraq) əsaslanan faiz, 2500 ( iki min beş yüz) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 60.128,90 (altmış min yüz iyirmi səkkiz manat, doxsan qəpik) manat müştərək qaydada tutularaq ləğv prosesində olan “xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan, ilkin satış qiyməti 54.000 manat (likvid dəyər) məbləğində müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilə yönəldilsin, həmin mənzil açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait ödənişə yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. İş üzrə aparılmış qiymətləndirmə tədqiqatlarının dəyəri 400 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “xxxx” MMC, VÖEN **********, AZ65UBAZ**********0060AZN001, "UNİBANK" KB-nin 11 saylı Dərnəgül filialı, KOD502058 VÖEN **********, Müxbir hesab AZ46NABZ******************** SWİFT NABZAZ2C hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-115/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-115/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver