Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1159/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsi ilə bağlı olaraq, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nömrəsiz 12 iyun 2013-cü il tarixli müqavilənin ləğv edilməsi və Cavabdehnə iddiaçı tərəfindən mənzilə görə ödənilmiş 145100 manat və əlavə olaraq nəğd şəkildə ödənilmiş 3000 manat məbləğində pulun, nömrəsiz 12 iyun 2013-cü il tarixli müqavilə üzrə iddiaçı tərəfindən mənzilə görə 145100 manat pul məbləğini ödəmək üçün iddiaçı ilə "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti arasında bağlanmış 5290 nömrəli 08 iyul 2013-cü il tarixli Kredit Müqaviləsinə əsasən açılmış kredit xətti üzrə iddiaçı tərəfindən banka 85001 manat məbləğində faiz üzrə ödənilmiş pulun və mənzilə görə ödənilmiş 148100 manat pul məbləğinin iddiaçıya qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz yəni 59232 manat (148100x5%=7450/12=617x96=59232) məbləğində pulun-ümumilikdə 292332 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 583 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 12 iyun 2013-cü il tarixdə CavabdehMTK (idarə heyətinin sədri X1 şəxsində) ilə nömrəsiz 12 iyun 2013-cü il tarixli “çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” (podrat müqaviləsi) bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən, “FF-2011" MTK Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən tikilməkdə olan kompleksin 2-ci blok, 8-ci mərtəbəsindəki (yaşayışın 4-cü mərtəbəsində) ümumi sahəsi 102.40 kv.m. olan 62 saylı mənzilin tikintisini və iddiaçıya təhvil verilməsini öz üzərinə götürmüşdür. Sözügedən müqavilənin qiyməti tərəflər arasında 145100 manat məbləğində razılaşdırılmışdır. Qeyd olunan pul məbləğini ödəmək üçün iddiaçı '‘Azərbaycan Beynəlxalq Bankı”ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti ilə 08 iyul 2013-cü il tarixli 5290 nömrəli Kredit Müqaviləsi bağlamış və həmin müqavilə əsasında açılmış kredit xətti üzrə iddiaçıya verilən 145100 manat məbləğində pul vəsaiti iddiaçının tapşırığı əsasında bank tərəfindən cavabdehin bank hesabına köçürülmüşdür. Mənzilin dəyərinin iddiaçı tərəfindən cavabdehə tam ödənilməsi iddiaçıya təqdim olunmuş 12 iyun 2013-cü il tarixli Maliyyə arayışı ilə də təsdiq olunur. Daha sonra cavabdeh mənzilin ümumi sahəsinin müqavilədə qeyd olunandan daha artıq olduğunu əsas gətirərək, iddiaçıdan əlavə olaraq 3000 manat məbləğində pul vəsaiti tələb etmiş və bu məbləğ nəğd şəkildə ödənildikdən sonra iddiaçıya 22 yanvar 2016-cı il tarixli Maliyyə arayışı təqdim olunmuşdur. Cavabdehlə iddiaçı arasında nömrəsiz 12 iyun 2013-cü il tarixli müqavilə bağlanarkən binanın bünövrəsinin qazılması ilə bağlı işlər artıq icra olunurdu, cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, 2016-cı ilədək çoxmənzilli binanın təmir-tikinti işləri tam yerinə yetiriləcək, bina istifadəyə veriləcək və payçıların mənzilləri təhvil veriləcəkdir. Lakin, cavabdehlə iddiaçının arasında bağlanmış 12 iyun 2013-cü il tarixli müqavilənin qüvvəyə minməsindən on bir il müddət keçməsinə baxmayaraq həmin çoxmərtəbəli bina ancaq 5-ci mərtəbəyə qədər tikilmiş və hal-hazırda da tikintidə heç bir iş getmir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, bəzi mənzil sahibləri müqavilə üzrə ödədikləri pulları geri ala bilmişdir. Cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyi icra etməli olduğu ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh hər il eyni cavab vermişdir - “icazə vermirlər, icazə verilsə binanı tikib qurtarardım, get hara istəyirsən şikayət et”. Yəni görünən odur ki, cavabdeh binanın tikinti işlərini qərəzli olaraq başa çatdırmaq istəmir, belə ki, cavabdeh tikintinin kim və ya hansı təşkilat tərəfindən dayandırılması və binanın istifadəyə verilməsi müddəti barədə heç bir məlumat vermir. Belə olan halda hesab etmişdir ki, Cavabdeh MTK ilə iddiaçı arasında bağlanmış nömrəsiz 12 iyun 2013-cü il tarixli müqavilə məhkəmə qaydasında ləğv olunmalı və cavabdehə iddiaçı tərəfindən ödənilmiş 145100 manat və əlavə olaraq nəğd şəkildə ödənilmiş 3000 manat (22 yanvar 2016-cı il tarixli maliyyə arayışı) ümumilikdə mənzilə görə ödənilmiş 148100 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Eyni zamanda cavabdehlə iddiaçı arasında bağlanmış 12 iyun 2013-cü il tarixli müqavilə üzrə 145100 manat məbləğində pulu ödəmək üçün iddiaçı ilə "xxxx"ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti arasında bağlanmış 08 iyul 2013-cü il tarixli 5290 nömrəli Kredit Müqaviləsi üzrə iddiaçı tərəfindən banka ödənilmiş 85001 manat məbləğində faiz məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Hesab etmişdir ki, cavabdeh binanın tikintisini 2016-cı ildə bitirərək mənzili iddiaçıya təhvil vermədiyini nəzərə alaraq mənzilə görə ödənilmiş 148100 manat pul məbləğinin iddiaçıya qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz, yəni 59232 manat (148100x5%=7450/12=617x96=59232) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsi ilə bağlı olaraq, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nömrəsiz 12 iyun 2013-cü il tarixli müqavilənin ləğv edilməsi və Cavabdehnə iddiaçı tərəfindən mənzilə görə ödənilmiş 145100 manat və əlavə olaraq nəğd şəkildə ödənilmiş 3000 manat məbləğində pulun, nömrəsiz 12 iyun 2013-cü il tarixli müqavilə üzrə iddiaçı tərəfindən mənzilə görə 145100 manat pul məbləğini ödəmək üçün iddiaçı ilə "xxxx"ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti arasında bağlanmış 5290 nömrəli 08 iyul 2013-cü il tarixli Kredit Müqaviləsinə əsasən açılmış kredit xətti üzrə iddiaçı tərəfindən banka 41330 manat məbləğində faiz üzrə ödənilmiş pulun və mənzilə görə ödənilmiş 148100 manat pul məbləğinin iddiaçıya qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz, yəni 59232 manat (148100х5%=7450/12=617х96=59232) məbləğində pulun, ümumilikdə 248662 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 539 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi üzrə iddia müddəti keçdiyindən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2016-cı ilin yanvar ayında İddiaçı onun hüquqlarının pozulması aydın olmuşdur. İddaçı İddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, 2015-ci ildən tikintiyə icazə verilmişdir. Sonra 2016-cı ilin yanvar-fevral aylarında orada təməl çuxurunu qazmağa başlamışdır. Birdə görmüşlər ki, Bakı İcra Hakimiyyətinin əməkdaşları təməl çuxurunu torpaqla doldurmuşdur. 3 aydan sonra yenidən tikinti işlərinə başlamışlar. Yenə də Bakı İcra Hakimiyyəti tərəfindən tikinti işlərinin aparılmasına imkan verilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MTK-nın şəxsində onun sədri Kazımova Ş.K ilə payçı İddiaçı İ. arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə payçıya Bakı şəhəri, Nəsimi rayonu D.Əliyeva, Ə.Topçubaşov, M.A Əliyev küçəsinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 2-ci blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102.4 kv.m təşkil edən 62 saylı mənzil 145.100 manat müqabilində verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan Cavabdeh MTK-nın xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, kompleksin 2-ci blok 8-ci mərtəbəsində yerləşən 102.4 kv.m təşkil edən 62 saylı mənzilin dəyəri 145.100 manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh MTK-nın xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, kompleksin 2-ci blok 8-ci mərtəbəsində yerləşən 102.4 kv.m təşkil edən 62 saylı mənzilin dəyəri 3000 manat payçı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-ci il tarixli 5290 saylı kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə illik 10 faiz ayda 1918 manat ödəmək şərtilə 145.100 manat kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Müştəri xidməti departamentinin məhkəməyə təqdim edilmiş arayışında göstərilmişdir ki, bankla İddiaçı arasında bağlanmış xx.xx.2013ci il tarixli 5290 saylı kredit müqaviləsinə əsasən "xxxx" MTK - Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçəsinin kəsişməsində yerləşən, 318-ci məhəllə, 2-ci blok, 8-ci mərtəbə (yaşayışın 4-cü mərtəbəsi) 2 otaqdan ibarət, ümumi sahəsi 102.4 kv.m olan 62 nömrəli mənzilin əldə edilməsinə görə 145,100.00 manat məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə kredit borcu Banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə Bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə üzrə iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, Cavabdeh MTK iddiaçı tərəfindən isə öhdəlik icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirdiyindən, onun cavabdehə qarşı öhdəliyin icra edilməsi barədə tələbi tam əsaslı olmaqla təmin edilməlidir. Cavabdehin nümayəndəsinin öhdəliyin icra edilməməsi səbəbi kimi “Bakı İcra Hakimiyyəti tərəfindən tikinti işlərinin aparılmasına imkan verilməməsi” dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, bu halın ödənilmiş pulun iddiaçıya qaytarılmaması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin “müqavilənin ləğv edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 5-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin öz üzərinə götürdükləri öhdəliklərini tam həcmdə yerinə yetirənə qədər qüvvəsini saxlayır. İş materiallarına əlavə edilmiş müqavilənin ləğv edilməsi barədə bildirişdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etməklə aralarında bağlanmış müqavilənin şərtlərinə 7 təqvim günü müddətində əməl edilmədiyi təqdirdə öhdəliyin icrası ilə yanaşı müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət edərəcəyi barədə xəbərdarlıq etmişdir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin vaxtından əvvəl (icrasından əvvəl) ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin "xxxx" ASC Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti arasında bağlanmış 5290 nömrəli 08 iyul 2013-cü il tarixli Kredit Müqaviləsinə əsasən açılmış kredit xətti üzrə iddiaçı tərəfindən banka 41330 manat məbləğində faiz üzrə ödənilmiş pulun” tutulması hissəsinə münasibətdə qeyd edir ki, bankdan MTK ilə müqavilə bağladıqdan sonra kredit götürmək iddiaçının öz seçimi olmaqla götürdüyü kreditə hesablanmış faizlərin cavabdehdən tələb edilməsi məqsədəmüvafiq hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən ev təhvil verilmiş olsaydı belə, iddiaçı götürdüyü kreditə faizləri ödəməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbinin “pul məbləğinin iddiaçıya qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci madəsinə əsasən Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MMin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin həmin pulu özündə saxlamaqla faydalanmasını təsdiq edən hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, bu hissədə iddia təmin edilə bilməz. Eyni zamanda da vurğulanmalıdır ki, tərəflər arasında müqavilə qüvvədə olduğu halda iddiaçının gecikdirilmiş müddətə illik beş faiz tutulmasını tələb etməsi hüquqi nöqteyi nəzərdən düzgün deyildir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin icra müddətinin konkret tarixlə deyil tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərin tam həcmdə yerinə yetirilməsi ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən borclunun icranı gecikdirməsi 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 207.4 manat dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş (cəmi 148100) hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 438.1 manat tutulmalı, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilmədi, tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilə ləğv edilməli, Cavabdeh MTK-dan 148100 manat və ödənilmiş dövlət rüsumuna görə 438.1 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə cavabdehin “iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi” barədə ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti hər iki tərəfin öz üzərlərinə götürdükləri öhdəliklərin tam həcmdə yerinə yetirilməsi ilə şərtləndirildiyindən müqavilə qüvvədə olmaqla, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddətini ötürməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olmadığından təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasından xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilə ləğv edilsin. Cavabdeh MTK-dan 148100 manat və ödənilmiş dövlət rüsumuna görə 438.1 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissədi onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1159/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1159/2025
20.05.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver