Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-756/2026 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): müqavilə (podrat) münasibətlərindən irəli gələn mübahisələr; müqavilənin qanunda və ya müqavilədə nəzərdə tutulan əsaslarla ləğvi, icranı qəbul etməkdən imtina və vurulan zərərin ödənilməsi; pul öhdəliyinin gecikdirilməsinə görə gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi tələbi; iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.
2. Cavabdehlə İddiaçı (bundan sonra – iddiaçı) arasında ##.##.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən iddiaçıya həmin məhəllədə yerləşən kompleksin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102.4 kv.m təşkil edən ** saylı mənzili (bundan sonra – mübahisəli mənzil) 145.100 manat müqabilində iddiaçıya satılmışdır. Müqavilədə müddət nəzərdə tutulmamış, lakin 5-ci bədində müqavilənin tərəflərin öz üzərinə götürdükləri öhdəlikləri tam həcmdə yerinə yetirənədək qüvvəsini saxlaması şərtləndirilmişdir.
3. Iddiaçı ##.##.2013-ci il tarixdə “xxxx” ASC-dən 120 ay müddətinə illik 10 faiz ayda 1918 manat ödəmək şərtilə 145.100 manat kredit götürərək mənzilin dəyərini ödəmiş və ona bu barədə ##.##.2013-cü il tarixli maliyyə arayışı verilmişdir. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə, mübahisəli mənzilin xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmasından sonra ipoteka ilə rəsmiləşdirilməsi razılaşdırılmışdır. Kredit borcu və ona hesablanmış faizlər iddiaçı tərəfindən banka tam ödənilmişdir.
4. Binanın inşasına başlanmış, lakin tikinti işlərinin ətrafda yerləşən və yerli əhəmiyyətli abidə kimi qeydə alınmış XIX əsrin sonlarına aid binaya zərər vurması səbəbindən səlahiyyətli orqanlar tərəfindən tikinti işləri dayandırılmışdır.
5. Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2014-cü il tarixli, *** saylı sərəncamı ilə mübahisəli ünvanda tikintiyə icazə verilməsinə dair ##.##.2012-ci il tarixli, *** saylı sərəncamı ləğv edilmiş, ##.##.2015-ci il tarixli sərəncamı ilə isə ##.##.2014-cü il tarixli, *** saylı sərəncamı öz qüvvəsini itirmişdir.
6. Bundan sonra Bakı şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən ##.##.2015-ci il tarixli, *** nömrəli tikinti işlərinin başlanması üçün xüsusi nişan verilmişdir.
7. ##.##.2016-cı il tarixdə cavabdehin tələbi ilə iddiaçı tərəfindən mənzilə dair əlavə olaraq 3000 manat ödəniş icra edilmiş və bu barədə yeni maliyyə arayışı verilmişdir.
8. ##.##.2016-cı il tarixdə Iqtisadiyyat Nazirliyi tərəfindən cavabdehə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə verilməsi ilə bağlı lisenziya verilmişdir.
9. Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2018-ci il tarixli, *** nömrəli sərəncamı ilə cavabdehə mübahisəli ünvanda ofis və yaşayış binalarının tikilməsinə icazə verilmiş, Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən ##.##.2018-ci il tarixli, *** nömrəli tikinti işlərinin başlanması üçün xüsusi nişan verilmişdir.
10. Bakı şəhər Icra Hakimiyyəti Başçısının *** nömrəli ##.##.2018-ci il tarixli Sərəncamı ilə isə sözügedən sərəncam və bu onun icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir.
11. Cavabdeh bu tarixdən sonra tikintiyə icazənin bərpa edilməsi üçün cəhdlər etmiş, sifarişçilər və dövlət orqanları ilə danışıqlar aparmış, tikinti işlərinin davam etdirilməsinə nail olmaq üçün tədbirlər görmüşdür. ##.##.2019-cu il tarixində “xxxx” ASC tərəfindən mübahisəli yaşayış binasına dair texniki şərt, ##.##.2019-cu il tarixdə AR Baş Nazirinin müavinin obyektin tikintisinin davam etdirilməsi barədə müsbət rəy, ##.##.2019-cu il tarixdə AMEA tərəfindən rəy verilmişdir.
12. Iddiaçı ##.##.2024-cü il tarixdə cavabdehə müraciət etməklə aralarında bağlanmış müqavilənin şərtlərinə 7 təqvim günü müddətində əməl edilmədiyi təqdirdə öhdəliyin icrası ilə yanaşı müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət edərəcəyi barədə xəbərdarlıq etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. Iddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr təqdim edərək cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsi ilə bağlı müqavilənin ləğv edilməsi və cavabdehə iddiaçı tərəfindən mənzilə görə ödənilmiş 145100 manat və əlavə olaraq nəğd şəkildə ödənilmiş 3000 manat məbləğində pulun, habelə, 145100 manat pul məbləğini ödəmək üçün iddiaçı tərəfindən banka ödənilmiş 41330 manat məbləğində faizin qaytarılmasını; öhdəliyi gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz, yəni 59232 manat (148100х5%=7450/12=617х96=59232) məbləğində pulun, ümumilikdə 248662 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 539 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə bağlanarkən binanın bünövrəsinin qazılması ilə bağlı işlər artıq icra olunurdu, cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, 2016-cı ilədək çoxmənzilli binanın təmir-tikinti işləri tam yerinə yetiriləcək, bina istifadəyə veriləcək və payçıların mənzilləri təhvil veriləcəkdir. Lakin müqavilənin qüvvəyə minməsindən on bir il müddət keçməsinə baxmayaraq həmin çoxmərtəbəli bina ancaq 5-ci mərtəbəyə qədər tikilmişdir və hal-hazırda da tikintidə heç bir iş getmir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, bəzi mənzil sahibləri müqavilə üzrə ödədikləri pulları geri ala bilmişdir. Cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyi icra etməli olduğu ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh hər il eyni cavab vermişdir - “icazə vermirlər, icazə verilsə binanı tikib qurtarardım, get hara istəyirsən şikayət et”. Yəni görünən odur ki, cavabdeh binanın tikinti işlərini qərəzli olaraq başa çatdırmaq istəmir, belə ki, cavabdeh tikintinin kim və ya hansı təşkilat tərəfindən dayandırılması və binanın istifadəyə verilməsi müddəti barədə heç bir məlumat vermir. Hesab edir ki, cavabdehi binanın tikintisini 2016-cı ildə bitirərək mənzili iddiaçıya təhvil vermədiyini nəzərə alaraq mənzilə görə ödənilmiş 148100 manat pul məbləğinin iddiaçıya qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz, yəni 59232 manat (148100x5%=7450/12=617x96=59232) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmiş, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2016-cı ilin yanvar ayında iddiaçıya hüquqlarının pozulması aydın olmuşdur. Iddaçı hazırki iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.
16. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili vəkil1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 2015-ci ildən tikintiyə icazə verilmişdir. Sonra 2016-cı ilin yanvarfevral aylarında orada təməl çuxuru qazılmağa başlanmışdır. Bir də görmüşlər ki, Bakı Icra Hakimiyyətinin əməkdaşları təməl çuxurunu torpaqla doldurmuşdur. 3 aydan sonra yenidən tikinti işlərinə başlamışlar. Yenə də Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən tikinti işlərinin aparılmasına imkan verilməmişdir.
17. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- *(***)-****/**** nömrəli iş üzrə ## ### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək tərəflər arasında ##.##.2013-cü il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi, cavabdehdən 148100 manat və ödənilmiş dövlət rüsumuna görə 438.1 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Nail Abbasov).
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən öhdəlik icra edilməmişdir. Cavabdehin nümayəndəsinin öhdəliyin icra edilməməsi səbəbi kimi “Bakı Icra Hakimiyyəti tərəfindən tikinti işlərinin aparılmasına imkan verilməməsi” dəlilləri ödənilmiş pulun iddiaçıya qaytarılmaması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
19. Məhkəmə müqavilənin ləğvi tələbinə münasibətdə qeyd etmişdir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, müqavilənin vaxtından əvvəl (icrasından əvvəl) ləğv edilməsini tələb etməkdə haqlıdır.
20. Məhkəmə iddia tələbinin “kredit xətti üzrə iddiaçı tərəfindən banka 41330 manat məbləğində faiz üzrə ödənilmiş pulun” tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, bankdan MTK ilə müqavilə bağladıqdan sonra kredit götürmək iddiaçının öz seçimi olmaqla götürdüyü kreditə hesablanmış faizlərin cavabdehdən tələb edilməsi məqsədəmüvafiq hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən ev təhvil verilmiş olsaydı belə, iddiaçı götürdüyü kredit faizlərini ödəməli idi.
21. Məhkəmə iddia tələbinin “pul məbləğinin iddiaçıya qaytarılmasını gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz” hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Cavabdehin həmin pulu özündə saxlamaqla faydalanmasını təsdiq edən hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Iddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, bu hissədə iddia təmin edilə bilməz. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin icra müddəti konkret tarixlə deyil, tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərin tam həcmdə yerinə yetirilməsi ilə şərtləndirilmişdir.
22. Məhkəmə iddia müddətinin tətbiqinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti hər iki tərəfin öz üzərlərinə götürdükləri öhdəliklərin tam həcmdə yerinə yetirilməsi ilə şərtləndirildiyindən müqavilə qüvvədə olmaqla, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddətini ötürməmişdir.
23. Məhkəmə mövqeyini Mülki Məcəllənin 375.2, 377.2, 377.3, 385.1, 386.1, 442, 445.1, 421.2, 423.2, 443.1, 443.2, 445,2, 445.7, 746.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ##.##.2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat:
24. Hər iki tərəf qətnamədən apellyasiya şikayəti vermişdir.
25. Iddiaçı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilib iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə onun nümayəndəsinin mövqeyini qeyri-müəyyən səbəblərə görə ümumiyyətlə qətnamədə qeyd etməyib. O, binanın tikilib qurtardıqdan sonra təhvil verildiyi halda daşınmaz əmlakın dəyərinin kifayət qədər artacağı və kredit faizlərinə çəkdiyi xərci üstələyəcəyi gözləntisi olduğuna görə, o, sözügedən kredit müqaviləsini bağlamışdır. Hesab edir ki, cavabdehin öhdəliyi icra etmədiyinə görə açılmış kredit xətti üzrə iddiaçının ödədiyi 41.330,89 manat məbləğində pul dəymiş zərər kimi cavabdeh tərəfindən ona ödənilməlidir. Belə ki, heç bir tikinti işləri aparılmamış və hətta köçürmə işləri də həyata keçirilməmişdir və hal-hazırda da tikintidə heç bir iş getmir. Cavabdeh tikintiyə icazə haqqında sərəncamın ləğv edilməsi, podrat müqaviləsi üzrə öhdəliyini icra edə bilməyəcəyi barədə payçı kimi ona məlumat verərək, sözügedən müqavilə üzrə tərəfindən mənzilə görə ödənilmiş 148.100 manat məbləğində pulu ona qaytarmasını təklif etmək əvəzinə, tikintini 2016-cı ildə bitirməli olduğunu söz verdiyi halda həmin məbləği ona qaytarmamış, həmin pulu qanunsuz olaraq özündə saxlamışdır. Hesab edir ki, Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsinə əsasən cavabdeh pul məbləğinin ödənilməsini gecikdirməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə 2016-cı ildən olmaqla illik beş faiz cavabdeh tərəfindən ona ödənilməlidir.
26. Cavabdeh apellyasiya şikayətində qətnaməsin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, cavabdeh MTK tikintinin başlanması, davam etdirilməsi və yekunlaşdırılması üçün bütün zəruri və zəruri olmayan dövlət təşkilatlarından müvafiq icazələri almış, tikintiyə başlamış, sadəcə sonradan bəzi dövlət orqanlarının qanunsuz və əsassız hərəkətləri nəticəsində həmin tikinti işlərinin davam etdirilməsi cavbdehin iradəsindən aslı olmayaraq yarımçıq qalmışdır. Tərəflər arasında bağlanmış ##.##.2013-cü il tarixli müqavilənin 6-cı maddəsinin d) bəndinə əsasən, fors major halarında öhdəliklərin icrasını qeyri-mümkün edən sair hallar kimi dövlət orqanlarının əsassız və qanunsuz olaraq tikintini dayandırması nəzərə alınmalıdır. Bundan başqa, qanunvericiliyin iddia müddətinin tətbiqi ilə bağlı müddəalarına əsaslanan ərizəni hakim qətnamədə qeyd etməmiş və ona heç bir münasibətini bildirməmişdir. ##.##.2025-ci il tarixə saat 16:00-a təyin edilmiş məhkəmə hazırlıq iclasında iddiaçı İddiaçı məhkəməyə sərbəst izahat verərək bildirdi ki, “indiki Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev mənim uşaqlıq dostumdur və 2016-cı ilin yanvar ayında mənə bildirdi ki, həmin bina tikilməyəcək. O, onda bildi ki, hüquqları pozulub və onun mənzili verilməyəcək.” (məhkəmə iclasının audio-video çəkilişində və məhkəmə iclas protokolunda qeyd edilmişdir). Iddiaçıya tərəfindən verilmiş suallara verdiyi cavablar da bir daha hər kəsi əmin etdi ki, artıq 2016-cı ilin yanvar ayında iddiaçıya onun hüquqlarının pozulması aydın olmuşdur. Iddaçı İddiaçı hazırki iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı, məhkəmə hazırlıq iclasında verdiyi iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə hakim heç bir münasibət bildirməyərək hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmışdır.
27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil1 əlavə olaraq bildirmişdir ki, hal-hazırda Nəsimi Rayon Məhkəməsində cavabdeh şirkətin kredit borcları ilə bağlı işlər gedir. Onlar ilk gündən deyir ki, bu iddia təmin olsa belə, icrası mümkün olmayacaqdır. Cavabdeh şirkətin büdcəsi yoxdur. 12 ildir ki, hər ay üçün oranın sakinləri üçün kirayə haqqı ödənilir. Onlar tərəfdarıdır ki, mənzilin tikilərək təhvil verilməsi öhdəliyi üzərlərinə qoyulsun, belə olan halda aidiyyəti qurumlara müraciət edə bilərlər. Eyni zamanda burada iddia müddəti tətbiq olunmalıdır. Iddiaçıya 2016-cı ildə binanın tikilməyəcəyi ilə bağlı bildirilmişdir. Iddiaçının cavabdeh şirkətə müraciət etməsi ilə bağlı heç bir məlumatı yoxdur. Iddiaçının heç bir rəsmi müraciəti olmamışdır. Barışıqla bağlı bildirir ki, qarşı tərəf mənzilin təhvil verilməsi ilə bağlı iddia versə daha məqbul olacaq. Çünki pul tələbi ilə bağlı iddiaların icrası ilə bağlı Nəsimi Rayon Icra Şöbəsində iş çoxdur və icrası da mümkün deyildir. Bir neçə dəfə IXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunsa da daha sonra xitam verilmişdir. Cavabdeh binanın tikilməsi üçün hələ də cəhdlər edir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev).
29. Birinci instansiya məhkəməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin tikinti işlərini davam etdirməsi müvafiq dövlət orqanı tərəfindən əvvəl verilmiş icazənin ləğv edilməsi səbəbindən mümkün olmamışdır. Podratçı verilmiş icazəyə əsasən şəhərsalma və tikinti qanunvericiliyinin pozulmadığına əmin olaraq tikinti işlərinə başlamış, tikintinin qanuniliyi barədə yanlış məlumat verməklə sifarişçiləri yanıltmamış, mümkün risklər barədə susmamışdır. Qeyd edilən hallar iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır.
30. Bu səbəbdən, müqavilə üzrə ödənilmiş məbləğdən başqa, iddiaçının zərərə uğradığı ehtimal edilən maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyət daşıması barədə nəticəyə gəlmək mümkün deyildir. Çünki, hazırkı işdə zərərin yaranmasına dəlalət edən cavabdehin qanunsuz davranışına yol verdiyi hallar müəyyən edilmir. Cavabdeh sübut etmişdir ki, müqavilə bağlanarkən onun həmin halları əvvəlcədən nəzərə alması, yaxud bu halları və nəticələrini istisna etməsi və ya aradan qaldırması mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, cavabdehin icranı gecikdirməsi iddiaçıya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, lakin bu, yalnız o halda mümkündür ki, borclu pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
31. Cavabdehin iddia müddətinin tətbiqi barədə dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, öhdəlik davam edən xarakter daşıyırsa və borclu onun icrasından qəti şəkildə imtina etməmişdirsə müqavilənin bağlanma tarixi və ya işlərin icra edilməməsi özözlüyündə iddia müddətinin başlanması üçün kifayət əsas hesab edilə bilməz.Podrat müqaviləsinin hüquqi təbiəti baxımından həmin müqavilə üzrə öhdəlik, nəticə təhvil verilənədək və ya müqaviləyə xitam verilənədək davam edən xarakter daşıyır. Yəni podratçı işin nəticəsini təhvil vermədikcə və ya müqavilənin icrasından açıq şəkildə imtina edib onu ləğv etmədikcə pozuntu qəti xarakter almır, sifarişçi isə nəticənin gələcəkdə əldə olunacağına ümid etməyə haqlı olur.
32. Cavabdehin 2016-cı ildə tikinti işlərinin davam etdirilməcəyi barədə iddiaçının məlumatlı olduğuna istinad eməsinə baxmayaraq, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh bu tarixdən sonra da tikintiyə icazənin bərpa edilməsi üçün cəhdlər etmiş, sifarişçilər və dövlət orqanları ilə danışıqlar aparmış, bununla da tikinti işlərini davam etdərəcəyinə sifarişçiləri, o cümlədən iddiaçını inandırmış, açıq şəkildə icradan imtina etməmişdir. Hazırda da cavabdehin səlahiyyətli dövlət orqanlarına müraciət edərək tikinti işlərinin davam etdirilməsinə nail olmaq üçün tədbirlər gördüyü müəyyən olunur. Məhkəmə iclasında da nümayəndəsi tikinti işlərinin tamamlanmasının mümkün olduğunu bildirir. Işdə olan “xxxx” ASC tərəfindən mübahisəli yaşayış binasına dair texniki şərtin verilməsi ##.##.2019-cu il tarixinə, AR Baş Nazirinin müavinin obyektin tikintisinin davam etdirilməsi barədə müsbət rəyin verilməsi ##.##.2019-cu il tarixinə, AMEA-nın rəy verilməsi ##.##.2019-cu il tarixinə təsadüf etdiyi müəyyən edilir.
33. Nəzərə alınmadır ki, iddia müddətinin axımı bir qayda olaraq şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Tərəflər arasında bağlanılmış podrat müqaviləsi üzrə münasibətlər davam edən xarakter daşıdığından, müqavilənin ləğvinə dair pretenziya məktubunun təqdim edildiyi tarix - ##.##.2024-cü il tarixi – iddia müddətinin başlanğıcı kimi qəbul edilməlidir. Iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisənin daşınmaz əşyaya dair bağlanmış müqavilə münasibətlərindən irəli gəlməsi nəzərə alınmaqla, mübahisəyə MM-in 373.2-ci maddəsində uyğun olaraq altı illik iddia müddəti tətbiq edilməlidir. Belə olan halda iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş bu müddəti ötürmədən məhkəməyə müraciət etdiyi qənaətinə gəlinməlidir.
34. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 372, 373.2, 3775, 377, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 422.1, 423.1, 425, 442, 443, 445.2.1, 446.1, 446.2, 46.4, 446.5, 448.1, 448.2,752.1, 452.2, 753.1, 759, 762.1, 769, 770, 1115-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Hər iki tərəf qətnamədən kassasiya şikayəti vermişdir.
36. Iddiaçı (vəkil vəkil2) kassasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayətininin dəlillərinə görə müqavilənin qüvvəyə minməsindən 11 il müddət keçməsinə baxmayaraq tikintidə iş getmir. Məhkəmə kollegiyası əsassız olaraq belə qənaətə gəlmişdir ki, "Cavabdehin tikinti işlərini davam etdirməsi müvafiq dövlət orqanı tərəfindən əvvəl verilmiş icazənin ləğv edilməsi səbəbindən mümkün olmamışdır. Podratçı verilmiş icazəyə əsasən şəhərsalma və tikinti qanunvericiliyinin pozulmadığına əmin olaraq tikinti işlərinə başlamış, tikintinin qanuniliyi barədə yanlış məlumat verməklə sifarişçiləri yanıltmamış, mümkün risklər barədə susmamışdır. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh tikintiyə icazə haqqında sərəncamın ləğv edilməsi, podrat müqaviləsi üzrə öhdəliyini icra edə bilməyəcəyi barədə payçı olan iddiaçıya məlumat verərək, sözügedən müqavilə üzrə iddiaçı tərəfindən mənzilə görə ödənilmiş 148100 manat məbləğində pulu iddiaçıya qaytarmasını təklif etmək əvəzinə, tikintini 2016-cı ildə bitirməli olduğunu söz verdiyi halda həmin məbləği iddiaçıya qaytarmamış, həmin pulu qanunsuz olaraq özündə saxlamışdır. Iddiaçı hesab edir ki, Azərbaycan Respublikasının MM-nin 445.7-ci maddəsinə əsasən cavabdeh pul məbləğinin ödənilməsini gecikdirməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə 2016-cı ildən olmaqla illik beş faiz cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan hüquq normalarını kobud şəkildə pozmuş və iddiaçının pul məbləğini özündə saxlayaraq gecikdirməsinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğin cavabdehdən almaq hüququnu məhdudlaşdıran qətnamə qəbul etməklə kifayət qədər əsaslı olan iddianı təmin etməmişdir. Bununla da MM-nin 21.1, 21.2, 443.1, 443.2, 445.7, 446.1, 446.2-ci maddələrinin tələbləri pozulmuşdur.
38. Binanın tikilib qurtardıqdan sonra təhvil verildiyi halda daşınmaz əmlakın dəyərinin kifayət qədər artacağı və kredit faizlərinə çəkdiyi xərci üstələyəcəyi gözləntisi olduğuna görə iddiaçı götürdüyü krediti bağlamışdır. Hesab edir ki, cavabdehin öhdəliyi icra etmədiyinə görə açılmış kredit xətti üzrə iddiaçının õdədiyi 41330.89 manat məbləğində pul dəymiş zərər kimi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmələr iddianı bu hissədə təmin etməməklə Mülki Məcəllənin 424.5 və 442-ci maddələrinin tələblərini pozmuşdur.
39. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, MM-in 442-ci maddəsinə istinad edərkən hakim hansı nəticəyə gəldiyini və hansı halları nəzərə alıb-almadığını qeyd etməmişdir. Belə ki, normanın da məzmunundan görünür ki, öhdəliyin icra edilməməsi dedikdə qarşı tərəfin qəsdən həmin öhdəlikləri yerinə yetirməməsi başa düşülür. Halbuki, elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, cavabdeh MTK tikintinin başlanması, davam etdirilməsi və yekunlaşdırılması üçün bütün zəruri və zəruri olmayan dövlət təşkilatlarından müvafiq icazələri almış, tikintiyə başlamış, sadəcə sonradan bəzi dövlət orqanlarının qanunsuz və əsassız hərəkətləri nəticəsində həmin tikinti işlərinin davam etdirilməsi cavabdehin iradəsindən aslı olmayaraq yarımçıq qalmışdır.
41. ##.##.2025-ci il tarixə saat 16:00-a təyin edilmiş məhkəmə hazırlıq iclasında iddiaçı İddiaçı məhkəməyə sərbəst izahat verərək bildirdi ki, “indiki Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev mənim uşaqlıq dostumdur və 2016-cı ilin yanvar ayında mənə bildirdi ki, həmin bina tikilməyəcək. Mən onda bildim ki, mənim hüquqlarım pozulub və mənim mənzilim verilməyəcək.” (məhkəmə iclasının audio-video çəkilişində və məhkəmə iclas protokolunda qeyd edilmişdir.) Iddiaçıya tərəfindən verilmiş suallara verdiyi cavablar da bir daha hər kəsi əmin etdi ki, artıq 2016-cıilin yanvar ayında iddiaçıya onun hüquqlarının pozulması aydın olmuşdur. Həm birinci instansiya, həmdə apellyasiya instansiyası məhkəməsi iddia müddəti ilə bağlı məsələyə düzgün qiymət verməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətlərinə dair etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 45.Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 46.Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 47.Maddə 377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 48.Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 49.Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 50.Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 51.Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 52.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 53.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 54.Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 55.Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 56.Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 57.Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 58.Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 59.Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 60.Maddə 446.5. Gecikdirmə zamanı kreditor onun təqsirindən asılı olmayaraq: 446.5.1. müqavilə predmetinin saxlanması ilə əlaqədar çəkilmiş artıq xərclərin əvəzini borcluya ödəməlidir; 446.5.2. əşyanın təsadüfən korlanması və ya məhv olması riski onun üzərinə düşür; 446.5.3. pul öhdəliyi üçün faizlər almaq hüququna daha malik deyildir. 61.Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 62.Maddə 556.1. Icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. 63.Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 64.Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 65.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 66.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 67.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 68.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 69.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 70.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
71.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 72.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
73.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehdən öhdəliyi gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz məbləğində pulun tutulmasının rədd edilməsi barədə düzgün nəticəyə gəlinməməklə maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyindən qətnamə həmin hissədə ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmalıdır. 74.Apellyasiya instansiyası məhkəməsi sözügedən hissədə iddianı rədd edərkən qeyd etmişdir ki, zərərin yaranmasına dəlalət edən cavabdehin qanunsuz davranışa yol verdiyi hallar müəyyən edilmir. Cavabdeh sübut etmişdir ki, müqavilə bağlanarkən onun həmin halları əvvəlcədən nəzərə alması, yaxud bu halları və nəticələrini istisna etməsi və ya aradan qaldırması mümkün olmamışdır. 75.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmələr ziddiyyətli hüquqi mövqe göstərmiş, bir tərəfdən müqaviləni ləğv edərək ödənilmiş vəsaiti tutmaqla cavabdehi öhdəliyin icrasının gecikdirilməsində təqsirli saymış, digər tərəfdən isə, cavabdehi eyni məsələdə təqsirsiz hesab edərək iddiaçını MM-nin 445.7-ci maddəsində nəzərdə tutulan faiz məbləğindən məhrum etmişlər. Halbuki, həmin faiz məbləği pul öhdəliyinin gecikdirilməsi ilə bağlıdır, hazırkı mübahisədə cavabdehin pul öhdəliyi isə müqavilənin ləğvi ilə yaranmışdır. Şəxsin əsas müqavilə öhdəliklərinin pozulmasında təqsirli olub-olmaması məsələsi isə iddia müddətinin tətbiqi baxımından əhəmiyyətlidir. 76.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həm də cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən məhkəmə kollegiyası müqavilənin ləğvinin əsaslı olub-olmaması da daxil olmaqla aşağıdakı məsələləri qeyd etməyi zəruri hesab edir:
77. Ilk öncə qeyd edilməlidir ki, kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər (§59). Borclunun icranı gecikdirməsi dedikdə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi başa düşülür. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır (§56- 57). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilədə müddət nəzərdə tutulmasa da, işin və qüsurun xarakterinə, işgüzar adətlərə və ya dürüstlük qaydasına görə ağlabatan müddət əsas götürülməlidir. 78.O da qeyd edilməlidir ki, borclu, bir qayda olaraq onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (MM, m.448.1-448.2). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (§ 53). Eyni qaydada, həmin Məcəllənin 447.7-ci maddəsinə əsasən, ikitərəfli müqavilələrdə borclu öhdəliyini icra etmədiyinə görə kreditor müqavilədən çıxdıqda ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. 79.Yuxarıdakı normaların təhlili onu göstərir ki, müqavilənin ləğv edilməsi və ya icranı qəbul etməkdən imtina edilməsi tələbləri ilə çıxış emək hüququnun yaranması üçün öhdəliyin icrasının gecikməsi mütləq şəkildə borclunun təqsiri üzündən baş verməlidir. Əgər gecikmə borclunun təqsiri nəticəsində baş verərsə, o zaman müqavilənin kreditorun birtərəfli tələbi ilə ləğvi və müqavilə öhdəliyinin pozulması əsası ilə vurulan zərərin geri qaytarılması mümkün olar. Bunun əksi, yəni, öhdəliyin pozulmasının borclunun cavabdeh olmadığı hallardan qaynaqlandığı sübuta yetirildikdə isə MM-nin 448.4 və 556.1-ci maddələri tətbiq olunmaqla icranın mümkün olmaması əsası ilə avtomatik öhdəliyə xitam verilmiş olur, bu zaman isə tərəflər arasında müqavilə münasibətləri aradan qalxdığı üçün mübahisələrə əsassız varlanma qaydaları tətbiq edilir (§ 61-62). 80.O da qeyd edilməlidir ki, hazırkı işdə cavabdeh tərəfindən icra edilməli müqavilə öhdəliyi mənzilin təhvil verilməsi olmaqla pul öhdəliyi olmamışdır. Buna görə də, əgər öhdəliyin pozulmasında cavabdehin təqsiri müəyyən edilərsə, mərhələli şəkildə - iddiaçının cavabdehə pretenziya ilə müraciət etdiyi vaxtdan müqavilə ləğv edilmiş sayılır. Müqavilə ləğv edildikdən sonra cavabdehin öhdəliyi artıq pul öhdəliyinə çevrilir (mənzilin dəyərinin qaytarılması). Pul öhdəliyinin icrası da cavabdeh tərəfindən təqsirli şəkildə pozularsa, iddiaçının cavabdehdən MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuş faiz tələbi yaranır. 81.Əgər öhdəliyin pozulmasında cavabdehin təqsiri yoxdursa, bu zaman müqavilə münasibətlərinin – hüquqi əsasın aradan qalxması ilə cavabdehin iddiaçı qarşısında yenə də pul öhdəliyi yaranır və yenə də pul öhdəliyinin təqsirli icra edilməməsi iddiaçının MM-nin 445.7ci maddəsində nəzərdə tutulmuş tələb hüququnun yaranması ilə nəticələnir. 82.Başqa sözlə hər bir halda, hansı əsasla yaranmasından asılı olmayaraq hazırkı mübahisədəki pul öhdəliyinin yaranması münasibətlərin ikinci mərhələsində baş verir, bu səbəbdən də ilk öncə pul öhdəliyinin yaranmasına səbəb olan qanuni əsasın düzgün müəyyən edilib-edilməməsi yoxlanılmalıdır. 83.Hazırkı iş üzrə cavabdehin öhdəliyi dəyəri ödənilmiş mənzili iddiaçıya təhvil verməkdən ibarət olmuş, lakin öhdəlik ağlabatan müddətdə icra edilmədiyindən iddiaçı icraya marağını itirmiş, bu səbəbdən də cavabdehə pretenziya qaydasında müraciət edərək icranı qəbul etməkdən imtina etmiş, müqavilənin ləğvini və dəymiş zərəri geri tələb etmişdir. Cavabdeh tərəf isə öhdəliyinin icrasının müxtəlif dövlət orqanlarının əsassız olaraq yaratdığı hüquqi maneələr nəticəsində gecikdirildiyini iddia etmişdir. 84.Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mübahisə zamanı cavabdehin üzərinə düşən öhdəliklərin icra edilməməsi işin mübahisələndirilməyən halıdır. Lakin iş üzrə mübahisələndirilən və iddianın qanuni əsası baxımından əhəmiyyətli hal öhdəliyin pozulmasında cavabdehin təqsirli olub-olmamasıdır. 85.Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr öhdəliyin icrasının cavabdehin təqsiri səbəbindən gecikdirilməsi əsası ilə müqaviləni ləğv etməkdə və mənzilin dəyərini cavabdehdən müqavilə öhdəliklərinin pozulması əsası ilə tutmaqla düzgün nəticəyə gəlmişlər. Belə ki, işin faktiki halları ilə öhdəliyin icrasının cavabdeh tərəfindən təqsirli olaraq ləngiməsi öz təsdiqini tapır. Birincisi, cavabdehin öhdəliyin pozulması ilə bağlı istinad etdiyi hüquqi maneə (qadağa) əslində öz fəaliyyət sferası sahəsində baş vermişdir və onun risk dairəsinə aid olmuşdur, başqa sözlə çoxmənzilli tikililərin inşası fəaliyyəti ilə məşğul olan şəxs bu fəaliyyəti həyata keçirərkən ətrafa vurula biləcək zərər ehtimallarını göz önünə almalı, fəaliyyətini həyata keçirərkən qonşu sahədə yaşayan kənar şəxslərə məxsus əmlaklara ziyan vurmamalıdır. Ikincisi, məhz bu halın nəticəsidir ki, iş materiallarına əlavə edilmiş ayrı-ayrı işlər üzrə qəbul edilən və qanuni qüvvəsini alan məhkəmə qətnamələri ilə iddiaçı ilə eyni statusda olan və eyni binadan mənzil alan sakinlərin cavabdehə qarşı mənzilin təhvil verilməsi barədə tələbləri təmin edilməklə qətnamələrdə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin təqsirli şəkildə pozulması faktı müəyyən edilmişdir. 86.Beləliklə, öhdəlik cavabdehin təqsiri nəticəsində icra edilməmiş və iddiaçının icraya olan marağı itmişdir. Bu səbəbdən də iddiaçının MM-nin 421.2-ci, 445.8-ci maddəsi əsasında müqavilənin ləğv edilməsi, icranın qəbulundan imtina edilməsi və zərərin ödənilməsi tələbləri ilə çıxış etmək hüququ yaranmışdır. Həmin normaya görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
87. Konstitusiya Məhkəməsinin sərgilədiyi mövqeyə görə, MM-in 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. ... Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## #### 2023-cü il tarixli Qərarı) 88.Göründüyü kimi, iddiaçının cavabdehə pretenziya ünvanlaması ilə tərəflər arasında müqavilə ləğv edilmiş sayılmaqla cavabdehin iddiaçıya qarşı MM-in 445.8-ci maddəsində nəzərdə tutulmuş pul öhdəliyi yaranmışdır. Lakin, cavabdeh iddiaçıya həmin vəsaiti qaytarmaqdan da imtina etmiş, iddiaçı məhkəməyə müraciət etmişdir. Bu zaman iddiaçının həm də MM-in 445.7-ci maddəsindən irəli gələn faiz tələbi ilə çıxış etmək hüququ da yaranmışdır. 89.Mülki qanunvericiliyə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (MM, m. 425.1) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (§ 52) 90.Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (§ 55) MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. (§ 58) 91.Göstərilən hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmədiyindən, cavabdehdən iddiaçının xeyrinə MM-nin 445.7-ci maddəsi ilə nəzərdə tutulan faizin tutulmaması hissəsində səhv nəticəyə gəlinmişdir. 92.Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin digər dəlilləri və cavabdehin kassasiya şikayəti ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qalan hissədə əsaslı olmuş, həmin hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmələr haqlı olaraq qeyd etmişlər ki, iddiaçının mənzili əldə etmək məqsədi ilə bankdan götürdüyü kreditə ödədiyi faizlər mənzilin dəyəri və vurulan zərər kimi qiymətləndirilə bilməz. 93.Məhkəmə kollegiyası həmçinin iddia müddətinin ötürülməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd edir ki, cavabdeh iddiaçının hüquqi maneədən 2016-cı ildən xəbərdar olmasına istinad edərək iddia müddətinin başlanğıcının 377.1-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalı olduğunu iddia etmişdir. Sözügedən normada göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin istisnalardan biri də Mülki Məcəllənin 377.3-cü maddəsində nəzərdə tutulmuşdur: icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində icra müddəti müəyyənləşdirilməmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması 377.3-cü maddəsinin təsir dairəsinə düşmüşdür. Odur ki, müqavilənin ləğvinə dair pretenziya məktubunun təqdim edildiyi tarixdən hesablanmasına dair məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Iddiaçı o halda iddia müddətini ötürmüş sayıla bilərdi ki, cavabdeh əsas öhdəliyi təqsirsiz şəkildə pozsun, iddiaçını bu barədə vaxtında xəbərdar etsin və aradan qalxmış əsasla əlaqədar cavabdehin öhdəliyi əsassız varlanma nəticəsində yaransın. Hazırkı mübahisədə bu hal aşkar edilməmişdir. 94.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. (2.2-ci bəndi) Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. (2.4cü bəndi) 95.Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 96.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə ləğv edilməli, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən yuxarıda göstərilən məsələlər yenidən araşdırılmalıdır. 97.Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Cavabdeh MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi qismən – “öhdəliyi gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz məbləğində pulun tutulması” hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.