Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3885/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4593 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə avtomobilin geri verilməməsi səbəbindən dəymiş zərərin əvəzi kimi 27715.52 manat əsas borc pulun, dövlət rüsumu qismində ödənilmiş 173 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır; 40.3.saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair tələblərinə riayət edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən tərəflər öz aralarındakı saziş ilə ərazi aidiyyətini dəyişdirə bilərlər. Bu zaman ərazi aidiyyətinin dəyişdirilməsinə dair Saziş yazılı şəkildə ifadə olunmalıdır.
5. Hazırki mülki iş üzrə işin faktiki halı ondan ibarətdir ki, İddiaçı MMC Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli 4593 nömrəli nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə həmin tarixli və nömrəli zaminlik müqaviləsi bağlamışdır.
6. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli “əşyanın nisyə alqı-satqısı” haqqında müqavilənin 11.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, mübahisəli hallar yarandıqda məsələnin həllinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasına satıcı və alıcı tərəflər razıdırlar.
7. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən saziş bağlanılaraq işin ərazi aidiyyətinin dəyişdirilməsinin mümkünlüyü müəyyən edilmişdir.
8. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadında hazırki iş üzrə tərəflər arasında mülki prosessual qanunvericiliyin müqavilə aidiyyəti qaydalarına uyğun olaraq saziş bağlanılaraq mülki işin ərazi adiyyətinin dəyişdirilərək Bakı şəhəri Xətai rayon Məhkəməsi müəyyən edilməsi iddiaçının diqqətinə çatdırılmasına baxmayaraq iddiaçı cavabdehin rəsmi qeydə alındığı yer üzrə Nizami rayon Məhkəməsinə müraciət etmişdir.
9. Məhkəmə qeyd edir ki, cavabdeh Nizami rayonu ərazisində qeydiyyat da olsa da, hazırda tərəflər arasında bağlanılmış müqavilədə yaranmış mübahisələrin Bakı şəhəri Xətai Rayon Məhkəməsində həll edilməsinə dair tərəflər arasında qarşılıqlı razılıq əldə olunmuşdur.
10. Məhkəmə həmçinin qeyd edir ki, Məhkəmənin 2(007)-3606/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddiaçı tərəfindən ödənilmiş173 manat məbləğində dövlət rüsumunun geri qaytarılması qərara alınmasına baxmayaraq iddiaçı eyni qəbzi iş materiallarına əlavə etməklə yenidən məhkəməyə müraciət etmişdir.
Nəticə :
11. Beləliklə, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair tələblərinə riayət edilmədiyindən İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
12. Həmçinin məhkəmə qeyd edir ki, Məhkəmənin 2(007)-3606/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddiaçı tərəfindən ödənilmiş 173 manat məbləğində dövlət rüsumunun geri qaytarılması qərara alındığından yenidən iş materiallarına əlavə edilmiş 173 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasına dair qərar qəbul edilməsinə zərurət yoxdur.
13. İddiaçı "Okean Avto 2011” MMC-yə hazırki iddia tələbi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Starə Əliyeva