Məhkəmə qərarları › İş №2(5-96)-474/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(5-96)-474/2026

23.02.2026 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-474/2026 23.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Maxsudova Ülkər Taleh qızı, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və istehsalat məhsullarından istifadəyə görə ödənişin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və istehsalat məhsullarından istifadəyə görə ödənişin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15/864 qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qaradağ rayonu ərazisində yerləşən “Qaradağ” əhəngdaşı yatağı üzrə (İİ geoloji sahə) 86 ha sahədə istehsal tullantılarından istifadəsinə icazə verilmişdir. Hazırkı iş üzrə "xxxx" MMC tərəfindən həmin müqavilənin tələblərinə bu günədək riayət edilməmişdir. Ona dəfələrlə yerin təkindən istifadəyə dair ödənişlərin ödənilməsinə dair xəbərdarlıqlar edilmiş, MMC öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, əhəmiyyətli dərəcədə pozuntulara yol vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Tətbiq edilən hüquq:

3. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinin başqa məhkəmədə baxılmasına yol verilmir.

4. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 35.2. Hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

5. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı Bənd 12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Məhkəmənin mövqeyi:

6. Yuxarıda adı çəkilən Plenumdan da göründüyü kimi işlərin ümumi və ya kommersiya məhkəməsinə aid olması halları konkret olaraq müəyyən edilmiş və göstərilmişdir ki, tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin qarşılıqlı bağlılığı olmalıdır. Yəni, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını kommersiya mübahisəsi zamanı tələb edir.

7. Belə ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən etmişdir ki, hazırkı mübahisə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sonuncunun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı “Qaradağ” əhəngdaşı yatağı üzrə (İİ geoloji sahə) 86 ha sahədə istehsal tullantılarından istifadəsinə icazə ilə bağlı, yəni "xxxx" MMC tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Cavabdeh tərəfindən həyata keçirilən fəaliyyət mənfəət əldə edilməsinə yönəlməklə, yer səthi üzərində qalaqlanmış əhəng daşı tullantılarını toplayaraq istehsala cəlb etməkdir. Tərəflər arasında bununla bağlı iqtisadi məzmunlu əqd bağlanmışdır. Yəni, tərəflər arasında mübahisə iqtisadi məzmunlu olduğundan bu mübahisələrə ümumi məhkəmələrdə deyil, kommersiya məhkəmələrində baxılmalıdır. Yuxarıda adı çəkilən plenumdan da göründüyü kimi dövlət orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində çıxış etməklə sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında iştirak edir və onların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə aidiyyəti ilə bağlı tələbə riayət etmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya müvafiq kommersiya məhkəməsinə müraciət etməsi tövsiyə olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

8. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ :

İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və istehsalat məhsullarından istifadəyə görə ödənişin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar