Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1256/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili EEE qızının iştirakı ilə Ərizəçi AAA-nın maraqlı şəxs BBB ilə mediasiya prosesi nəticəsində alimentin ödənilməsi ilə əlaqədar bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi AAA maraqlı şəxs BBB ilə mediasiya prosesi nəticəsində alimentin ödənilməsi ilə əlaqədar bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan onların xx.xx.2010-cu il təvəllüdlü DDD və xx.xx.2011-ci il təvəllüdlü CCC adında iki övladları anadan olmuşdur. Ərizəçinin BBB-lə son bir ildə ailə münasibətləri pozulmuş və xx.xx.2022-ci il tarixdə mediasiya qaydasında aralarında MŞB/6-4731 saylı barışıq sazişi bağlanmış, həmin barışıq sazişin şərtlərinə görə tərəflər aralarındakı nikahın ləğv edilməsinə razılığa gəlməklə, hər iki uşağın xx.xx.2010-cu il təvəllüdlü DDD və xx.xx.2011-ci il təvəllüdlü CCCnın, yaşayış yerlərinin anaları AAA-nın yanında müəyyən edilməsi, hər iki valideynin bərabər qaydada uşaqların tərbiyəsində iştrak edəcəkləri, atalarının istədiyi zaman uşaqları ilə ünsiyyətdə ola biləcəyinə və hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün BBB AAA-ya hər ay aldığı əmək haqqı və başqa gəlirlərinin 33% məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürəcəyinə dair razılığa gəlmişlər. Razılaşmaya əsasən BBB-lə aralarındakı nikah qeydi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4538/2022 saylı qətnaməsi ilə ləğv edilmiş, lakin BBB- aralarında bağlanmış barışıq sazişin şərtlərinə uyğun olaraq hər ay üzərinə götürdüyü alimentlə bağlı öhdəliyi yerinə yetirmədiyindən, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən xx.xx.2010-cu il təvəllüdlü DDDnın və xx.xx.2011-ci il təvəllüdlü CCCnın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tərəflər arasında aliment ödənilməsinə dair mediasiya qaydasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili EEE qızı yuxarıda qeyd edilən məzmunda izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs BBB- məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 355-25.2-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxs BBB-in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4538/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, BBB- ilə AAA- arasında 12 aprel 2008-ci il tarixində Bakı nikah evi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 743 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ № 393012 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, DDD 30 yanvar 2010-cu il tarixində Bakı şəhərində anadan olmuş, atası BBB-, anası AAA-dır. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ № 734551 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, CCC 11 avqust 2011-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası BBB-, anası AAA-dır. 30 avqust 2022-ci il tarixli MŞB/6-4731 saylı mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: Tərəflər nikahın pozulmasını qəbul edirlər və bu hissədə mediasiyaya xitam verilməsinə etiraz etmirlər; Tərəflər uşaqların, yəni xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü CCCnın yaşayış yerləri anaları AAA- ilə müəyyən edirlər; Tərəflər razılığa gəlirlər ki, hər bir valideyn bərabər qaydada uşaqların tərbiyyəsində iştirak edəcək və AAA- BBB-ə uşaqlarla görüşməkdə heç bir maneələr yaratmayacaq. BBB-in istədiyi zaman uşaqları ilə görüşmək və vaxt keçirmək imkanı məhdudlaşdırılmayacaq; xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü CCCnın saxlanılması üçün BBB- AAA-ya hər ay aldığı əmək haqqı və başqa gəlirlərinin 33% məbləğində aliment ödəyəcəyini öz öhdəsinə götürür; Tərəflər arasında əmlakla bağlı mübahisə yoxdur. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər nikahın pozulması, nikah pozulduqdan sonra uşaqların hansı valideynin yanında qalması, uşaqla ünsiyyət, alimentin ödənilməsi və əmlak mübahisəsi ilə bağlı barışıq sazişi bağlamışlar. Nikah Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin alimentlə bağlı hissəsi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Hazırda ərizəçi barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, barışıq sazişinin aşağıdakı bəndləri təsdiq olunmalıdır. Uşaqlar hazırda ananın yanında qaldıqlarından və sazişdə bununla bağlı razılıq əldə edildiyindən, sazişin “Tərəflər uşaqların, yəni xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü CCCnın yaşayış yerləri anaları AAA- ilə müəyyən edirlər” şərti təsdiq edilməlidir. Nikahın pozulmasından sonra BBB- uşaqların saxlanması üçün AAA-ya könüllü şəkildə köməklik etmədiyi üçün, sazişinin “xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü CCCnın saxlanılması üçün BBB- AAA-ya hər ay aldığı əmək haqqı və başqa gəlirlərinin 33% məbləğində aliment ödəyəcəyini öz öhdəsinə götürəcək” şərti də məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, uşaqla ünsiyyətə dair sazişin 2.1.3-cü bəndinin ikinci cümləsindəki “BBB-in istədiyi zaman uşaqları ilə görüşmək və vaxt keçirmək imkanı məhdudlaşdırılmayacaq” şərti olduqca geniş və əhatəli formada təsbit olunmuşdur. Bu qeyri-müəyyənlik verilən hüquqdan sui-istifadə hallarına yol aça, həmçinin mübahisə doğuracaq halların əmələ gəlməsinə səbəb ola bilər. Bu ehtimalları nəzərə alaraq, barışıq sazişinin 2.1.3-cü bəndinin ikinci cümləsinin təsdiq olunmasından imtina edilməlidir. Odur ki, barışıq sazişinin 2.1.3-cü bəndi qismən, yəni yalnız birinci cümlə olan “tərəflər razılığa gəlirlər ki, hər bir valideyn bərabər qaydada uşaqların tərbiyyəsində iştirak edəcək və AAA- BBB-ə uşaqlarla görüşməkdə heç bir maneələr yaratmayacaq” hissəsində təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, barışıq sazişinin aşağıdakı bəndlərinin təsdiq olunmasından imtina edilməlidir. Nikahın pozulması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan sazişin 2.1.1-ci bəndinin təsdiq olunmasından imtina edilməlidir. Bundan başqa əmlak mübahisəsi sazişin 2.1.5-ci bəndində ümumi qaydada razılaşdırıldırılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hazırda tərəflər arasında əmlak mübahisəsi mövcud deyildir. Lakin sazişin bu şərtinin təsdiq olunması tərəflər arasında ola biləcək əmlak mübahisəsi zamanı onların hüquqlarının realizəsində maneələr yarada bilər. Odur ki, sazişin qeyd olunan bəndinin təsdiq olunmasından imtina edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi AAA- ilə maraqlı şəxs BBBarasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220-ci, 307-311ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi AAA- ilə maraqlı şəxs BBB- arasında bağlanmış 30 avqust 2022-ci il tarixli, MŞB/6-4731 saylı barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin:
1. Tərəflər uşaqların, yəni xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü CCCnın yaşayış yerləri anaları AAA- ilə müəyyən edirlər;
2. Tərəflər razılığa gəlirlər ki, hər bir valideyn bərabər qaydada uşaqların tərbiyyəsində iştirak edəcək və AAA- BBB-ə uşaqlarla görüşməkdə heç bir maneələr yaratmayacaq;
3. xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü CCCnın saxlanılması üçün BBB- AAA-ya hər ay aldığı əmək haqqı və başqa gəlirlərinin 33% məbləğində aliment ödəyəcəyini öz öhdəsinə götürür. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: İlqar Qaralov