Məhkəmə qərarları › İş №2(006)-1281/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1281/2021

31.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1281/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh "Cavabdeh" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Cavabdeh" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 29.10.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqaviləsinin etibarsız hesab edilməsi, 29.10.2020-ci il tarixli əmrin ləğv edilərək, onun işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla yəni, İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında 01.02.1998-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. O, 1998-ci ildən etibarən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışmış, işlədiyi bütün dövrlərdə də şirkətin daxili qaydalarına əməl etmiş, heç vaxt əmək pozuntusu törətməmişdir. Lakin, 29.10.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqaviləyə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (e) bəndi rəhbər tutularaq işdən azad edilmişdir. Cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 29.10.2020-ci il tarixli əmri Əmək qanunvericiliyinin tələblərinə ziddir. Bunu bu faktlarla müəyyən etmək olar: 1. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (a) bəndinə əsasən işdən çıxarılmış, lakin 29.10.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilədə isə göstərilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (e) bəndi rəhbər tutularaq işdən azad olunmuşdur. 2. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndində qeyd olunur ki, İşçi işəgötürənə və ya onun hüquqi varislərinə və ya hüquqlarını qanuni şəkildə əldə etmiş bütün şəxslərə qarşı bütün hüquq və iddialarından (belə hüquq və iddiaların bu Müqavilənin bağlandığı məqamda mövcud olub-olmamasından və ya bu Müqavilənin bağlandığı məqamda Tərəflərə məlum olub-olmamasından asılı olmayaraq) qanunvericiliklə icazə verilən maksimal həddə imtina edir və İşəgötürəni və ya onun hüquqi varislərini və ya hüquqlarını qanuni şəkildə əldə etmiş bütün şəxsləri işçi qarşısında olan öhdəliklərdən azad edir. Buna baxmayaraq, hüquqlardan (iddialardan) imtina və öhdəliklərdən azad etmə İşçinin bu Müqavilənin 2-ci və 3-cü maddələrində göstərilən pul vəsaitlərini tələb etmək hüququna və həmin vəsaitlərin ödənilməsi üzrə İşəgötürənin öhdəliyinə və işçinin bu müqavilənin 6, 7, 8 və 9-cu maddələrində nəzərdə tutulmuş öhdəliklərinə şamil edilmir. Qeyd edilən müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43 və 46-cı maddələrinin və vətəndaşın konstitusion hüquqlarının, insan hüquq və azadlıqlarının pozulması ilə bağlanmışdır. Bu da öz növbəsində müqavilənin etibarsız sayılması üçün əsasdır. 3. 27 oktyabr 2020-ci il tarixli audit rəyinə əsaslanan bildirişə əsasən, onun tərəfindən a) Təchizat şirkəti ilə Maraqlar Toqquşması vəziyyətin açıqlanmaması; b) 3.8 million (üç min səkkiz yüz million) dollar məbləğində post-faktum Sifariş tapşırıqları; c) 2 million dollarlıq alış-veriş üçün rəqabət təklifləri alınmaması barədə pozuntulara yol verdiyi qeyd edilmişdir. Lakin, o yazdığı izahatında da göstərmişdir ki, qeyd olunmuş pozuntuları törətməmiş, audit rəyində qeyd olunanların onunla heç bir əlaqəsi yoxdur. İddiaçı yazılı izahatında bildirmişdir ki, o X7 ilə əlaqədar bildirişi 27 oktyabr 2020-ci il tarixində alınmasını və onunla müzakirə edilməsini təsdiq edir. Yuxarıda göstərilən audit tapıntıları ilə əlaqədar yazılı izahatı: Məsuliyyətimi qismən “xxxx” kimi qəbul edə bilərəm, lakin Audit Tapıntıların böyük əksəriyyəti X8 Qasımova tərəfindən idarə olunan Müəssisə Daşınmaz Əmlak Sahəsində olub. Satıcı seçimi də daxil olmaqla bütün Təsis / Daşınmaz Əmlak prosedurlarının, təkrar tender təkliflərinin Daşınmaz əmlak və Müəssisə prosedurlarına uyğun olaraq həyata keçirildiyi bildirilib və bu sahəyə müdaxilə cəhdləri dayandırıldı. $2M Audit nəticələrinin 84% Müəssisə / Daşınmaz Əmlak Sahəsinə aiddir. Təchizat proseslərin olmaması və natamam təşkilat quruluşu, Əməliyyatlar və Funksiyalar tərəfindən dəstək olmaması və şirkətin tələblərinə laqeydlik şirkətin siyasət və prosedurlarının pozulması ilə nəticələndi. Nəticədə, $3.8M ABŞ dolları məbləğində Mallar/Xidmətlər təqdim olunandan sonra Sifariş tapşırıqların yaradılması aşkarlandı. İndi biz təlimlər keçirdik, NPNP (Sifariş Tapşırığı olmadan Sifarişə Qadağa) siyasətini payladıq və tarixən qurulmuş düşüncə tərzi və yanaşmanı dəyişdirmək üçün Sahə Direktorları və Funksiya Liderlərinin iştirakı və dəstəyini əldə etdik. İnsanların bu sahədəki mədəniyyətini dəyişdirməyə, qaydalarından xəbərdar etməyə və tələbləri yerinə yetirməyə çalışırıq. Təchizat sahəsində hər hansı bir struktur quruluşu yox idi, audit dövründə funksiyalar müstəqil fəaliyyət göstərirdi. İndi təchizat prosedurlarını mərkəzləşdirən və onları idarə edə bilən bir Təchizat strukturumuz var. 2020-ci ilin may ayından etibarən yeni PR-PO (Sifariş Tələbi - Sifariş Tapşırığı) prosesin tətbiqi həyata keçirildi, bütün Əməliyyat Şöbələrin və Funksiyaların heyətlərinə təlim keçirildi və PR / POnun (Sifariş Tələbi - Sifariş Tapşırığı)-nın mal / xidmət sifarişindən əvvəl təmin edilməsinin nə qədər vacib olduğu bildirildi. Üçüncü tərəf təchizatçı şirkətləri məlumatlandırdıq ki, onlar Sifariş Tapşırığı olmadan bizə mallar / xidmətlər çatdırmasınlar. Lakin şirkət daxilində Sifariş Tapşırığların yerləşdirilməsi və təsdiqlənməsinin gecikdirilməsi bu (KPİ) Əsas İcra Göstəricisinə pis təsir göstərir və daha təkminləşdirilmə tələbinə səbəb olur. İstifadə olunan tək mənbəli satıcılara gəldikdə, SLK Sement BP tərəfindən təsdiqlənən Class-G sement təchizatçısıdır. 2018, 2019-cu illərdə sement həcmini yenidən tender elan etməyə, yerli və bölgədən sement təchizatçılardan təkliflər almağa çalışmışlar, lakin bu tədbirlər hələ də mövcud təchizatçının dəyişdirilməsi ilə nəticələnməyib. Sementin başqa bir təchizatçıdan alınması nə BP-dən təsdiqini tapdı, nə də cəlbedici qiymət təklifləri gəldi. Bütün yazışmalar auditorlara verilib. Bundan əlavə, X11 Direktorumuz və Əməliyyat Menecerlərimiz bu sahə üzrə demək olar ki, hər il danışıqlar aparırdılar, lakin bölgədən gələn son tövsiyə o idi ki, Azərbaycana aid olan sementinin təchizatı SLK Sement LLC tərəfindən yerinə yetirilsin. Hazırda da başqa bir sement təchizatçının axtarışı davam edir və hələ başa çatmayıb. İndiki zamanda o və Təchizat üzrə qrup, NPNP (Sifariş Tapşırığı olmadan Sifarişə Qadağa) prosesi tətbiqetmələri, müqavilə təklifləri və müqavilələrin etibarlılıq şərtlərinə nəzarət baxımından bir çox irəliləyiş əldə etmişlər, lakin bəzi boşluqlar hələ də mövcuddur hansı ki müqavilələrin Hüquq şöbəsi tərəfindən nəzarətdən keçirilməsi və təsdiqin gecikdirilməsi. Buna baxmayaraq onlar mövcud məsələləri aiddiyatı olan qurumlarla müzakirə edir və məsələlərin qanuni yollarla həll edilməsində əllərindən gələni edirlər. Göstərilənlərə əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 29.10.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsini, 29.10.2020-ci il tarixli əmri ləğv edərək onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 iddiaya etirazı təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsini və iddia ərizəsinin əsaslandrılması üçün gətirdiyi bütün dəlilləri tamamilə əsassız hesab edirlər. İddiaçı ilə cavabdeh arasında imzalanmış 1 fevral 1998-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdehin müəssisəsində işə götürülmüşdür. İddiaçı 05 yanvar 2015-ci ildən onun əmək müqaviləsinə xitam verilənədək “Təchizat üzrə Menecer İ” vəzifəsində çalışmışdır. AR Əmək Məcəlləsinin 75.2(a) maddəsində nəzərdə tutulur ki, əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilə bilər. Tərəflər arasında imzalanmış 1 fevral 1998-ci il tarixli əmək müqaviləsinin 8.1-ci madddəsində qeyd edilir ki, əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilə bilər. Beləliklə, tərəflər imzaladıqları əmək müqaviləsində AR Əmək Məcəlləsinin 75-ci maddəsinə istinad etməklə həmin maddədə əmək müqaviləsinə xitam verilməsi üçün nəzərdə tutulmuş halları (o cümlədən “tərəflərin qarşılıqlı razılığına əsasən” xitam verilmə halını) əmək müqaviləsinə inkorporasiya yolu ilə daxil etmişlər. Tərəflər AR Əmək Məcəlləsinin 75.2(a) maddəsinin və əmək müqaviləsinin 8.1-ci maddəsinin onlara verdiyi hüquqi imkandan istifadə edərək, əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam vermək barədə razılığa gəlmişlər. Bu məqsədlə, iddiaçı və cavabdeh “əmək müqaviləsinə xitam verilməsi haqqında” 29 oktyabr 2020-ci il tarixli müqavilə imzalamışlar (bundan sonra “X12” adlanacaq). X10 14 maddədən ibarət olan müqavilədir. X2 1-ci maddəsində göstərilir ki, tərəflər əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında AR Əmək Məcəlləsinin 68.2(e) maddəsinə əsasən 29 oktyabr 2020-ci il tarixdə xitam verilməsinə razılaşırlar. Həmçinin həmin maddədə aydın şəkildə göstərilir ki, İşçi heç bir məcburiyyət olmadan hərəkət edir. X4 2-ci maddəsi cavabdehin iddiaçıya son haqq-hesab ödəmək öhdəliyini (iddiaçı son haqq-hesabı aldığını mübahisəndirmir), 3-cü maddədə son haqq-hesabın köçürmə yolu ilə iddiaçıya ödəniləcəyini, 4-cü maddə müəyyən əmlakın cavabdehə qaytarılmasını, 5-ci maddə haqsız rəqabətin aparılmayacağını, 6-cı maddə tərəflər arasında əməkdaşlığı, 7-ci maddə konfidensiallıq məsələlərini, 8-ci maddə hüquqlardan imtina və öhdəliklərdən azad etmə məsələlərini, 9-cu maddə müqavilənin müəyyən maddəsinin etibarsız olmasının nəticələrini, 10-cu maddə razılaşmanın bütövlüyünü, 11-ci maddə tətbiq edilən hüququ, 12-ci maddə məhkəmə aidiyyatını, 13-cü maddə qüvvəyə minmə, dəyişiklik və ləğv məsələlərini nəzərdə tutur və nəhayət 14-cü maddə isə müqavilənin imzalandığı dil və nüsxələrdən bəhs edir. İddiaçı 14 maddədən ibarət olan X2 yalnız və yalnız bir maddəsini, yəni 8-ci maddəsinin qanunsuz olduğu hesab edir və bu əsasdan çıxış edərək X2 bütövlükdə (yəni qalan 13-cü maddəsinin də) etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Bununla bağlı məhkəməyə bildirirlər ki, X2 8-ci maddəsi qanunvericiliyə zidd deyildir və hətta hər hansı səbəbdən adıçəkilən müqavilənin 8-ci maddəsi etibarsız hesab edilsə belə, bu hal X2 bütövlükdə, yəni onun qalan digər maddələrinin də etibarsız hesab edilməsinə hüquqi əsas vermir. Belə ki, X4 iddiaçı tərəfindən mübahisəndirilən 8-ci maddəsində qeyd edilir ki: “işçi bununla da işəgötürənə... qarşı bütün hüquq və iddialardan... qanunvericiliklə icazə verilən maksimal həddə imtina edir və işəgötürəni... işçi qarşısında olan öhdəliklərdən azad edir. Buna baxmayaraq, hüquqlardan (iddialardan) imtina və öhdəliklərdən azad etmə işçinin bu Müqavilənin 2-ci və 3-cü maddələrində göstərilən pul vəsaitlərini tələb etmək hüququna və həmin vəsaitlərin ödənilməsi üzrə işəgötürənin öhdəliyinə və işçinin bu Müqavilənin 6, 7, 8 və 9-cu maddələrində nəzərdə tutulmuş öhdəliklərinə şamil edilmir. Bu maddədən aydın görünür ki, işçi işəgötürənə qarşı malik olduğu hüquqlardan (iddialardan) imtina edir və işəgötürəni öhdəliklərdən azad edir. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, qanunvericilik şəxsin ona məxsus olan hüquqdan imtina etməsini qadağan etmir. Belə ki, şəxs ona məxsus olan subyektiv hüquq barəsində istədiyi kimi sərəncam verərək həmin subyektiv hüququn müqəddəratını həll edə bilər. Hüquqdan imtina da sərəncam vermənin bir növüdür. İddiaçı özünün imzaladığı X5 razılaşmışdır ki, o, işəgötürənə qarşı hüquq və iddialardan imtina edir. Beləliklə, işçi ona məxsus olan hüquq və iddialar barəsində sərəncam vermişdir. İkincisi, X2 8-ci maddəsində aydın şəkildə qeyd edilir ki, işçi qanunvericiliklə icazə verilən maksimal həddə hüquqlardan (iddialardan) imtina edir və işəgötürəni öhdəliklərdən azad edir. “Qanunvericiliklə icazə verilən maksimal həddə” ifadəsi o deməkdir ki, bu maddədə söhbət yalnız və yalnız qanunvericiliklə imtina edilməsi mümkün olan hüquqlardan (iddialardan) və azad edilməsi mümkün olan öhdəliklərdən gedir. Əgər qanunvericikdə hər hansı hüquqdan (iddiadan) imtina və öhdəlikdən azad etmə qadağandırsa, X2 8-ci maddəsinə görə həmin hüquqlardan (iddiadan) imtina etmək və öhdəliklərdə azad etmə baş vermir və işçi həmin hüquq (iddiaları) özündə saxlamış olur. Bu səbəbdən, X2 8-ci maddəsi AR Əmək Məcəlləsinin 43.3-cü maddəsinə də zidd deyildir. Belə ki, Əmək Məcəlləsinin adıçəkilən maddəsində deyilir ki, “...əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.” X10 də “qanunvericiliklə icazə verilən” ifadəsini işlətməklə işçiyə qanunvericiliklə mütləq qaydada məxsus olan və imtina edilməsinə icazə verilməyən bütün hüquq və təminatlarını işçidə saxlanmasını ehtiva edir. Üçüncüsü, hətta əgər X2 8-ci maddəsi etibarsız olsa belə (əslində isə bu belə deyildir), X2 8-ci maddəsinin etibarsızlığı (yəni, onun bir maddəsinin etibarsızlığı) həmin müqavilənin bütövlükdə etibarsız hesab edilməsinə əsas vermir. Belə ki, Mülki Məcəllənin 352-ci maddəsində göstərilir ki, “Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi.” X2 9-cu maddəsində də tərəflər aydın şəkildə razılaşmışlar ki, müqavilənin hər hansı bir müddəasının etibarsız olması müqavilənin digər müddəalarının qüvvəsinə təsir etməyəcəkdir. Beləliklə, həm Mülki Məcəllənin 352-ci maddəsinə, həm də ki, tərəflər arasında olan razılığa görə X2 8-ci maddəsi etibarsız hesab edilməsi X13 Müqavilənin bütün digər müəddalarının etibarsız olmasına səbəb olmayacaqdır. Nəhayət, X2 AR Əmək Məcəlləsinin 46-cı maddəsinə zidd olması barədə iddiaçının fikrinə gəldikdə isə, Əmək Məcəlləsinin qeyd edilən maddəsi əmək müqaviləsinin bağlanmasını və ona dəyişikliklər edilməsini tənzimləyir. Hazırkı işdə isə mübahisənin predmeti nə əmək müqaviləsinin bağlanılmasıdır, nə də ki ona dəyişikliyin edilməsidir. Mübahisə - əmək müqaviləsinə xitam verilməsi ilə bağlıdır ki, bu da Əmək Məcəlləsinin 46-cı maddəsi ilə tənzimlənmir. İddiaçı qeyd edir ki, tərəflər arasında imzalanmış X5 iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2(e) maddəsinə əsasən xitam verildiyi göstərilsə də, cavabdeh X13 113/20 saylı 29 oktyabr 2020-ci il tarixli əmrində əmək müqaviləsinə xitam vermənin əsası kimi Əmək Məcəlləsinin 68.2(a) maddəsinə istinad etmişdir. Bununla bağlı məhkəməyə bildirirlər ki, həqiqətən də tərəflər arasında imzalanmış X5 iddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2(e) maddəsinə əsasən xitam verildiyi göstərilmişdir. Lakin, texniki səhv ucbatından cavabdeh əmək müqaviləsinə X13 113/20 saylı 29 oktyabr 2020-ci il tarixli əmrdə tərəflər razılaşdığı kimi AR Əmək Məcəlləsinin 68.2(e) maddəsinə istinad etmək əvəzinə, səhvən AR Əmək Məcəlləsinin 68.2(a) maddəsinə istinad etmişdir. İddiaçının iddia ərizəsini aldıqdan sonra cavabdeh bu texniki səhv barədə məlumat əldə etmiş və texniki səhvi aradan qaldırmaq məqsədi ilə 113/20 saylı 29 oktyabr 2020-ci il tarixli əmrə müvafiq düzəliş etmək üçün 130/20 saylı 21 dekabr 2020-ci il tarixli əmr imzalamışdır. 130/20 saylı 21 dekabr 2020-ci il tarixli əmr vasitəsi ilə 113/20 saylı 29 oktyabr 2020-ci il tarixli əmrdə qeyd edilən texniki səhv (yəni AR Əmək Məcəlləsinin 68.2(a) maddəsinə istinad) aradan qaldırılmış və tərəflərin razılaşmasına uyğun olaraq əmək müqaviləsinə xitam verilmənin əsası kimi AR Əmək Məcəlləsinin 68.2(e) maddəsi göstərilmişdir. Cavabdeh 130/20 saylı 21 dekabr 2020-ci il tarixli əmr iddiaçıya poçt vasitəsi ilə göndərmiş və iddiaçıdan onun əmək kitabçasına da müvafiq düzəlişin edilməsi üçün əmək kitabçasının təqdim edilməsi xahiş edilmişdir. Lakin iddiaçı onun əmək kitabçasına düzəlişin edilməsi üçün əmək kitabçasını bu günədək cavabdehə geri təqdim etməmişdir. Eyni zamanda, cavabdeh 130/20 saylı 21 dekabr 2020-ci il tarixli əmrin surətini X3 də göndərərək, əmək müqavilələrinə xitam verilməsi barədə elektron informasiya sistemində müvafiq düzəlişin edilməsini X1 xahiş etmişdir. Beləliklə, cavabdeh əmək müqaviləsinə X13 113/20 saylı 29 oktyabr 2020-ci il tarixli əmrdə yol verdiyi texniki səhvi könüllü olaraq özü artıq qaldırmış və tərəflərin razılaşmasına uyğun olaraq xitam vermə barədə əmrdə AR Əmək Məcəlləsinin 68.2(e) maddəsinə istinad etmişdir. Başqa sözlə, iddiaçının qaldırdığı bu məsələ artıq öz müsbət həllini tapmışdır. İddiaçı iddia edir ki, o, əmək vəzifələrinin yerinə yetirilməməsi və ya əmək funksiyaların pozulması halına yol verməmişdir. İddiaçının gətirdiyi bu dəlilin hazırkı işə heç bir aidiyyatı yoxdur. Belə ki, iddiaçının əmək müqaviləsinə onun tərəfindən əmək vəzifələrinin yerinə yetirilməməsi və ya əmək funksiyaların pozulması əsası ilə, yəni AR Əmək Məcəlləsinin 70(ç) maddəsinə əsasən, xitam verilməmişdir. İddiaçının gətirdiyi dəlil yalnız o halda işə aidiyyatı olardı ki, əgər cavabdeh onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70(ç) maddəsinə əsasən xitam vermiş olardı. İddiaçı iddia edir ki, cavabdeh əmək müqaviləsinə xitam vermə barədə əmrdə iddiaçı tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini sübut edən halları göstərməmişdir. İddiaçının gətirdiyi bu dəlilin hazırkı işə heç bir aidiyyatı yoxdur. Belə ki, AR Əmək Məcəlləsinin 71.2-ci maddəsinə görə iddiaçının sadaladığı halları əmrdə qeyd etmək yalnız o halda tələb edilir ki, əgər işçinin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70(ç) maddəsinə əsasən xitam verilmiş olsun. İddiaçının əmək müqaviləsinə isə AR Əmək Məcəlləsinin 70(ç) maddəsinə əsasən xitam verilməmişdir. İddiaçı iddia edir ki, cavabdeh əmək müqaviləsinə xitam vermə barədə əmrdə iddiaçının əmək müqaviləsinin ləğv edilməsin zəruriliyini əsaslandırmamışdır. İddiaçının gətirdiyi bu dəlilin hazırkı işə aidiyyatı yoxdur. Əvvəla qeyd edilməlidir ki, cavabdehin 113/20 saylı 29 oktyabr 2020-ci il tarixli əmr AR Əmək Məcəlləsinin 84.1-ci maddəsinə uyğun şəkildə tərtib edilmişdir. İkincisi, AR Əmək Məcəlləsinin 71.3-cü maddəsinə görə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmaq o halda tələb edilir ki, əgər əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam verilmiş olsun. İddiaçının əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam verilməmişdir. Bundan əlavə, iddiaçının əmək müqaviləsinə iddiaçının özünün imzaladığı X6 əsasən xitam verilmişdir. İddiaçı iddia edir ki, cavabdeh iddiaçıya əmək kitabçasını təqdim etməmişdir. İddiaçının gətirdiyi bu dəlil də əsassızdır. İddiaçı əmək kitabçasının surətini iddia ərizəsinə əlavə etmişdir. Bu hal onu təsdiq edir ki, iddiaçı əmək kitabçasını cavabdehdən almışdır. İkincisi, əmək kitabçasının təqdim edilməmiş olması (hətta bu əgər belə olsaydı, lakin bu belə deyildir) nə X2 etibarsızlığına, nə əmək müqaviləsinə X13 əmrin ləğv edilməsinə və nə də işçinin işə bərpa edilməsinə hüquqi əsas vermir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı cavabdeh “xxxx’ şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. 15 dekabr 1991-ci il tarixli, İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı 111/20 saylı, 29.10.2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə İddiaçı arasında 01.02.1998-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçı işəgötürən tərəfindən müvafiq vəzifəyə işə götürülmüşdür. Tərəflər arasında 30.07.2019-cu tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında fərdi müqavilədən görünür ki, İddiaçı şirkət tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış 27.10.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı yol verdiyi hərəkətləri barədə ətraflı şəkildə olan yazılı izahatını bildirişi aldığı tarixdən 1 iş günü ərzində Nümayəndəliyə təqdim etməli olduğu barədə xəbərdar olunmuşdur. İddiaçı verdiyi 27 oktyabr 2020-ci il tarixli yazılı izahatından görünür ki, o, eyni tarixli bildirişin tərəfindən alınması və məsələnin onunla müzakirə olunmasını təsdiq etmiş, məsuliyyəti qismən qəbul etmişdir. 29 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilədən görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qarşılıqlı razılaşma əldə olunmuşdur. Həmin müqavilənin 8-ci bəndinə əsasən işçi bununla da işəgötürənə və ya onun hüquqi varislərinə və ya hüquqlarını qanuni şəkildə əldə etmiş bütün şəxslərə qarşı bütün hüquq və iddialarından (belə hüquq və iddiaların bu müqavilənin bağlandığı məqamda mövcud olub-olmamasından və ya bu müqavilənin bağlandığı məqamda tərəflərə məlum olub-olmamasından asılı olmayaraq) qanunvericiliklə icazə verilən maksimal həddə imtina edir və işəgötürəni və ya onun hüquqi varislərini və ya hüquqlarını qanuni şəkildə əldə etmiş bütün şəxsləri işçi qarşısında olan öhdəliklərindən azad edir. Bu müqavilənin 9-cu bəndinə əsasən müqavilənin hər hansı müddəası səlahiyyətli yurisdiksiyanın məhkəməsi tərəfindən qeyriqanuni, etibarsız yaxud icrası mümkünsüz olan müddəa hesab olunduğu təqdirdə həmin müddəa (etibarsız yaxud icrası mümkünsüz olduğuna görə) qüvvəsini itirmiş və bu müqaviləyə daxil olunmamış kimi hesab edilir və bu zaman bu hal müqavilənin qalan müddəalarının hər hansı birinin qüvvəsinə təsir göstərmir. 29 oktyabr 2020-ci il tarixli, 111/20 saylı işdən azad edilmə haqqında əmrdən görünür ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Təchizat üzrə menecer İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən 29 oktyabr 2020-ci il tarixindən xitam verilmişdir. Əsas kimi işçi ilə 29.10.2020-ci il tarixli qarşılıqlı razılaşma göstərilmişdir. Kadrlar və mühasibatlıq şöbəsinə qanunvericilikdə nəzərdə tutulan son haqq-hesabın və istifadə olunmamış məzuniyyət günləri üçün (96,53 gün) kompensasiyanın hesablanması və həyata keçirilməsi tapşırılmışdır. 21 dekabr 2020-ci il tarixli, işdən azad edilmə haqqında 29 oktyabr 2020-ci il tarixli 111/20 saylı əmrə dəyişikliklər edilməsi barədə 130/20 saylı əmrdən görünür ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə İddiaçı arasında imzalanmış «əmək müqaviləsinə xitam verilməsi haqqında» 29 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən tərəflər arasında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «e» bəndinə əsasən 29 oktyabr 2020-ci il tarixdə xitam vermək barədə razılığa gəlmişlər. Lakin, İddiaçı əmək müqaviləsinin xitam verilməsini rəsmiləşdirmək üçün verilmiş 29 oktyabr 2020-ci il tarixli 111/20 saylı əmrdə xitam vermənin əsası kimi Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «e» bəndi göstərilmək əvəzinə, texniki səhv nəticəsində yanlış olaraq Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndi göstərilmişdir. 29 oktyabr 2020-ci il tarixli 111/20 saylı əmrdə yol verilmiş texniki səhvi aradan qaldırmaq məqsədi ilə hazırkı əmr verilərək, 29 oktyabr 2020-ci il tarixli 111/20 saylı əmrin birinci paraqrafı aşağıdakı paraqrafla əvəz olunmuşdur: Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Təchizat üzrə menecer İ vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «e» bəndinə əsasən 29 oktyabr 2020-ci il tarixdən xitam verilmişdir. Sözügedən texniki səhvin aradan qaldırılması məqsədilə Nümayəndəlik tərəfindən müvafiq əmr verilmiş, 22 dekabr 2020-ci il tarixli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə və İddiaçı bu barədə məlumat verilmiş, əmək kitabçasının orada olan texniki səhvin aradan qaldırılması üçün təqdim edilməsi xahiş edilmişdir. 29.10.2020-ci il tarixli əmək müqaviləsinə verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 111/20 saylı, 29.10.2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “e” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə bağladığı 01.02.1998-ci il tarixli əmək müqaviləsinə əsasən mühasib vəzifəsinə işə qəbul edilmiş, 05.01.2015-ci il tarixli, 01/15 saylı əmrə əsasən təchizat üzrə menecer İ vəzifəsinə keçirilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində satınalma prosesində pozuntuları müəyyən etmək məqsədilə malgöndərənlərin seçimi və satınalma sahəsində təsərrüfat fəaliyyətinə dair auditin keçirilməsi qərara alınmış, nəticədə pozuntulara yol verilməsi aşkar olunmuş, bununla əlaqədar iddiaçıya izahat verilməsi üçün şərait yaradılmışdır. İş materiallarında olan İddiaçı verdiyi 27 oktyabr 2020-ci il tarixli yazılı izahatdan görünür ki, o, qeyd edilən edilən məsələnin onunla müzakirə olunmasını təsdiq etmiş, məsuliyyəti qismən etiraf etmişdir. Bunun nəticəsi olaraq tərəflər arasında 29 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilə bağlanmış, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qarşılıqlı razılaşma əldə olunmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehin 29 oktyabr 2020-ci il tarixli 111/20 saylı işdən azad edilmə haqqında əmrdə əmək müqaviləsinə xitam verilməsi əsasının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi kimi göstərməklə səhvə yol verdiyinə, auditor rəyində qeyd edilən pozuntuların baş verməsində təqsirli olmadığına, 29 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqaviləni imzalayarkən şirkət tərəfindən hədə-qorxuya məruz qaldığına, əmək hüquqlarını kobud şəkildə pozan müqavilənin 8-ci bəndinin razılaşmanın tam etibarsız hesab edilməsi üçün əsas olduğuna istinadən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” və “e” yarımbəndlərinə əsasən, tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 75-ci maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “a” bəndinə əsasən, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərdə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Beləliklə, Əmək Məcəlləsində tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. İş materiallarında olan İddiaçı tərəf olduğu əmək müqaviləsinin 8.1-ci bəndinə əsasən müəyyən edilir ki, müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Tərəflər arasında yazılı formada bağlanmış 29 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilədən görünür ki, tərəflər Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “e” bəndinə əsasən qarşılıqlı razılığı əsasında müqaviləyə xitam verməyə razılaşır, bunu vicdanla və heç bir məcburiyyət olmadan hərəkət etməyi təsdiq edirlər. Göründüyü kimi tərəflər qarşılıqlı razılığı ilə aralarında olan əmək münasibətlərinə xitam vermək qərarına gəliblər. İddiaçının razılaşmanı imzaladığı zaman şirkət tərəfindən hədə-qorxuya məruz qalmasına dair irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Məhkəmə iddiaçının auditor rəyində qeyd edilən pozuntuların baş verməsində təqsirli olmadığına dair dəlillər ilə əlaqədar eyni qənaətə gəlməkdədir. Belə ki, iddiaçı sözügedən rəydə qeyd edilən nöqsanların onun səlahiyyət dairəsinə aid əmək funksiyaları ilə bağlı olmadığını, həmin pozuntuların onun təqsiri üzündən baş vermədiyini bildirsə də, bu dəlilləri təsdiq edən hər-hansı sübutu məhkəmə araşdırması zamanı təqdim etməmiş, yalnız öz şəxsi mülahizələri ilə əsaslandırmışdır. Bundan başqa iddiaçının bu məsələdə istinad etdiyi dəlillərin hazırki iş üzrə araşdırılmalı olan məsələlərə heç bir aidiyyəti yoxdur. Belə ki, mübahisə predmeti olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən göründüyü kimi iddiaçının tərəf olduğu əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “e” bəndinə əsasən, yəni tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bu Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmçinin iddiaçı məhkəməyə müraciət edərək cavabdehin 29 oktyabr 2020-ci il tarixli, 111/20 saylı işdən azad edilmə haqqında əmrdə əmək müqaviləsinə xitam verilməsi əsasının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi kimi göstərməklə səhvə yol verdiyini vurğulamışdır. İş materiallarından göründüyü kimi işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinin xitam verilməsini rəsmiləşdirmək üçün verilmiş 29 oktyabr 2020-ci il tarixli, 111/20 nömrəli əmrdə və ona məxsus əmək kitabçasında həqiqətən də xitam vermənin əsası ilə bağlı səhvə yol verilərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “e” bəndi göstərilmək əvəzinə, “a” bəndi göstərilmişdir. Lakin bu səhv müvafiq düzəlişlər edilməklə aradan qaldırılmışdır. Belə ki, qeyd edilən texniki səhvi aradan qaldırmaq məqsədi ilə 113/20 saylı, 29 oktyabr 2020-ci il tarixli əmrə müvafiq düzəliş etmək üçün cavabdeh tərəfindən 130/20 saylı, 21 dekabr 2020-ci il tarixli əmr imzalanmış, bu əmrin surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə göndərilərək, əmək müqavilələrinə xitam verilməsi barədə elektron informasiya sistemində müvafiq düzəlişin edilməsi xahiş edilmişdir. Eyni zamanda 130/20 saylı, 21 dekabr 2020-ci il tarixli əmr cavabdeh tərəfindən iddiaçıya poçt vasitəsi ilə göndərilmiş, ondan müvafiq düzəlişin edilməsi üçün əmək kitabçasının təqdim edilməsi xahiş edilmişdir. İddiaçı tərəf texniki səhvin aradan qaldırılmasına yönəldilmiş hərəkətlərin edilməsinə işin məhkəmədə araşdırılması zamanı yol verilmədiyini vurğulasa da, bunu qadağan edən hüquq normasını göstərə bilməmişdir. İddiaçı həmçinin əmək hüquqlarını kobud şəkildə pozan müqavilənin 8-ci bəndinin əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilənin tam etibarsız hesab edilməsi üçün əsas olduğuna istinad etmişdir. Belə ki, 29 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilənin 8-ci bəndinə əsasən görünür ki, işçi bu müqaviləni bağlamaqla işəgötürənə və ya onun hüquqi varislərinə və ya hüquqlarını qanuni şəkildə əldə etmiş bütün şəxslərə qarşı bütün hüquq və iddialarından (belə hüquq və iddiaların bu müqavilənin bağlandığı məqamda mövcud olub-olmamasından və ya bu müqavilənin bağlandığı məqamda tərəflərə məlum olub-olmamasından asılı olmayaraq) qanunvericiliklə icazə verilən maksimal həddə imtina edir və işəgötürəni və ya onun hüquqi varislərini və ya hüquqlarını qanuni şəkildə əldə etmiş bütün şəxsləri işçi qarşısında olan öhdəliklərindən azad edir. Məhkəmə, iddiaçının mülahizəsinə görə razılaşmanın etibarsız hesab edilməsinə əsas olan bu bənddə göstərilən “bütün hüquq və iddialarından qanunvericiliklə icazə verilən maksimal həddə imtina edir” ifadəsinin uğursuz olduğunu qəbul etsə də hesab edir ki, bu bənd işçiyə məxsus və qanunvericilikdə öz əksini tapan hər-hansı hüquqdan imtina etməsini təsbit etmir və işçi üçün heç bir hüquqi nəticə yaratmır. Belə ki, Mülki Məcəllənin 25.4-cü maddəsinin tələblərinə görə fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxslərin hüquq qabiliyyəti onların qanunda nəzərdə tutulmuş və ya yol verilən konkret subyektiv mülki hüquqlar əldə etmək və vəzifələr daşımaq üzrə qanunla müdafiə edilən ömürlük hüquqi imkanlarıdır. Mülki hüquq qabiliyyəti insandan ayrılmazdır və onun yaşından, səhhətindən və s. asılı olmayaraq ömrünün sonunadək özünə münasib mülki hüquqlar və vəzifələr əldə etmək üçün ona hüquqi imkanlar verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qanunvericilikdə fiziki şəxsin özünə məxsus hüquqlardan məcburi imtinasının nəzərdə tutulmaması və hətta qadağan olduğu “maksimal həddə hüquqlardan imtina etməsini” özündə ehtiva edən bu bəndi mənasız edir. Lakin 29 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilənin 9-cu bəndindən göründüyü kimi müqavilənin hər hansı müddəası səlahiyyətli yurisdiksiyanın məhkəməsi tərəfindən qeyri-qanuni, etibarsız yaxud icrası mümkünsüz olan müddəa hesab olunduğu təqdirdə həmin müddəa (etibarsız yaxud icrası mümkünsüz olduğuna görə) qüvvəsini itirmiş və bu müqaviləyə daxil olunmamış kimi hesab edilir və bu zaman bu hal müqavilənin qalan müddəalarının hər hansı birinin qüvvəsinə təsir göstərmir. Həmçinin Mülki Məcəllənin 352-ci maddəsinin tələblərinə görə əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Məlumdur ki, əqd bağlayan subyektlər müəyyən hüquqi nəticələr əldə etmək məqsədi güdürlər. Əqdin ümumi qanuniliyinə təsir göstərməyən ayrı-ayrı hissələrinin etibarsızlığı tərəflərin müəyyən nəticələrə nail olmaq üçün daxil olduqları öhdəlik hüquq münasibətlərinin tam şəkildə etibarsız hesab edilməsi ilə nəticələnməsi ümumi qanunvericilik prinsiplərinə zidd olardı. Belə ki, əgər əqd etibarsız hesab edilmiş hissə daxil edilmədən bağlana bilərdisə, əqd həmin hissə xaric edilməklə etibarlı olur. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, iddiaçının irəli sürdüyü faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia 29 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsinə dair hissədə rədd edilməlidir. 29 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbinin rədd olunması ilə əlaqədar gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdeh "Cavabdeh" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s." tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar