Məhkəmə qərarları › İş №2(006)-1282/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1282/2025

28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1282/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində göstərməklə, «ölüm faktının müəyyən edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhumə anası X9 ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Anasının vəziyyəti xx.xx.2024-cü il tarixdə qəfildən pisləşmişdir. “X14” PHŞ Son kliniki diaqnozla Dəqiqləşdirilmiş ağciyər-ürək çatmamazlığı,Ağciyər emboliyası diaqnozu ilə daxil olmuşdur. xx.xx.2024-cü ildə bioloji ölüm baş vermişdir. Anam rəhmətə getdikdən sonra biz onu Bakı şəhəri Abşeron rayonu, Məmmədli kənd qəbiristanlığında dəfn etmişik. xx.xx.2024-cü il tarixdə vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə alınması üçün “Ölüm haqqında tibbi şəhadətnamə” tərtib edilərək ona təqdim edilməsi xahiş olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-7- 2245/24 saylı məktubu ilə sorğusuna cavab olaraq bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 saylı Qərarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmçinin bildirilmişdir ki, təqdim etdiyi sənədlər əsasında ölüm faktını təsdiq edən tibb müəssisənin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə müraciət etməlidir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısı, mərhumənin isə qızıdır. Anası o uşaq olan vaxtdan iflic olub illərlə müalicə alıb. Qardaşı Nizami ilə yaşayıb. Qardaşı Nizami həyat yoldaşına zəng edərək anasının rəhmətə getdiyini demişdir.Mərhuməni Abşeron rayonu, Məmmədli qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində qohumları da iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirmişdir ki, o, ərizəçinin həyat yoldaşı, mərhumənin isə gəlinidir. Qayınanası yuxudan oyandı, burnundan qan açıldı. Təcili yardım maşını gec gəldiyindən, Semaşka xəstəxanasına apardılar, 1 saatdan sonra bildirdilər ki, rəhmətə gedib. 17-18 ildir ki, birgə yaşadıqlarını bildirdi. Mərhuməni Abşeron rayonu, Məmmədli qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində qohumları da iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısı, mərhumənin isə qızıdır. Anası 34 yaşından xəstədir, axırıncı dəfə burnundan qan açıldı. Xəstəxanaya apardılar, orada rəhmətə getdi. Anasını Abşeron rayonu, Məmmədli qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində qohumları da iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısı, mərhumənin isə qızıdır. Anası 34 yaşından xəstədir, axır vaxtlar damarı nazikləşmişdi deyə burnundan qan açıldı. Xəstəxanaya apardılar, orada rəhmətə getdi. Anasını Abşeron rayonu, Məmmədli qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində qohumları da iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşı, mərhumənin isə oğludur. Anası iflic olub.Dərman çox işlətdiyi üçün damarı nazikləşib. Təzyiqi hər zaman yüksək olub. Anasını Abşeron rayonu, Məmmədli qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində qohumları da iştirak etmişlər. Maraqlı şəxs iş yükünün çoxluğunu nəzərə alaraq Ərizəçi mülki işinə dair keçiriləcək məhkəmə baxışı iclasını nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 5 №li şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli, 4021 saylı məktubu ilə müəyyən edilir ki, xx.xx.1958-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə 213a ünvanında yaşayan X9 xx.xx.2024-cü il tarixdə rəhmətə getmişdir. Uzun müddət Nəsimi rayon 5 №li poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə almadığına, ölümün səbəbini bilmədiklərinə görə Forma N106 almaq üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. - Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-Ə-2245/24 saylı məktubundan görünür ki, ölümün qeydə alınması ilə bağlı zəruri sənədlər təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. - Abşeron rayon Məmmədli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 254 saylı arayışına əsasən X9 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Abşeron rayonunun Məmmədli kəndində dəfn olunmuşdur. - “X14” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-2/2-Ə-868-42-509/2024 saylı məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hadisə barəsində Nəsimi RPİ-nin 20-ci polis bölməsinə məlumat verilmişdir. Bu səbəbdən X13 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhumə X9 mərhum həyat yoldaşının yanında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, Ərizəçi anası X3 ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1958-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixində anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar