Məhkəmə qərarları › İş №2(006)-383/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-383/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-383/2022 15.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2015-ci il tarixli 00004 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 45.247,35 (qırx beş min iki yüz qırx yeddi manat otuz beş qəpik) manat əsas borc, 1.605,81 (min altı yüz beş manat səksən bir qəpik) manat faiz borcu, cəmi 46.853,16 (qırx altı min səkkiz yüz əlli üç manat on altı qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı, həmçinin 55 (əlli beş) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumunun Cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 23 noyabr 2015-ci il tarixli 00004 nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0386 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılmasına qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2015-ci il tarixli 00004 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 276 (iki yüz yetmiş altı) ay müddətinə illik 8 (səkkiz) faiz ödəmək şərti ilə 50.000 (əlli min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh 23 noyabr 2015-ci il tarixdə "xxxx" ASC ilə və satıcı X2 ilə 00004 nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Alqı-satqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən satıcı, “Asan xidmət” mərkəzinin notariat kontoru tərəfindən verilmiş 23 noyabr 2015-ci il tarixli ********** nömrəli arayışa əsasən ümumi sahəsi 134.1 kv.m, o cümlədən yaşayış sahəsi 102 kv.m olan ünvan 3 ünvanında mülkiyyətində olan 0.0386 ha torpaq sahəsində yerıəşən, 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evini alıcı-İpoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 22 aprel 2015-ci il tarixli, RX № ******* saylı Çıxarışa əsasən Satıcıya məxsusdur. Fərdi yaşayış evinin satış qiyməti 63.000 (altmış üç min) manatdır, fərdi yaşayış evinin dəyərinin 13.000 (on üç min) manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 50.000 (əlli min) manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 19 noyabr 2015-ci il tarixli 00004 nömrəli Kredit müqaviləsinə əsasən Alıcı- İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-İpoteka qoyan satılan fərdi yaşayış evini (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 19 noyabr 2015-ci il tarixli 00004 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 396.73 manat məbləğində bərabər hissələrlə ödənilir. Borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin 19 noyabr 2015-ci il tarixli 00004 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər. İpoteka predmeti kredit müqaviləsi üzrə Kreditor-İpoteka saxlayanın tələblərini (o cümlədən hesablanmış faiz, dobbə pulu, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərclər) ödəniş vaxtına mövcud olduğu həcmdə təmin edir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 45247.35 (qırx beş min iki yüz qırx yeddi manat otuz beş qəpik) manat, faiz borcu 1605.81 (min altı yüz beş manat səksən bir qəpik) manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2021-ci il tarixinə cəmi borcu 46853.16 (qırx altı min səkkiz yüz əll üç manat on altı qəpik) manat təşkil edir. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016- cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bu barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 269.1 və 269.2-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı 07619271 nömrəli çıxarışın surətindən görünür ki, Bərdə şəhəri, Cavanşir küçəs, 24 ünvanında yerləşən mülkiyyət xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 00004 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank (kreditor) bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 50.000,00 (əlli min) manat məbləğində 276 (iki yüz yetmiş altı) ay müddətinə, illik 8% ödəmək şərtilə kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit borcalana ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün verilmişdir. Həmin müqaviləyə əsasən, borcalan bu müqavilənin imzalanadığı tarixdən 1 iş günü ərzində 13.000,00 manat məbləğində ilkin ödəniş məbləğini bank hesabına ödəməli və yaşayış sahəsinin mülkiyyətçisi ilə alqı-satqı müqaviləsi bağlamalıdır. "xxxx" ASC (ipoteka saxlayan), X3 (satıcı) və Cavabdeh (alıcı-ipoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X3 ümumi 2 Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayə tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin sahəsi 134.1 m2, o cümlədən yaşayış sahəsi 102 m2 olan ünvan 5 ünvanında mülkiyyətində olan 0.0386 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evini alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Fərdi yaşayış evinin satış qiyməti 63.000 manatdır, fərdi yaşayış evinin dəyərinin 13.000 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 50.000 manatı isə kreditor- ipoteka saxlayan tərəfindən 19 noyabr 2015-ci il tarixli 00004 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Alıcı- ipoteka qoyan satılan fərdi yaşayış evini bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor- ipoteka saxlayan arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya vermişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bərdə şəhəri, Cavanşir küçəsi, 24 №-li fərdi yaşayış evi 0.0386 ha torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin xeyrinə yüklü edilməsi barədə ********** nömrəli qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə aparılmışdır. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, banka 26 may 2021-ci il tarixinə əsas qalıq borcun 44.765,57 manat, gecikdirilmiş əsas qalıq borc 481,78 manat, cari faiz borcu 248,69 manat, gecikdirilmiş faiz borcu 644,13 manat, ümumi borcun 46.140,17 manat təşkil etməsi barədə borclu xabərdar edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildirişin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli, 0004 saylı kredit müqaviləsi üzrə əsas borc, faiz və cəimələrin ödənilməsi tələb etmiş və əks təqdirdə kredit müaviləsinin ləğv edilməsi və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi üçün məhkəməyə müraciət edilcəyi barədə borclu şəxs xəbərdar edilmişdir. "xxxx" ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in ünvan 8 ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyindən ona xx.xx.2021- ci il tarixdə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmişdir. Bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı- X8 əsasən iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 30 manat məbləğində dövlət rüsum və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışınının surətindən görünür ki, xx.xx.2021-ci il tarixə borcalanın Banka 45.247,35 manat əsas borc və 1605,81 manat faiz borcu olmaqla, cəmi 46.853,16 manat borcu mövcuddur . Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/133 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, 0004 №-li kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh 06 avqust 2021-ci il tarixədək (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 45.552,22 manat məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2021-ci il tarixə: əsas borc üzrə 44.160,83 manat, faiz borcu üzrə 1.391,39 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, H/01-PLS saylı mütəxəssis rəyindən görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən qiymətləndirməyə təqdim olunan fərdi yaşayış evinin və torpaq sahəsinin hazırkı dövrə likvid qiyməti 40.000 manat müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 19 noyabr 2015-ci il tarixli, 0004 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 276 ay müddətinə, illik 8% ödəmək şərti ilə 50.000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi tərəflər arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, cavabdeh elə həmin müqavilənin ayrıca hissəsi olan alqı-satqı müqaviləsi əsasında satıcıdan aldığı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və onun xx.xx.2021-ci il tarixə banka 44.160,83 manat əsas borc və 1.391,39 manat faiz borcu olmaqla, cəmi 45.552,22 manat məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsini rəhbər tutaraq (ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir) hesab edir ki, cavabdehdən əsas və faiz borcu üzrə müvafiq olaraq 44.160,83 manat və 1.391,39 manat məbləğində pul tutulmalıdır. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə və xx.xx.2015-ci il tarixli ipoteka kağızına əsasən Cavabdeh məxsus Bərdə şəhəri, Cavanşir küçəsi, 24 nömrəli fərdi yaşayış evi 0.0386 ha torpaq sahəsi ilə birlikdə kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Göstərilən Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli bildiriş cavabdehə göndərilmiş və xx.xx.2021-ci il tarixli məktubla ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş qeydə alınmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, H/01-PLS saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırda mövcud olan likvid qiyməti 40.000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti 2022-ci il tarixi üçün tərtib edilmiş sonuncu qiymətləndirmə rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 40.000 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2015-ci il tarixli 00004 nömrəli kredit müqaviləsi ləğv edilməli, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 44.160,83 (qırx dörd min yüz altmış manat səksən üç qəpik) manat əsas borc, 1.391,39 (min üç yüz doxsan bir manat otuz doqquz qəpik) manat faiz borcu, cəmi 45.552,22 (qırx beş min beş yüz əlli iki manat iyirmi iki qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı, həmçinin 55 (əlli beş) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum Cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh ilə bağlanan 23 noyabr 2015-ci il tarixli 00004 nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus və likvid dəyəri 40.000 (qırx min) manat olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0386 ha torpaq sahəsinə yönəldilməli və əmlak açıq hərracdan satılmalı, həmin ipoteka ilə təmin edilmiş kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməli, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğ Cavabdeh tutulmalıdır. Məhkəmə iddianın “fərdi yaşayış evinin boşaldılması” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və belə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2015-ci il tarixli 00004 nömrəli kredit müqaviləsi ləğv edilsin. Həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 44.160,83 (qırx dörd min yüz altmış manat səksən üç qəpik) manat əsas borc, 1.391,39 (min üç yüz doxsan bir manat otuz doqquz qəpik) manat faiz borcu, cəmi 45.552,22 (qırx beş min beş yüz əlli iki manat iyirmi iki qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı, həmçinin 55 (əlli beş) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum Cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh ilə bağlanan 23 noyabr 2015-ci il tarixli 00004 nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus və likvid dəyəri 40.000 (qırx min) manat olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0386 ha torpaq sahəsinə yönəldilsin və əmlak açıq hərracdan satılsın. Həmin ipoteka ilə təmin edilmiş kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilsin. İpoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğ Cavabdeh tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar