Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1515/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X13 oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı "pulun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "pulun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMM ilə iddiaçı arasında bağlanmış 078B/2023 saylı, 07 mart 2023-cü il tarixli müqaviləyə əsasən müəssisə iddaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsinin əvəzində Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti X11 Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsində tikiləcək binanın 3cü girişinin birinci mərtəbəsində 42 kv.metrdən ibarət təmirli qeyri-yaşayış sahəsini mülkiyyətçinin, yəni iddiaçının sərəncamına verməyi öhdəsinə götürmüşdür. Bundan başqa müqaviləyə əsasən qeyri-yaşayış sahəsi hazır olub iddaçıya təhvil verilənə qədər aylıq 700 manat kirayə haqqı ödəniməsi öhdəliyi nəzərdə tutulmuşdur. Lakin müəssisə tərəfindən müqavilə öhdəlikləri kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçıya binanın birinci mərtəbəsində, yəni zirzəmi səviyyəsində qeyri-yaşayış sahəsi göstərilmiş və müqaviləyə əsasən iddiaçıya həmin zirzəmi mərtəbəsindən sahə verildiyi bildirilmişdir. İddiaçı buna etiraz etmiş və bildirmişdir ki, iddaçının sökülmüş obyekti yol səviyyəsi ilə eyni olmuşdur, lakin indi iddiaçıya təklif edilən qeyri-yaşayış sahəsi isə zirzəmi səviyyəsində olmaqla yol səviyyəsindən 5-6 metr aşağıda yerləşir. Bu da gələcəkdə həmin qeyriyaşayış sahəsindən istifadə olunmasını, onun obyekt kimi fəaliyyət göstərməsini mümkünsüz edir. Həmçinin təklif olunan hissədə, yəni zirzəmidə qeyri-yaşayış sahəsinin verilməsi müqavilə şərtlərinə ziddir. Müqavilə öhdəliklərinə əsasən iddiaçıya veriləcək 42 kv.metr qeyri-yaşayış sahəsi binanin zirzəmi mərtəbəsinə deyil, birinci mərtəbəsində yəni yol ilə eyni səviyyədə olmalı idi. Eyni zamanda xx.xx.2022-ci il tarixdən də kirayə haqqının ödənilməsi əsassız olaraq dayandırılmışdır. İddiaçı dəfərlərlə bu barədə müəssisənin nümayəndələrinə bildirmiş, hər dəfəsində qeyri-yaşayış sahəsinin birinci mərtəbədə, yəni yol ilə eyni səviyyədə olan hissədə veriləcəyi və kirayə haqqının ödəniləcəyinə dair söz verilmişdir. Lakin bu günədək öhdəlik yerinə yetirilməmişdir. Rəsmi qaydada pretenziya məktubu ilə cavabdehə müraciət olunmuş, lakin bundan sonra da iddiaçıya yalan vədlər verilmiş, müqavilə öhdəlikləri icra edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" MMM tərəfindən Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti X11 Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsində tikilmiş binanın 3-cü girişinin birinci mərtəbəsində yəni yol ilə eyni səviyyədə olan hissədə 42 kv.metrdən ibarət təmirli qeyri-yaşayış sahəsinin iddiaçının sərəncamına verilməsi və 2022-ci ilin sentyabr ayından bu günədək, yəni 2024cü ilin yanvar ayınadək aylıq 700 manat olmaqla ödənilməyən kirayə haqqının - 10500 (on min beş yüz) manat pulun, eləcə də məhkəmə qətnaməsi icra olunadək hər ay üçün 700 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" MMM tərəfindən Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti X11 Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsində tikilmiş binanın 3-cü girişinin birinci mərtəbəsində, yəni yol ilə eyni səviyyədə olan hissədə 42 kv.metrdən ibarət təmirli qeyri-yaşayış sahəsinin əvəzi olaraq 420.000 (dörd yüz iyirmi min) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və 2022-ci ilin sentyabr ayından bu günədək, yəni 2024-cü ilin may ayınadək aylıq 700 manat olmaqla ödənilməyən kirayə haqqının - 14000 (on dörd min) manat pulun, eləcə də məhkəmə qətnaməsi icra olunadək hər ay üçün 700 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. O, izahatında bildirmişdir ki, iddiaçıya verilməlli olan qeyri-yaşayış sahəsi binanın yerləşdiyi ərazinin relyefinə görə yol səthindən aşağıda yerləşmişdir. Yol səthi ilə eyni səviyyədə olan qeyri-yaşayış sahələri əmlakı sökülmüş digər sakinlərə verilmişdir. 2-ci və 3-cü binanın arasında olan ərazidə yanğın təhlükəsizliyi qaydalarına görə texniki problemlər olduğundan iddiaçıya qeyriyaşayış sahəsi verilə bilmir. Hazırkı sahə iddiaçıya 2022-ci ilin sentyabr ayında təklif olunduğu üçün, həmin vaxtdan kirayə haqqının ödənilməsi dayandırılmışdır. Cavabdehin nümayəndəsi və vəkili eyni zamanda, iddiaçıya təhvil verilməli olan qeyri-yaşayış sahəsinin bazar qiymətinin 420.000 manat olmasına etirazının olmadığını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh MMM ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 078B/2023 saylı müqavilədən görünür ki, müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına əsasən “...Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə...” Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti X11 Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən və yaşayış üçün təhlükəli vəziyyətdə olan mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisini həyata keçirir. Cavabdeh MMM söküntüsü nəzərdə tutulan binanın əvəzinə 42 kv.metrdən ibarət təmirli qeyri-yaşayış sahəsini iddiaçının sərəncamına verməyi və yeni bina inşa edilib bu müqavilədə müəyyən olunmuş şərtlər daxilində təmirli qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilən vaxt intervalına qədər hər ay icarəyə götürdüyü qeyri-yaşayış sahəsi üçün 700 manat məbləğində pul verməyi öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəsis rəyindən görünür ki, "xxxx" MMM tərəfindən Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti X11 Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsində inşa edilmiş yaşayış kompleksinin Mirəli Qaşqay küçəsinə çıxış hissəsində birinci mərtəbədə 42 kv.metrdən ibarət qeyri-yaşayış sahəsininin hazırkı satış bazar dəyəri 420.000 - 504.000 manat arasında qiymətləndirilmişdir. Məhkəmə tərəfindən maddi sübutların yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti X11 Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsində inşa edilmiş çoxmənzilli yaşayış binasında cavabdeh təşkilat tərəfindən iddiaçıya təklif olunan qeyri-yaşayış sahəsi ətraf ərazinin yol səviyyəsindən bir neçə metr aşağıda yerləşir. Yol səthi ilə eyni səviyyədə yerləşən həmin binada olan qeyri-yaşayış sahələri əsasən istifadə olunur və həmin sahələr əmlakları sökülmüş əvvəlki sakinlərə verilmişdir. Hazırda iddiaçıya verilməsi müzakirə olunan yeni sahə (2-ci və 3-cü binanın arasında olan ərazi) ümumi girişli, ticarət mərkəzi tipli qapalı ərazidə yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, həmin tikinti şirkətində çalışmışdır. Sözügedən ərazidə pilot layihə çərçivəsində tikinti işləri həyata keçirilmişdir. Ərazidə 6 ay monitorinq aparılmış, hər bir şəxsin sahəsi dəqiqləşdirilmiş və onlarla danışıqlar aparılmışdır. Köhnə tikililərin sökülüb yerində yeni binanın tikilməsi barədə Nəsimi Rayon İcra Hakimiyyəti sərəncam vermişdir. Ərazidəki tikililərin hamısı 1 mərtəbəli və 2 mərtəbəli evlər olmuşdur. Oradakı evlər qəzalı vəziyyətdə və köhnə tikili olmuşdur. İddiaçı da daxil olmaqla, sakinlərin əksəriyyəti yaşayış sahəsini qeyri-yaşayış sahəsi kimi istifadə etmişdir. Tikinti şirkərinin rəhbərliyi belə qərara gəlmişdir ki, əgər sakin onu qeyri-yaşayış sahəsi kimi istifadə edirsə və vergi orqanında qeydiyyatda olmuşdursa, həmin şəxsə qeyri-yaşayış sahəsi verilməlidir. Pilot layihə şirkətə bir il yarımdan sonra təqdim olundu. Relyefə görə binanın aşağı hissəsi ilə yuxarı hissəsi arasında 8 metr yüksəklik fərqi var. Layihə təsdiq olunandan sonra şirkət vətəndaşlarla müqavilə bağlayaraq 700 manat aylıq kirayə pulu vermişdir. Layihədə tikinti xətti 70% az məsafədən verilmişdir. S.Əsgərova küçəsi tərəfdə binanın bir hissəsi yol səthi ilə bərabər, bir hissəsi isə yol səthindən aşağı olduğu üçün sakinləri köçürmək olmur. Hüquqi baxımdan iddiaçı haqlıdır. Layihə üzrə 1-ci və 2-ci mərtəbələr qeyri-yaşayış sahəsidir. 2-ci mərtəbəyə giriş yalnız eskalator vasitəsilədir. Birinci mərtəbənin girişini bağlayıb sakinlərə verməyə X12 Xidməti tərəfindən icazə verilmir. X12 Xidməti tərəfindən icazə verilmədiyi üçün M.Qaşqay küçəsi tərəfdən iddiaçıya 2-ci və 3-cü binanın arasındakı ərazidə sahənin verilməsi mümkün deyildir. Mövcud mübahisə də bundan qaynaqlanır. Şahid H.İbrahimov ifadəsində eyni zamanda bildirmişdir ki, iddiaçı sökülmüş əmlakını qeyri-yaşayış sahəsi kimi istifadə edirdi. Onun sahəsi yol səthi ilə bərabər idi. Hətta iddiaçıya məxsus zirzəmi də var idi və iddiaçı onu anbar kimi istifadə edirdi. Köçürülmə zamanı şirkət bunu nəzərə almamışdı. Sonradan iddiaçının şikayəti əsasında şirkət müqaviləni ləğv edib, ilkin müqavilədə nəzərə alınmamış 15 kv.metr sahəni yeni müqaviləyə əlavə etdi. İddiaçıya təklif olunan sahə tam təmirlidir və təhvil verilməyə hazırdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti X11 Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən və yaşayış üçün təhlükəli vəziyyətdə olan mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi Cavabdeh MMM tərəfindən həyata keçirilmişdir. Bununla bağlı həmin ərazidə daşınmaz əmlakı olan İddiaçı ilə cavabdeh şirkət arasında arasında müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən sökülmüş əmlakın əvəzinə tikiləcək binanın 3-cü girişinin birinci mərtəbəsində 42 kv.metrdən ibarət təmirli qeyri-yaşayış sahəsini İddiaçı sərəncamına verməyi və təmirli qeyri-yaşayış sahəsi ona təhvil verilən vaxta qədər hər ay 700 manat məbləğində kirayə haqqını verməyi Cavabdeh MMM öhdəsinə götürmüşdür. Tikinti işləri başa çatdıqdan sonra iddiaçıya təklif olunan qeyri-yaşayış sahəsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmamış və hazırkı mübahisə əmələ gəlmişdir. Buna görə də iddiaçı sökülmüş əmlakının əvəzinə yol səthi ilə eyni səviyyədə olan yeni qeyri-yaşayış sahəsinin verilməsini tələb etmişdir. Mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qununla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki Prosessual Məcəllənin 190-cı maddəsinə əsasən sədrlik edən iddianı və iddiaya etirazda göstərilmiş işin faktiki hallarını, işin mübahisəsiz hallarını və tərəflərin mübahisələndirdiyi halları, həmçinin tərəflərin təqdim etdiyi sübutları elan edir. İşin məruzəsindən sonra sədrlik edən əlavələrin və ya dəqiqləşdirmələrin olub-olmamasını aydınlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, "xxxx" MMM iddiaçı ilə arasında bağlanmış 078B/2023 saylı, 07 mart 2023-cü il tarixli müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və öhdəliklərin pozulmasına yol vermişdir. Belə ki, sözügedən müqaviləyə əsasən iddaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsinin əvəzində Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti X11 Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsində tikiləcək binanın 3cü girişinin birinci mərtəbəsində 42 kv.metrdən ibarət təmirli qeyri-yaşayış sahəsini onun sərəncamına verməyi cavabdeh öhdəsinə götürmüşdür. İddiaçıya məxsus olan sökülmüş daşınmaz əmlakın yerləşməsinin yol ilə eyni səviyyədə olması, onun qeyri-yaşayış sahəsi kimi istifadə olunması, əmlakın dəyərinin 420.000 manat olması işin mübahisəsiz halıdır. Bununla bağlı idiaçı da cavabdeh təşkilatla müqavilə bağlayarkən ona veriləcək yeni əmlakın sökülən əmlakla analoji iqtisadi dəyərdə olacağını güman etməyə haqlıdır. Çünki, müqavilə şərtlərində iddiaçıya veriləcək qeyri-yaşayış sahəsinin binanın birinci mərtəbəsində yerləşməsi nəzərədə tutulmuşdur. Tikinti başa çatdıqdan sonra iddiaçıya təklif olunan sahə binanın layihə üzrə birinci mərtəbəsində yerləşsə də, faktiki vəziyyəti fərqli olmuşdur. Yəni təklif olunan sahə yol səviyyəsindən 6-7 metr aşağıda yerləşmişdir. Bu hal həmin sahənin iqtisadi faydalılığına ciddi təsir edən amil olmaqla, onun sökülən əmlakla analoji iqtisadi faydalı dəyərdə olmaması qənaətinə gəlməyə əsas verir. Ona görə də iddiaçı təklif olunan qeyri-yaşayış sahəsini qəbulundan imtina etməkdə haqlı olmuşdur. İddiaçıya əvvəlki əmlakı ilə eyni dəyərdə olan yeni əmlakın hazırkı vaxta qədər verilməməsi "xxxx" MMM tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi kimi başa düşülməlidir. Eyni zamanda, mövcud binada yol səthi ilə eyni səviyyədə olan boş qeyri-yaşayış sahəsi olmadığından müqavilənin vicdanlı şəkildə icrası mümkünsüz hala gəlmişdir. Buna görə müqavilə öhdəliklərinin pozulması nəticəsində vurduğu zərər üçün cavabdeh təşkilat iddiaçı qarşısında tam məsuliyyət daşıyır. Nəticədə iddiaçının müqavilə predmeti olan əmlakın ona naturada verilməsini tələb etmək əvəzinə, dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsinin naturada verilməsi mümkün olmadığından və verilməli olan qeyri-yaşayış sahəsinin minimum bazar dəyəri 420.000 manat olduğundan, iddiaçının tələbi kimi əmlakın əvəzinə 420.000 manat məbləğində pulun tutulması təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında mövcud müqavilə öhdəliklərinə uyğun olmayan əmlakın iddiaçıya təklif olunması kirayə ödənişinin dayandırılmasına səbəb kimi qəbul oluna bilməz. Çünki həmin əmlakı təklif etməklə cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməmiş hesab olunur. İddiaçıya müqaviləyə uyğun əmlak təhvil verilənədək "xxxx" MMM-in iddiaçı qarşısında öhdəliyi davam etdiyindən, kirayə pulunun ödənilməsi də davam etdirilməli idi. Ona görə də əmlak iddiaçıya təhvil verilən vaxta qədər "xxxx" MMM-in aylıq 700 manat kirayə pulunu ödəmək öhdəliyi olduğundan iddia tələbi həmin hissədə də təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2023-cü il tarixli 078B/2023 saylı müqavilə Cavabdeh MMM ilə İddiaçı arasında bağlanmış əvvəlki müqavilə əsasında yenilənmiş müqavilədir. Sonuncu müqavilə 2022-ci ilin sentyabr ayında iddiaçıya əmlak təklif olunan tarixdən sonrakı müddətdə bağlandığından, hesab olunur ki, cavabdeh təşkilat iddiaçıya başqa sahədə əmlakın verilməsini və həmin vaxta qədər də kirayə haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 113.1 və 113.2-ci-ci maddələrinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, iddia tələbi dəyişdirildiyindən, dəyişdirilmiş iddianın qiymətinə uyğun dövlət rüsumunun kəsri hesablanmalı və təmin olunmuş tələbə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Belə ki, təmin olunmuş iddia tələbinin qiyməti 434.000 manat təşkil edir. Həmin iddia qiymətinə uyğun dövlət rüsumunun məbləği 724 manat təşkil edir. Əvvəlcədən 100 manat məbləğində dövlət rüsumu ödənildiyindən dövlət rüsumunun kəsr hissəsi olan 624 manat məbləğində pul Cavabdehndən tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti X11 Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsində inşa edilmiş çoxmənzilli yaşayış binasında yol səthi ilə eyni səviyyədə verilməli olan 42 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin əvəzi olaraq Cavabdehndən 420.000 (dörd yüz iyirmi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, 2022-ci ilin sentyabr ayından 2024-cü ilin may ayınadək olan dövr üçün kirayə haqqının əvəzi olaraq 14.000 (on dörd min) manat məbləğində pul, eləcə də 2024-cü ilin may ayından məhkəmə qətnaməsi icra olunan vaxtadək hər ay 700 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməli, Dövlət rüsumunun kəsri olaraq 624 (altı yüz iyirmi dörd) manat məbləğində pul Cavabdehndən tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti X11 Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsində inşa edilmiş çoxmənzilli yaşayış binasında yol ilə eyni səviyyədə verilməli olan 42 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin əvəzi olaraq Cavabdehndən 420.000 (dörd yüz iyirmi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. 2022-ci ilin sentyabr ayından 2024-cü ilin may ayınadək olan dövr üçün kirayə haqqının əvəzi olaraq 14.000 (on dörd min) manat məbləğində pul, eləcə də 2024-cü ilin may ayından məhkəmə qətnaməsi icra olunan vaxtadək hər ay 700 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun kəsri olaraq 624 (altı yüz iyirmi dörd) manat məbləğində pul Cavabdehndən tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X14
Məhkəmə qərarları › İş №2(006)-1515/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1515/2024
22.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver