Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1529/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1910-cu ildə Qəbələ rayonu Quşlar kənd sovetliyinin Dizaxlı kəndində (sonralar Yeni Dizaxlı adlanıb) anadan olmuş atası X1 ölümünün qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında qeyd etmişdir ki, atası X3 1910-cu ildə Qəbələ rayonu Quşlar kənd sovetliyinin Dizaxlı kəndində anadan olmuşdur. Atası 1986-cı ildə Bakıda göz xəstəlikləri xəstəxanasında (o vaxtlar Filarmoniyanın yaxınlığında yerləşirdi) sol gözündən əməliyyat olunmuşdu, lakin əməliyyatdan ayılmamış və dünyasını dəyişmişdir. Oktyabrın 20-də yaşadığı Yeni Dizaxlı kənd qəbirstanlığında dəfn edilmişdir. 2021-ci ilin avqust ayında ona atasının və anasının ölüm faktı lazım olmuşdur. Bununla əlaqədar o, Qəbələ rayon Asan Xidmətinə müraciət etdi. Asan xidmətin əməkdaşları atasının ölüm aktını tapa bilmədilər və ona bununla əlaqədarr Maraqlı şəxsnə müraciət etmək lazım olduğunu bildirdilər. Maraqlı şəxs əməkdaşları arxiv materiallarını dəfələrlə yoxlamasına baxmayaraq atasının ölüm aktı barəsində heç bir məlumat əldə edə bilmədilər. Belə olan halda Qeydiyyat şöbəsinin müdiri ona imtina cavabı verdi və məhkəməyə müraciət etməyi məsləhət bildi. O, həmin imtina cavabı əsasında Qəbələ rayon Məhkəməsinə müraciət etdi. Qəbələ rayon Məhkəməsi ona cavab məktubu göndərərək bildirdi ki, bu barədə qeydiyyatda olan ünvanın rayon məhkəməsinə müraciət etməlidir. Ölüm faktının müəyyən olunması və qeydə alınması ona ev-mənzil məsələləri ilə bağlı lazımdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxs və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə çağrılmış, lakin nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, Ərizəçi tanıyır. Hadisə baş verən zaman klinikaya getdilər. Mərhum göz xəstəxanasında 20 oktyabr 1990-cı il tarixdə rəhmətə gedib, o da şahid olmuşdur. Dəfndə iştirak etməmişdir. Vaqifin atası Qəbələdə kənddə yaşayırdı. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilən 17 avqust 2021-ci il tarixli cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X1 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan X6 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Mərkəzi Arxiv şöbəsində 1990-cı ilə aid sənədlər mövcud deyildir. İş materiallarında olan X8 tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Qəbələ rayonu (Quşlar kəndi) üzrə 1910-cu ilə dair vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına (doğum, ölüm, nikah, boşanma) dair sənədlər X7 təhvil verilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Qəbələ rayon Yeni Dizaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 25 iyul 2022-ci il tarixli Arayışdan görünür ki, mərhum X3 1990-cı ildə Qəbələ rayon Yeni Dizaxlı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan B.Şəhla və M.İlqar tərəfindən yazılan ərizələrdən görünür ki, onlar X1 Ərizəçi atası olmasını və mərhum X1 xx.xx.1990-cı il tarixdə vəfat etməsi faktını təsdiq etmişlər. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X3 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində X6 adına Milli Oftalmologiya Mərkəzində göz əməliyyatı olunduqdan sonra vəfat etmiş və Qəbələ rayonu Yeni Dizaxlı kənd qəbirstanlığında dəfn edilmiş, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi atası X1 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1910-cu il təvəllüdlü X1 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X1 vəfat etməsi faktının müəyyən edilməsi “ölüm haqqında şəhadətnamə”nin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1529/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1529/2023
18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver