Məhkəmə qərarları › İş №2(006)-153/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-153/2021

11.03.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-153/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh «xxxx» KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka müqaviləsinə xitam verilməsi və mülkiyyət hüququnun bərpası» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «ipoteka müqaviləsinə xitam verilməsi və mülkiyyət hüququnun bərpası» tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka saxlayan bank ilə onun arasında xx.xx.2007-ci il tarixdə bağlanmış ********** saylı ipoteka müqaviləsinə xitam verilməsi və ona məxsus olan, ünvan 1 5 ünvanda yerləşən 6 saylı fərdi yaşayış evinin yüklülükdən azad edilərək, onun mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh bankın H.Nağıyevə və İddiaçı qarşı «müqavilənin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə Binəqədi rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(001)-1881/2009 saylı qətnaməsi ilə iddia təmin edilmiş, bankla H.Nağıyev arasında bağlanmış xx.xx.2007-ci il tarixli ********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh H.Nağıyevdən 499.500 manat məbləğində əsas borc, 124.105 manat 28 qəpik faiz olmaqla, ümumilikdə 623.605 manat 289 qəpik məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunmuş məbləğ hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(103)-63/2010 saylı qətnaməsi ilə cavabdehlər H.Nağıyev və İddiaçı tərəfindən Binəqədi rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, qətnamə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2010cu il tarixli 2(102)-2314/2010 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı verdiyi kassasiya şikayəti təmin edilməyərək, qətnamə dəyişiklik edilmədən saxlanılmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(001)-1861/2009 saylı qətnaməsi əsasında xx.xx.2010-cu il tarixdə verilən icra vərəqəsi əsasında qətnamə icraya yönəldilmişdir. Bundan sonra iddiaçı evinin hərracdan satıldığını və evdən çıxarılma barədə qətnaməni aldıqdan sonra hərracın nəticələrinin ləğv edilməsi və sair tələblərlə Binəqədi rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Həmçinin iddianın təmini tədbiri kimi evin özgəninkiləşdirilməsinə dair ərizə vermiş və həmin ərizə üzrə qəbul edilmiş qərardad istər apellyasiya, istərsə də kassasiya instansiyaları məhkəmələri tərəfindən dəyişiklik edilmədən saxlanılmış və evin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsi qadağan olunmuşdur. İddia əsasında icraatı başlanmış mülki işə baxmış rayon məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini, Hərrac Mərkəzinin hərracın nəticələri haqqında xx.xx.2014-cü il tarixli Y- 152 saylı protokolunun etibarsız hesab edilməsini, tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində ipoteka predmeti olan evə dair Hərrac Mərkəzinin hərracın nəticələri haqqında xx.xx.2014-cü il tarixli Y-152 saylı protokolu əsasında ipoteka saxlayan bankın adına aparılmış qeydiyyatın ləğv edilməsini, hüquqların dövlət reyestrindən həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər «xxxx» QSC-yə, Binəqədi rayon İcra Şöbəsinə və «X1 Mərkəzi» MMC-yə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair» tələbinə dair iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsindən cavabdeh bankın verdiyi apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişiklik edilmədən saxlanılmışdır. Tərəflər arasında yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Hazırkı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, son nəticədə İddiaçı məxsus olan və ünvan 1 5 ünvanda yerləşən 6 saylı fərdi yaşayış evinin satılmasına dair xx.xx.2014-cü il tarixdə Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracdan sonra «xxxx» KB tərəfindən evin mülkiyyətə keçirilməsi təmin edilməmiş və nəticə etibarı ilə iddiaçı 2016-cı il tarixdə məhkəməyə müraciət etdikdən sonra evə cavabdeh tərəfindən çıxarış almışdır. Halbuki qanunla bu müddət bir ay müəyyən edilmişdir. Belə ki, hərracda qalib çıxmış şəxs ona dair protokoldan çıxarış və alğı-satqı barədə müqavilə bağladıqdan sonra bir ay müddətində əldə etdiyi əmlakı mülkiyyətinə keçirməlidir. Lakin göründüyü kimi cavabdeh bunu etməmişdir. Belə olan halda, cavabdehin adına verilmiş çıxarış qanuni hesab edilə bilməz. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-824/2018 saylı qətnaməsindən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini aldığından icra olunması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Lakin hesab edir ki, təkrar hərracın keçirilməsi yolverilməzdir. Belə ki, cavabdeh hərracdan mübahisəli evi əldə etsə də, həmin əmlaka sərəncam, sahiblik və istifadə hüququ olmasına baxmayaraq, bu hüquqdan istifadə etməmiş və nəticədə qanunla müəyyən edilmiş müddətdə evə dair çıxarış almamışdır ki, bu da evin yüklülükdən azad edilərək, tam mülkiyyət hüquqları ilə iddiaçıya çıxarışın bərpa edilməsinə əsasdır. MPM-in 82.2-ci maddəsinin tələbləri ümumilikdə olan predmetin mübahisələndirilməsini istisna edir. Lakin hazırkı halda cavabdeh Binəqədi rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(001)- 1861/2009 saylı qətnaməsi əsasında keçirilmiş hərracın nəticəsi kimi əldə etdiyi daşınmaz əmlakı mülkiyyətinə vaxtında və qanunla müəyyən edilmiş müddətdə keçirməmişdir. Belə olan halda qanuni qüvvəsini almış qətnamə ilə keçirilmiş hərrac nəticəsində aldığı əmlakı mülkiyyətinə keçirmədiyindən bu iş üzrə qəbul edilmiş məhkəmə aktları icra edilmiş sayılmalı və yuxarıda qeyd edilən MPM-in 82.2-ci maddəsi hazırkı iş üzrə iddiaçıya nisbətdə tətbiq edilməməlidir. İşin məhkəmə aktları ilə müəyyən edilmiş hallarından müəyyən edilir ki, ipoteka saxlayan bank ilə ipoteka qoyan İddiaçı və borc alan H.Nağıyev arasında xx.xx.2007-ci il tarixdə bağlanmış ********** saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla borc alan arasında xx.xx.2007-ci il tarixdə bağlanmış ********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka qoyanın əmlakı olan və ipoteka predmeti kimi çıxış edən evin ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilməsi müqavilənin predmetini təşkil etmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin bazar dəyəri 768.600 manat məbləğində müəyyən edilmişdir. Məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarından o da bəllidir ki, «xxxx» MMC-nin xx.xx.2011-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatından görünür ki, sonuncu tərəfindən H.Nağıyevə məxsus evin Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2010-cu il tarixli 9354 saylı sifariş məktubu əsasında ilkin qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Toplanılan məlumatlar, aparılan təhlil və araşdırmalar nəticəsində H.Nağıyevə məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cavadxan küçəsində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 780.000 manat müəyyən edilmişdir? Qiymətləndirmə rəyinin özündə ipoteka predmetinin mülkiyyətçisinin səhvən H.Nağıyevin göstərilməsi ilə yanaşı, fərdi yaşayış evinin qiymətləndirilməsi işinin həyata keçirilməsi nəticəsində həmin evin qeyriyaşayış binası kimi qiymətləndirilməsi istər məhkəmə, istərsə də iddiaçı üçün anlaşılan deyildir. Hərrac Mərkəzinin hərracın nəticələri haqqında xx.xx.2014-cü il tarixli Y-152 saylı protokolundan görünür ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(001)- 1861/2009 saylı qətnaməsi üzrə verilən icra vərəqəsinin icrası ilə əlaqədar Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2011-ci il tarixli xx/xx-8795-3 saylı sifariş məktubu əsasında İddiaçı məxsus ev son satış qiyməti 497.250 manat olmaqla «İpoteka haqqında» Azəbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan banka satılmışdır. Həmin Protokolun 5-ci bəndinə əsasən, əmlakın ilkin satış qiymətinin 780.000 manat olduğu, 6-cı bəndinə əsasən «İpoteka haqqında» Azəbaycan Respublikası Qanununun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətinin təkrar hərraclarda 15 % və 25 % endiyi, 7-ci bəndinə əsasən isə əmlakın son satış qiymətinin 497.250 manat olduğu müəyyən edilir. «xxxx» MMC-nin təqdim etdiyi xx.xx.2016-cı il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus evin bazar dəyəri 1.210.000 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təqdim edilmiş sənədlər paketində olan bildirişlərdə ipoteka predmetinin 15 % aşağı qiymətlə təkrar hərraca çıxarılmasının səbəbi göstərilməmişdir. Bundan başqa, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinə əsasən 43.3-cü maddədə nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilməli olduğu halda, xx.xx.2011-ci il tarixdən sonra təkrar hərracın heç bir qanuni əsaslar (icra sənədi üzrə icraat dayandırılmadan, qətnamənin icrasına möhlət verilmədən) olmadan xx.xx.2013-cü il tarixdə, əvvəlki hərracın vaxtından bir il 11 ay sonra, bundan sonra yenidən xx xxxxxx 2014-cü il tarixdə keçirilməsi iddiaçı üçün anlaşılan deyildir. Bundan əlavə, sənədlər paketində olan Hərrac Mərkəzinin hərracın nəticələri haqqında xx.xx.2014-cü il tarixli Y-152 saylı protokoluna əsasən ipoteka saxlayan tərəfindən ipoteka predmeti «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən son satış qiyməti olan 497.250 manata almışdır. Göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetini xx.xx.2014-cü il tarixdə keçirilən təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində deyil, Qanunun 43.8-ci maddəsinin tələbinə zidd olaraq 4 ay sonra əldə etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli 2(001)-1861/2009 saylı qətnaməsi ilə QSC «xxxx» KB-nin cavabdehlər H.Nağıyevə və İddiaçı qarşı «müqavilənin ləğv edilməsi, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, bank ilə H.Nağıyev arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh H.Nağıyevdən 499.500 manat məbləğində əsas borc, 124.105 manat 28 qəpik məbləğində faiz, ümumilikdə isə 623.605 manat 28 qəpik məbləğində pulun və 20 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 5 ünvanda istifadədə olan 0,02386 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 159,92 m2 yaşayış, 230,94 m2 köməkçi sahəsindən ibarət 6 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin satışından əldə olunmuş məbləğ hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2010-cu il tarixli 2(103)- 63/10 saylı qətnaməsi ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli 2(001)-1861/2009 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(102)-2314/2010 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2010-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(001)- 1201/2016 saylı qətnaməsi ilə İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə, QSC «xxxx» KB-yə və «X1 Mərkəzi» MMC-yə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilmiş, «X1 Mərkəzi» MMC-nin hərracın nəticələri haqqında xx xxxx 2014-cü il tarixli Y-152 saylı protokolu etibarsız hesab edilmiş, tərəflər əvvəlki vəziyyətə qaytarılmış, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində ipoteka predmeti olan ünvan 1 5 ünvanda istifadədə olan 0,2386 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 159,92 m2 yaşayış, 230,94 m2 köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə dair «X1 Mərkəzi» MMC-nin hərracın nəticələri haqqında xx xxxx 2014-cü il tarixli Y-152 saylı protokolu əsasında ipoteka saxlayan QSC «xxxx» KB-nin adına aparılmış qeydiyyat ləğv edilmiş, hüquqların dövlət reyestrindən həmin qeydiyyat əsasında verilmiş çıxarış etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)- 824/2018 saylı qətnaməsi ilə LPO QSC «xxxx» KB-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(001)-1201/2016 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti verilməmişdir. İş materiallarından və habelə qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(001)-1201/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş hallardan göründüyü kimi hərrac keçirilərkən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur (hərracın keçirilməsi tarixləri, şərtləri və s.). İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, ipoteka saxlayan qanunla müəyyən olunmuş müddət ərzində ipoteka predmetini əldə etməmiş, qanunla müəyyən edilmiş son müddət keçdikdən xeyli sonra ipoteka predmetini əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarında «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olubolmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, «İpoteka haqqında» Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.5-cimaddəsi). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır; - ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Qərara almışdır ki: 1. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. 2. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. 3. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Hazırkı işin hallarından, həmçinin baxılan mübahisəyə münasibətdə preyudisial əhəmiyyət kəsb edən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(001)-1201/2016 saylı qətnaməsindən göründüyü kimi, ipotekaya xitam verilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, LPO «xxxx» KB QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli ********** saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməli, həmin ipoteka müqaviləsi üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 5 ünvanda yerləşən 6 saylı fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilməli və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. LPO «xxxx» KB QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli ********** saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilsin. Həmin ipoteka müqaviləsi üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 5 ünvanda yerləşən 6 saylı fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilsin. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar