Məhkəmə qərarları › İş №2(006)-1532/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1532/2021

24.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1532/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası, 16.10.1954-cü il tarixdə Qazax rayonu Ağstafa şəhərində doğulmuş X3 05.11.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 16.10.1954-cü il tarixdə Qazax rayonu Ağstafa şəhərində doğulmuşdu və ünvan 1 ünvanda qeydiyyatda olsa da, ünvan 2ikdə yaşayırdı. X2 05.11.2020-ci il tarixdə yaşadıqları ünvanda vəfat etmişdir. Anası Bakı şəhəri Təcili və X4 Stansiyasının verdiyi arayış əsasında 06 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən Binəqədi kənd qəbristanlığında dəfn olunmuşdur. O, X2 barəsində ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi barədə onun vəfat etdiyi Xətai rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 38 nömrəli şəhər poliklinikasına müraciət etmişdir. Həmin poliklinika yazılı şəkildə onlara bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.06.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən tərəflərindən anası barəsində ölüm haqqında tibbi şəhadətnamə verilə bilinmir. O, həmçinin ölümün qeydə alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Həmin təşkilatdan ölümün qeydə alınması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınmasının qeydiyyat şöbəsində mümkün olmadığını bildirmişlər və ona bu barədə imtina məktubunu vermişlər. X1 ölüm faktını və Binəqədi kənd qəbristanlığında dəfn edilməsi faktını təsdiqləyən şahidləri var. Ölüm faktının müəyyən olunması və qeydə alınması ona X1 ölümü ilə əlaqədar olan dəfn üçün müavinatın alınması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X5 ifadəsində bildirdi ki, o, ərizəçinin xalası, X3 isə doğma bacısıdır. Bacısı rəhmətə getməmişdən bir neçə gün əvvəl ona zəng edərək yıxıldığını, ayağının qırıldığını bildirmişdir. Ayağı gipsə qoyulmuşdur. Hətta bir gün qabaq da onunla telefonda danışanda özünü yaxşı hiss etmədiyini bildirmişdir. Ertəsi gün isə bacısı rəhmətə getmişdir. Rəhmətlik bacısı 06.11.2020-ci il tarixdə Binəqədi kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. Təcili və X4 Stansiyası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, 05 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Zığ yolu 42 mənzil 56 ünvana, X3 adına çağırış daxil olmuş, çağırış üzrə 23:54 radələrində xəstənin yanına gələn həkim həkimə qədər ölüm baş verdiyini (qadın cinsli meyit) müəyyən etmişdir. 26.11.2020-ci il tarixli 543 saylı arayışdan (Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmişdir) görünür ki, mərhum X6 06.11.2020-ci il tarixdə Binəqədi kənd qəbristanlığında dəfn edilmişdir. Yeni, üzərində xatirə üçü düzülmüş güllər-çiçəklər olan məzardan görünür ki, mərhum X3 məzarının üstü hələlik götürülməmişdir, məzarüstü xatirə lövhəsi quraşdırılmamışdır. Ərizəçinin bildirdiyinə görə, sonradan torpaq çökmə verməsin deyə, məzarın üstünü hələlik götürməmişlər, məzarüstü xatirə lövhəsi/daşı quraşdırmamışlar. Bakı şəhəri Maraqlı şəxs 20.11.2020-ci il tarixli 05/Q-1716/75 saylı məktubundan görünür ki, ərizəçi ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhum anasının adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 16.10.1954-cü il tarixdə Qazax rayonu Ağstafa şəhərində doğulmuş X6 05.11.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16.10.1954-cü il tarixdə Qazax rayonu Ağstafa şəhərində doğulmuş X3 05.11.2020ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar