Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1615/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi - Ərizəçi iştirakı ilə, Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs olmaqla «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs olmaqla «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 08.06.1971-ci il təvəllüdlü X1 (fin 203ZTAD) 27.11.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının təsdiq edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, 08.06.1971-ci il təvəllüdlü X3 27.11.2021-ci il tarixdə aptekdən növbəti dəfə təkrarən etil spirti alıb içdiyinə görə vəfat etdi. Hər gün araq içirdi, sonra aptekdən spirt alıb içməyə başladı, dəfələrlə desələr də ki, içmə və bütün vasitələrlə cəhd göstərsələrdə yenədə gizlincə alıb içirdi. O uşaq olanda yadındadır ki, fəhlə kimi iş gğrəndədə, adi vaxtı evdədə atası içərdi. Oğlu böyüdü amma yenədə atasını içkili görürdü, elə içkiyə görədə atasıyla anasının münasibətləri korlandı və anası boşanma ərizəsi verdi. Vəziyyətinin yarı öldüyünü aşkarlayanda, dərhal Təcili yardıma zəng etdilər. Təcili və X13 yardım Stansiyasının həkim tibb bacısı dəstəsi gəldi və müəyyən etdi ki, etil spirti içib, hələ azda olsa ümid var idi yaşamağına, lakin Semaşko ( kliniki Tibb Mərkəzi) adlı xəstəxanaya Toksikologiya Şöbəsinə çatdırılanda oradakı həkimlər cəhd etsədə, xilas edə bilmədilər. Onlarda həm iydən, həm də üzündəki əlamətlərdən atasının içkili olduğunu aşkarladılar. Atası Toksikologiyadan rəhmətə getdi. Dərhal prosessual qayda kimi meyid morqa gedər getməz ondan meyidi yarmaq üçün icazə istədilər, lakin o İslami qaydalara zidd olmasın deyə icazə vermədi. Əgər onun və ya kimsənin bu işdə əli olsaydı icazə alınmazdı, dərhal cinayət işi açardılar və meyidi ondan icazəsiz yarardılar. Üstəlikdə etil spirti içdiyi aşkarlanıb, meyidi yarmaqa onlara elavə nə sübut verəcək? Heç bir dəlil verməyəcək. Üstəlikdə içkinin məcburi içirildiyi ya könüllü içdiyi yarmaqla deyil, bədəninə üzdən el izləri ilə baxış keçirilməklə bilinə bilər (misal üçün bədənində döyməyə görə göyərmə olsa, yada ağzından boynundan sıxaraq ağzını açıb məcburi kimsə içirtsə ondada yenə əl izləri ola bilərdi). Bir sözlə meyid yarmaq sadəcə bir şablon qaydadır, həmdə başqa səbəblər var, məndə nə meyidin yarılmasına icazə vermədi, nədə o səbəblərlə razılaşmadım ona görədə ölümü barədə arayış vermədilər, halbuki özləridə ğlüm faktını təsdiq edirlər. Hal-hazırda atası torpağın altında qəbrdədir, şəkil sübutuda təqdim etmiş, qonşular və İcra nümayəndiliyi yəni Mənzil Kommunal İstismar Sahəsi ölümü barədə şahiddir. Qonşulardan sorğu keçirə bilərsiz ki, bu insan özü həmişə içkili olub ya kimsə məcbur edib və hamıda bilirdi ki, son zamanlar etil spirti alıb içirdi , çünki ucuz idi ,faizi cox olduğuna göre (95%) tez piyan edirdi. Savadı olmadığına görə ziyanlarını bilmədiyinə və qəbul etmədiyinə görə çəkilmə texniki spirti araq kimi qəbul edirdi. Desələrdə içirdi çünki, fiziki gücü coş güclü idi, heç kəs ona ürək edib 2 dəfə söz deyə bilmirdi. Hal-hazırda atası ölüb, ölüm sənədi ala bilmir. Ölsədə belə, şəxsiyyət vəsiqəsi aktiv göstərir və heç yerdə ölməyi qeyd olunmur. Buda ona həm indi həmdə gələcəkdə ziyandır. İş yerindən yada hansısa qurumdan atasının məlumatlarını istəyəcəklər, ölmüş bir adamın məlumatın necə diri kimi təqdim etsin, eyni andada təqdim etməməkdə olmaz, bu zaman hamı sağ olduğunu qəbul edəcək. O hətta dəfn pulu ala bilmədi və ölənə qədər işlədiyi iş yeridə ölüm sənədini istəyir. Vətəndaş vəziyyəti aktlarının düzgün olmadığına görə, o məhkəməyə müraciət etməyə məcbur oldu. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, üzrlü səbəblə bağlı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə kifayət qədər əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 oğlu ifadə verərək göstərmişdir ki, mərhum qonşusudur. Semaşko xəstəxanasının Taksikologiya şöbəsində səhər saat 9 radələrində vəfat etdi. Ölüm tarixini dəqiq bilmir. Çox içdiyinə görə vəfat etdi. İlk öncə morqa getdilər, sonra meyidi Hövsana apardılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, mərhum iş yoldaşı olub, çox içki içdiyinə görə vəfat etdi. İşə çıxmadı, sonradan öyrəndilər ki, vəfat edib. 27 noyabr tarixində vəfat edib. Xəbəri alanda xəstəxanaya getdilər. Xəstəxanaya iş yoldaşları ilə birlikdə getdilər. Dəfndə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, ərizəçi iş yoldaşı deyil. Ölüm hadisəsi olduğuna görə bölmənin əməliyyat qrupunun tərkibində idi. İlk öncə xəstəxanadan zəng gəlmiş, meyidi xəstəxanadan qəbul etmiş, sonra mərhumun meyidini morqa təhvil vermiş, müvafiq sənədləri imzalamışdır. Onda olan məlumata görə mərhum spirtdən zəhərlənərək vəfat etmişdir. Belə ki, iş materiallarında olan: AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. AA3309840 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 08.06.1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Nəsimi Rayon VVADQ Şöbəsi tərəfindən 13 mart 2004-cü il tarixdə verilmiş AZ-İ №463909 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 427 nömrə ilə qeyd edilmişdir. Ata qrafası X3, ana qrafası X5r. 28.12.2021-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X12 Ərazi Bölmələrini İdarəetmə X14 X15 Şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 1971-ci il təvəllüdlü X3 8 saylı TTYS-nın müşayətilə 27.11.2021-ci il tarixdə saat 08:45də “kəskin peroral etanolla zəhərlənmə, çox ağır dərəcədə” diaqnozu ilə X7 toksikologiya şöbəsinə daxil olmuşdur. X4 və reanimasion tədbirlərə baxmayaraq, 27.11.2021-ci il tarixdə saat 09:40-da xəstədə kəskin ürək-qan-damar, tənəfüss çatışmazlığından bioloji ölüm baş vermişdir. E.Süleymanovun meyidi polis əməkdaşı baş leytenant Hacızadə Zaurun müşayətilə Nəsimi morquna təşrihə göndərilmişdir. Bu səbəbdən ölüm haqqında şəhadətnaməni X17 deyil, Nəsimi morqu təqdim etməlidir. **********053 saylı notariat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, 08.06.1971-ci il təvəllüdlü X3 27.11.2021-ci il tarixdə vəfat edib və Hövsan qəbirstanlığında dəfn olunub. X.Osmanov, V.Səfərov, T.Əliyeva, C.Ağayev həmin şəxsin dəfn mərasimində iştirak etmişdilər. Ərizə onların sözləri əsasında yazılmış və imzaları ilə təsdiq olunmuşdur. 11.01.2022-ci il tarixli, 56 saylı arayışdan görünür ki, Ərizəçi Nəsimi rayonu, N.Yusifbəyli küçəsi 15/5 saylı evdə qeydiyyatdadır. Atası 08.06.1971-ci il təvəllüdlü X3 13 saylı Notariat Kontorunun təsdiq etdiyi 11.01.2022-ci il tarixdə qonşuların aktına əsasən, 27.11.2021-ci il tarixdə vəfat edib və Hövsan qəbirstanlığında dəfn olunub. 10.01.2022-ci il tarixli 63 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 tərəfindən ünvanlanmış məktubundan görünür ki, 27.11.2021-ci il tarixdə vəfat etmiş mərhumun meyiti “MTE və PAB” p.h.ş-nin şöbələrində məhkəmə-tibbi müayinədən keçirilməmişdir. Bu səbəbdən, mərhumun ölümünün səbəbinə dair “ölüm haqqında tibbi şəhadətnamə” nin “MTE və PAB” p.h.ş-dən verilməsi qüvvədə olan normativ sənədlərə əsasən mümkün deyildir. Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin 18.01.2022-ci il tarixli 05/Q-62/75 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında həkim şəhadətnaməsi təqdim etmədiyinə görə mərhumun adına tərtib edilməli olan ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı Baş Səhiyyə X15 Şəxs 5 №-li şəhər poliklinikası tərəfindən verilmiş 26.01.2022ci il tarixli 27 saylı arayışdan görünür ki, 08.06.1971-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmuş X3 27.11.2021-ci il tarixdə KTM-də Toksikologiya şöbəsində vəfat etmişdir. Forma 106 verilməsindən imtina edilmişdir. 10.01.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin atası X3 27.11.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ərizəçi atasınınn ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi atasının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və ərizəçinin atası X1 27.11.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.06.1971-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmuş X3 27.11.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1615/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1615/2022
15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver