Məhkəmə qərarları › İş №2(006)-1683/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1683/2025

17.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1683/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədləşmə işlərinin düzgün aparılması barədə göstəriş verilməsi və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədləşmə işlərinin düzgün aparılması barədə göstəriş verilməsi və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:

1. xitam verilmə əmri olmadığı, son haqq-hesab və əmək kitabçası verilmədiyi, bu sənədləri vermək səlahiyyətinin Qaradağ rayon 13 saylı şəhər poliklinikasına aid olduğu halda heç birinin bü günədək həmin poliklinika tərəfindən verilmədiyi, sənədləşmə işlərinin aparılmadığı, «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ tərəfindən xx.xx.2022-ci il tarixdə qeyriqanuni şəkildə xxxxxxx000200 nömrəli müddətsiz əmək müqaviləsinin statusu «Qüvvədən salınmışdır» əsasına görə «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-yə qeyd etdiyi əsaslarla öhdəlik şərtlərinin və vəzifələrinin yerinə yetirilməsi barədə göstəriş verilməsini;

2. onunla müddətsiz bağlanılan xx.xx.2014-cü il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsinin Əmək Məcəlləsinin heç bir ləğv edilmə əsasları olmadan, xitam əmri olmadan, qəsdən bilə-bilə sənədləşmənin düzgün aparılmasına, icra edilməsinə mane olduqlarına, müddətsiz bağlanılan müqavilənin kontrakt şərtlərini pozduqlarına görə ona dəymiş 15000 manat maddi ziyanın cavabdehlər tərəfindən ona ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1790/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh2 PHŞ-yə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək müqaviləsinin bağlanması, buraxılan əmək haqqının hesablanaraq ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin etibarsız hesab edilməsi və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Qeyd edilən qətnamənin mübahisələndirilməsinə baxmayaraq, iddiaçının tələbinə yuxarı instansiya məhkəmələrində baxılıb təmin edilməməsi, o cümlədən qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlinmişdir (Bakı Apelyasiya Məhkəməsinin (X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə) xx.xx.2024-cü il tarixli, 2(103)- 4095/2024 saylı qətnaməsi, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin (X7 (məruzəçi), X4 və X6 ibarət tərkibdə) xx.xx.2024-cü il tarixli, 2(102)-3883/2024 saylı qərarı). Beləliklə iddia ərizəsinin və ona əlavə eidlmiş sənədlərin ilkin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı daha öncədən də məhkəməyə müraciət etmiş və müraciəti üzrə qanuni qüvvəsini almış qətnamə mövcuddur. Qətnaməyə baxış keçirdikdə müəyyən etmək olur ki, iddiaçının öncəki tələbi də hazırki tələbi ilə bir çox hissədə eynilik təşkil etmiş, başqa sözlə, hər iki tələbin kökü məhz iddiaçı ilə bağlanmış olan müddətsiz əmək müqaviləsinə xitam verilməsindən əmələ gəlir. Daha öncəki tələbə nəzərə yetirdikdə müəyyən etmək olur ki, iddiaçı əmək müqaviləsinin bağlanması, buraxılan əmək haqqının hesablanaraq ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin etibarsız hesab edilməsi ilə yanaşı ona dəymiş maddi ziyanı da tələb etmişdir, hansı ki hazırki iddia predmetinin əsas hissələrindən birini təşkil edir. Yalnız fərq ondan ibarətdir ki, əvvəlki tələblə müqayisədə maddi ziyan adı altında 6000 manat deyil, hazırda 15000 manat tələb edilir. Qısaca desək, daha öncəki işdə olduğu kimi, iddiaçı onunla bağlanmış olan əmək müqaviləsinə əsassız xitam verilməsi nəticəsində maddi zərərə uğradığını qeyd edir. Lakin qanuni qüvvəsini almış qətnamə ilə həmin tələbə baxılıb qiymət verildiyinə görə eyni əsaslar üzrə irəli sürülmüş tələbə (hazırda məbləğ daha yüksək olsa belə) prosessual qanunvericiliyin müddəalarına görə yenidən baxılması yolverilmir. Maddi ziyan tələbinə qiymət verməklə yanaşı məhkəmə irəli sürülmüş iddiaçının digər «xitam verilmə əmri olmadığı, son haqq-hesab və əmək kitabçası verilmədiyi, bu sənədləri vermək səlahiyyətinin Qaradağ rayon 13 saylı şəhər poliklinikasına aid olduğu halda heç birinin bü günədək həmin poliklinika tərəfindən verilmədiyi, sənədləşmə işlərinin aparılmadığı, «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ tərəfindən xx.xx.2022-ci il tarixdə qeyriqanuni şəkildə xxxxxxx000200 nömrəli müddətsiz əmək müqaviləsinin statusu «Qüvvədən salınmışdır» əsasına görə «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-yə qeyd etdiyi əsaslarla öhdəlik şərtlərinin və vəzifələrinin yerinə yetirilməsi barədə göstəriş verilməsi» tələbinə münasibətdə də qeyd edir ki, qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1790/2024 saylı qətnaməsi (10-cu səhifə, 6cı bənd) ilə ayrıca tələb kimi irəli sürülmüş olmasa belə, məhkəmə gəldiyi nəticəni əsaslandırarkən iddiaçının bu dəlilinə də qiymət vermişdir. Beləliklə məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış məhkəmə aktının mövcudluğu mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının eyni növlü iddiasına baxılmasını yolverilməz etdiyindən, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunan bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153.2.1, 153.3, 263, 267-269-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və «Bakı Baş Səhiyyə Mərkəzi» PHŞ-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədləşmə işlərinin düzgün aparılması barədə göstəriş verilməsi və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar