Məhkəmə qərarları › İş №2(006)-1726/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1726/2024

04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1726/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 27 iyul 1980-ci il təvəllüdlü qardaşı X10 19 yanvar 2024-cu il tarixində iş yerində səhhəti qəflətən pisləşmiş və təcili tibbi yardım çağırılmışdır. Həkim briqadası gələnə qədər X16 ölmüş və bu barədə xəbərdarlıq vərəqəsi verilmişdir. X16 ertəsi gün- 20 yanvar 2024-cü il tarixində dəfn edilmişdir. Bunu təsdiq edən şahidlər və sənəd də vardır. Qardaşının ölümündən sonra onun ölümü barəsində sənəd almaq üçün poliklinikaya müraciət etdikdə ölüm haqqında sənədin “ASAN Xidmət" Mərkəzi tərəfindən verildiyi bildirilmişdir. Bununla bağlı 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə ərizə ilə müraciət olunmuş lakin qeydiyyat şöbəsindən ona verilmiş 29 yanvar 2024-cü il tarixli 3-16-5/8-315/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci maddəsinə əsasən ölüm faktını təsdiq edən şəhadətnamə yalnız məhkəmə qətnaməsi əsasında qeydə alına bilər və ona görə də məhkəməyə müraciət edilməlidir. Hazırda qardaşı X14 ilə bağlı olan sənədləşmə işlərinin aparılması və vərəsəliyin verilməsi üçün onun ölməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, mülki işin materiallarında olan: Təcili və X6 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X10 həmin tarixdə Bakı Gənclər Evində həkiməqədər ölümü aşkar edilmişdir. Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət X3 Ərizəçi ünvanladığı məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyatı tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi, yəni ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Aiddiyyatı üzrə məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X12 «Bakı şəhər Baş Səhiyyə Mərkəzi» X17 1 saylı Şəhər Poliklinikasının 425 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1 nömrəli şəhər poliklinikasının müdriyyəti Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə edilən müraciət ərizəsinə cavab olaraq bildirir ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 143 mənzil 5/6-da yaşayan X14 xx.xx.2007-ci ildən poliklinikada dispanser qeydiyyatdadır. xx.xx.2021-ci ildə poliklinikaya axırıncı müraciəti olmuşdur. Son 3 ildə poliklinikaya heç bir müraciəti olmadığı üçün mərhuma ölüm kağızı verilməmişdir. Sabunçu RPİ tərəfindən verilmiş AZE 15816750 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuşdur. Abşeron Rayon Məmmədli Bələdiyyəsinin 06 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsinə əsasən dünyasını dəyişmiş X2 Rayonu Məmmədli kənd qəbristanlığında dəfn olunmuşdur. AZ-İ seriyalı 286134 saylı xx.xx.2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Aynur Mübariz qızı ilə ailə həyatı qurmuşdur. Nikah bağlandıqdan sonra arvada «Əsədova» soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, mərhum X14 ilə birlikdə Bakı Gənclər Evində işləmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 2-3 radələrində yoxlamada olmuşlar. Yoxlamadan sonra birlikdə iş yerlərində çay içmişlər. Çay içən zaman Anar Əsədovun əlindən çay stəkanı yerə düşmüşdür, o, bu zaman bunu adi hal kimi qəbul etmişdir. Çay içdikdən sonra onlar birlikdə üz-üzə kresloda əyləşib söhbət etmişəlr. Bu zaman Anar Əsədov oturduğu yerdən döşəmənin üstünə yıxılmışdır. O, Anar Əsəgova yaxınlaşmış Anar ona əli ilə baş nahiyyəsini göstərmiş və danışığını itirmişdir. O, Anar Əsədovu qucağına alaraq divana uzandırmış və təcili tibbi yardım çığırmışdır Təcili tibbi yardım gələnə qədər Anar Əsədov elə onun qucağında ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, o, mərhum X10 həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə iş yeri olan Bakı Gənclər Evinə sağ salamat getmiş və günorta radələrində ona zəng vuraraq Anarın rəhmətə getdiyini bildirmişlər. X14 hər hansı bir xəstəlikdən əziyyət çəkmirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi məhkəmə iclasındakı izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qardaşı X14 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Abşeron Rayon Məmmədli kənd qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qardaşı xx.xx.1980-cı il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1980-cı il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar