Məhkəmə qərarları › İş №2(006)-188/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-188/2025

12.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-188/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı1, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdə olan evin naturada bölgüsü və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdə olan evin naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i rayonu, Balababa Məcidov küçəsi, 93 saylı mənzil ünvanında yerləşən ümumi paylı mülkiyyətin naturada bölgüsünün aparılmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 özünə məxsus olan ünvan 1i rayonu, Balababa Məcidov küçəsi, 93 saylı mənzilin bir hissəsini və mənzilin dam hissəsini satmışdır. Həmin hissələri satmaqda məqsəd dam hissədə yerləşən sahənin təmir etdirilməsi olmuşdur. O, mənzilin bir hissəsinin və dam hissəsinin alqı-satqısına dair daşınmaz əmlakın alqı-satqısı ofislərinə, et tikintisi ilə məşğul olan vasitəçilərə məlumat vermişdir. Cavabdeh1 ünvan 1i rayonu, Balababa Məcidov küçəsi, 93 saylı mənzilin bir hissəsini və dam hissəsində 2-ci mərtəbənin tikilməsi üçün 8000 (səkkiz min) manata razılaşaraq notariat kontoruna gedən zaman qonşuların razılığını ala bilmədiyindən razılaşma pozulmuşdur. Cavabdeh1 İddiaçı1 həmin küçədə özünə və yaxın dostlarına bir neçə evlərin dam hissəsində 2-ci mərtəbələrin tikilməsinə kömək etməsini və bacarığının olduğunu qonşulardan eşitdiyinə görə onunla yaxınlıq etməyə başlamışdır. Cavabdeh1 2-3 ay İddiaçı1 zəng edərək ona burada köməklik etməsini xahiş etmiş, hətta “WhatsApp” vasitəsilə hər gün 8-9 dəfə yazaraq onu narahat etmişdir. İddiaçı1 həmin dövrdə yaxın qonşuluqda 90 kv.m sahəsi olan damı, 1-ci mərtəbədən 7 kv.metr sahəsi olan yeri 7000 (yeddi min) manata razılaşıb tikmək istəməsi barədə Cavabdeh1 məlumatlı olmuşdur. Bu ərəfədə Cavabdeh1 İddiaçı1 yaxınlaşaraq, “kaş səni çoxdan tanıyardım” deyərək ona ünvan 1i rayonu, Balababa Məcidov küçəsi, 93 saylı mənzildən bir hissə və dam hissəni satmaq üçün razılaşmasını bildirmişdir. İddiaçı1 eyni küçədə adına ev olduğundan kirvəsi və yaxını İddiaçı2 ona verdiyi uzunmüddətli etibarnamə əsasında onun adına 1-ci mərtəbədən 1 hissə və 2-ci mərtəbəsində ev tikməyə qərar vermişdir. xx.xx.2017-ci il tarixdə İddiaçı1 Cavabdeh1 ilə ümumilikdə 11600 (on bir min altı yüz) manat məbləğə razılaşaraq, 1-ci mərtəbədən 4,8 kv.metr sahəni rəsmi qaydada alqı-satqı etməklə İddiaçı2 adına almışdır. Buna dair Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunda AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı1 müqavilədə göstərilən 11600 (on bir min altı yüz) manat məbləğin 10000 (on min) manat hissəsini Cavabdeh1 hesabına ödəmiş, 1600 (bir min altı yüz) manat hissəsini isə beh şəklində və digər təşkilati xərclər üçün ona hissə-hissə ödəmişdir. Alqı-satqı müqaviləsindən sonra xx.xx.2017-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış İddiaçı2 adına verilmişdir. İddiaçı1 qeyd olunan ünvanda ikinci mərtəbənin tikilməsi üçün Cavabdeh1 və onun ailə üzvlərinin xx.xx.2017-ci il tarixli notarial qaydada ikinci mərtəbənin tikilməsi, gələcəkdə çıxarışın və texniki pasportun alınmasına dair razılıq ərizələrini təsdiq etdirdikdən sonra ikinci mərtəbəni tikib yaşayış səviyyəsinə gətirmişdir. Sonradan İddiaçı1 həmin sahənin 1/2 hissəsinin adına alqı-satqı edilərək xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır. xx.xx.2018-ci il tarixdən etibarən göstərilən ünvanda yaşayış sahəsi üzərində iddiaçının istifadə hüquqları yaranmışdır. Lakin Cavabdeh1 1-ci mərtəbədə İddiaçı1 ümumi mülkiyyətdə olan sahəyə giriş-çıxışını zəbt edib iddiaçılara həmin giriş-çıxışdan istifadəyə imkan vermir. Cavabdehin özbaşına hərəkətləri nəticəsində digər payçıların hüquqları kobud şəkildə pozulmuşdur. Mənzilin giriş-çıxışı ümumidir, ən əsası isə naturada pay bölgüsü aparılmamışdır. Ona görə də naturada pay bölgüsünün aparılmasına ciddi zərurət yaranmışdır. Cavabdeh1 İddiaçı1 sənədlə məxsus 4.8 kv.metr sahənin pulla əvəzinin ödənilməsi barədə təklifindən imtina etmişdir. Ona görə də məhkəmə qaydasında mənzilin naturada pay bölgüsü aparılmalıdır.

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, ünvan 1i rayonu, Balababa Məcidov küçəsi, 93 saylı mənzil ünvanında yerləşən ümumi paylı mülkiyyətin naturada bölgüsünün aparılması və bu, mümkün olmadığı təqdirdə, həmin paylı mülkiyyətin açıq hərracda satılaraq əldə edilən pul vəsaitinin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edib bildirdi ki, cavabdehlərin ödəməyə razılıq verdikləri kompensasiya məbləği ilə razı deyil. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər İddiaçı2 məhkəməyə gəlməmiş, teleqram vuraraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını və iddianı müdafiə etdiyini bildirib, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə digər iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, mübahisə predmeti olan əmlakdakı paylara uyğun iddiaçıların hər birinə 4100 manat olmaqla, ümumilikdə 8200 manat məbləğində kompensasiyanı ödəməyə razıdır.

7. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, mübahisə predmeti olan əmlakdakı paylara uyğun iddiaçıların hər birinə 4100 manat olmaqla, ümumilikdə 8200 manat məbləğində kompensasiyanı ödəməyə razıdır.

8. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, mübahisə predmeti olan əmlakdakı paylara uyğun iddiaçıların hər birinə 4100 manat olmaqla, ümumilikdə 8200 manat məbləğində kompensasiyanı ödəməyə razıdır.

9. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

10. 044269 və 32537 nömrəli vəsiqələrdən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məcburi köçkündürlər.

11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ünvan 1i rayonu, Balababa Məcidov küçəsi, b. 93, m.- ünvana dair tərtib edilmiş xx.xx.2013-cü il tarixli texniki pasportdan görünür ki, hüquq subyekti Cavabdeh1dur.

12. Daşınmaz əmlakın AN-İ seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1i rayonu, Balababa Məcidov küçəsi, ev 93 ünvanında yerləşən, ümumi sahəsi 73.8 m2, yaşayış sahəsi 47.5 m2, yardımçı sahəsi 26,3 m2 olan 3 otaqlı mənzildən 1/18 hissə 10.000 manata Cavabdeh1 tərəfindən İddiaçı2 satılmışdır.

13. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i rayonu, Balababa Məcidov küçəsi, ev 93 ünvanında yerləşən ümumi sahəsi 73,80 kv.metr olan mənzil - 1/36 hissədə İddiaçı2 (qeydiyyat tarixi: xx.xx.2018, qeydiyyat nömrəsi **********), 1/3 hissədə Cavabdeh3 (qeydiyyat tarixi: xx.xx.2017, qeydiyyat nömrəsi: **********), 1/3 hissədə Cavabdeh2 (qeydiyyat tarixi: xx.xx.2017, qeydiyyat nömrəsi: **********), 5/18 hissədə Cavabdeh1 (qeydiyyat tarixi: xx.xx.2017, qeydiyyat nömrəsi: **********) və 1/36 hissədə İddiaçı1 (qeydiyyat tarixi: xx.xx.2022, qeydiyyat nömrəsi: **********) adına qeydiyyata alınmışdır.

14. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətlərindəki mənzildə olan hissələrini 20.000 manata satdıqlarını bildirərək, alınması üçün ilk öncə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəklərini bildirmişlər (xx.xx.2024-cü il tarixli təklif məktubu da analoji məzmunda olmaqla yalnız Cavabdeh1 ünvanlanmışdır).

15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli, 10/5541 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1i rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 nömrəli evin mənzilinin mülkiyyətçilərinin paylarının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü və 2.9-cu bəndlərində göstərilənlərə və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun qaydada təcrid mənzillər şəklində naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.

16. Ekspertiza xərclərinə dair 16 noyabr 2024-cü il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

17. İş materiallarında cavabdehlərin onlara göndərilmiş pretenziyaları xx.xx.2025-ci il tarixdə təhvil almalarına dair xəbərnamələr də vardır.

18. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli MB 18/0411 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1i rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 nömrəli evin xx.xx.2025-ci il tarixinə olan orta bazar dəyəri 147.600 (bir yüz qırx yeddi min altı yüz) manat təşkil edir. Həmin evdə tərəflərin (payçıların) hər birinə məxsus payların orta bazar qiyməti İddiaçı2 payı üzrə 4100 (dörd min bir yüz) manat, Cavabdeh3 payı üzrə 49200 (qırx doqquz min iki yüz) manat, Cavabdeh2 payı üzrə 49200 (qırx doqquz min iki yüz) manat, Cavabdeh1 payı üzrə 41000 (qırx bir min) manat, İddiaçı1 payı üzrə 4100 (dörd min bir yüz) manat təşkil edir.

19. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli MB 18/0412 nömrəli məktubundan görünür ki, qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 1i rayonu, Balababa Məcidov küçəsi, ev 93 ünvanında yerləşən, ümumi sahəsi 73,80 kv.metr olan mənzil - iddiaçıların və cavabdehlərin paylı mülkiyyətindədir.

21. Tərəflərin izahatı ilə (o cümlədən, cavabdehlərin "xxxx" MMC-yə qarşı irəli sürdükləri iddia tələbi ilə bağlı 2(006)-3302/2023 nömrəli iş üzrə aparılan araşdırma zamanı) məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, Cavabdeh1 mənzil tam pay üzrə ona məxsus olan zaman – 2017-ci ildə lazımi icazələri almadan mənzilin sahəsini özbaşına tikinti (mənzilə 2-ci mərtəbənin tikilməsi) yolu ilə artırmaq məqsədilə ümumi sahəsi 73,80 kv.metr olan həmin mənzilin 1/18 hissəsini, yəni faktiki olaraq 4,1 m2 sahədən ibarət cüzi bir payını notarial qaydada təsdiq edilmiş müqavilə əsasında 10.000 manat qarşılığında (tərəflər bu məbləğin daha artıq olduğunu bildirmişlər) İddiaçı1 təklifi ilə digər İddiaçı2 satmışdır.

22. İş materiallarında olan çıxarışdan müəyyən edilir ki, Cavabdeh1 bu alqı-satqıdan sonra özünə məxsus paydan müəyyən hissələri (hər birinə 1/3 hissə olmaqla) digər cavabdehlərin adına özgəninkiləşdirməklə onları da mənzilin paylı mülkiyyətçilərinə çevirmiş, mənzildə İddiaçı2 məxsus olan cüzi payın yarısı isə 2022-ci ildə digər İddiaçı1 adına qeydiyyata alınmaqla o da mənzilin paylı mülkiyyətçilərindən olmuşdur. Tərəflərin izahatları ilə müəyyən edilir ki, İddiaçı1 paylı mülkiyyətçi olması vaxtı məhz onların həmin ərazidə yeni tikililərin inşası üçün torpaq sahəsinin müvafiq Sərəncamla "xxxx" MMC-nin istifadəsinə verilməsi barədə xəbər tutduqları vaxtla üst-üstə düşür. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, həm iddiaçılar, həm də cavabdehlər qanunla onlara verilmiş hüquqlardan vicdansızcasına sui-istifadə etmiş, bu əməllərinə müvafiq notariat ofis(lər)ini də cəlb etmişlər. Əks halda, iddiaçıların hər birinin ümumi sahəsi cəmi 73,80 m2 olan mənzilin 2,05 m2 sahəsini əldə etməsinin rəsmiləşdirilməsinin hər hansı başqa ağlabatan və məntiqli açıqlaması ola bilməz.

23. Lakin paylı mülkiyyət statusuna keçirilmiş həmin mənzilin paylı mülkiyyətçiləri olan hazırkı iş üzrə tərəflərin münasibətləri pozulduğundan, cavabdehlər iddiaçıların mənzildən istifadə etmələrinə maneə yaratmışlar. Buna görə də iddiaçılar cavabdehlərə pretenziya göndərərək, özlərinə məxsus payların hər birini 20.000 manata satdıqlarını bildirib, paylarını alınması üçün onlara təklif etmişlər. Lakin cavabdehlər hərəkətsiz qaldıqlarından, iddiaçılar mənzilin naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişlər.

24. Aparılmış məhkəmə araşdırmaları zamanı mənzilin real bölgüsünün mümkün olmaması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli ekspert rəyi ilə öz təsdiqini tapmış, iddiaçılar öz paylarını bir daha cavabdehlərə təklif edib cavab almadıqdan sonra, tələbin həcmini artıraraq mənzilin açıq hərracdan satılmasını və satışdan əldə edilən vəsaitin tərəflərin paylarına uyğun bölüşdürülməsini məhkəmədən xahiş etmişlər.

25. Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmi reyestrində qiymətləndirici təşkilat kimi qeydə alınmış "xxxx" MMC-dən əldə edilmiş qiymətləndirmə hesabatı (mütəxəssis rəyi) ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilin ümumi dəyəri 147.600 manat, həmin mənzildə iddiaçılara məxsus olan payların hər birinin dəyəri isə 4.100 manat olmaqla, cəmi 8.200 manat təşkil edir. İş üzrə bütün cavabdehlər 8.200 manat məbləğində kompensasiyanın ədalətli əvəz kimi iddiaçılara verilməsinə razılıq vermişlər.

c) Məhkəmənin mövqeyi:

26. Məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi üçün əsaslar mövcuddur.

27. Belə ki, iddia tələbinin “mənzilin naturada bölgüsü” hissəsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli ekspert rəyi ilə mübahisə predmeti olan mənzilin real bölgüsünün aparılmasının mümkün olmaması müəyyən edilməklə yanaşı, iddiaçıların mənzildəki paylarının cüzi olması onu deməyə əsas verir ki, ümumi əmlakdan istifadə edilməsində onların mühüm mənafeləri yoxdur. Deməli, iddia tələbinin bu hissəsinin təmin edilməsinə heç bir əsas yoxdur.

28. Qanunvericiliyin imperativ şəkildə müəyyən edilmiş tələbinə görə paylı mülkiyyətin real bölgünün aparılmasının mümkün olmaması məhkəmə tərəfindən müəyyən edildikdə, iddiaçıların tələbi olduğu təqdirdə növbəti mərhələlərə keçid edilməli və cavabdehlərin iddiaçılara ədalətli əvəz ödəməyə razılıq verib-verməmələri araşdırılmalıdır.

29. Hazırkı işdə isə yuxarıda da qeyd edildiyi kimi, iddiaçılar hər biri öz paylarını 20.000 manat olmaqla, cəmi 40.000 manata cavabdehlərə təklif etsələr də, cavabdehlər bu məbləğlə razı olmadıqlarından onların paylarını almamış, buna görə də iddiaçılar mənzilin açıq hərraca çıxarılmasını tələb etmişlər. Məhkəmə araşdırmaları zamanı əldə edilmiş mütəxəssis rəyi ilə iddiaçıların öz paylarının əvəzində tələb etdiyi məbləğin həddən artıq çox olması öz təsdiqini tapmışdır. Belə ki, mütəxəssis rəyi ilə onların hər birinin payının dəyəri 4.100 manat olmaqla, cəmi 8.200 manat məbləğində qiymətləndirilmişdir. Mülki Məcəllənin 220.4-cü maddəsinin 3-cü cümləsində nəzərdə tutulan şərtlərin hər 3-nün eyni vaxtda mövcud olması (mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda) hazırkı işdə müəyyən edildiyindən, məhkəmə digər paylı mülkiyyətçilər olan cavabdehlərin 8.200 manat qarşılığında iddiaçıların paylarını almaq istəyib-istəmədiklərini araşdırmış və hər bir cavabdehin öz izahatı ilə buna razı olmaları müəyyən edilmişdir. İstinad olunan normanın tələbinə əsasən, ayrılma tələbini irəli sürən iddiaçıların məhkəmə tərəfindən müəyyən edilmiş ədalətli kompensasiya məbləğinin ödənilməsinə razılıq verib-verməməsi əhəmiyyət daşımır, bunun üçün yalnız cavabdehlərin razılığı kifayətdir. Çünki ayrılan mülkiyyətçilər olaraq iddiaçılar hüquqdan sui-istifadə edərək paylarına görə tənasübsüz yüksək kompensasiya tələb etməklə qalan mülkiyyətçiləri ağır vəziyyətə sala, yaxud əşyanın məcburi şəkildə hərraca çıxarılmasına nail ola bilər ki, bu da payın dəyərini ödəməyə razı olan cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə hesab olunur.

30. Beləliklə, iddia tələbinin “mənzilin açıq hərracdan satılması və s.” hissəsi ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, cavabdehlər məhkəmə tərəfindən müəyyən edilən ədalətli kompensasiya məbləğini iddiaçılara ödəməyə mülkiyyətçilər üçün qapalı hərracla eynilik təşkil edən məhkəmə iclası zamanı razılıq verdiklərindən, tələb bu hissədə kənara çıxma sayılmadan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2024-cü il tarixli, 02/2024 nömrəli Qərardadındakı göstərişlər rəhbər tutulmaqla, növbəti cümlədə göstərilən formada təmin edilməlidir: Cavabdehlər tərəfindən müştərək qaydada iddiaçıların hər birinə 4.100 manat olmaqla, cəmi 8.200 manat məbləğində kompensasiya ödənilməklə ünvan 1i rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 nömrəli evdə iddiaçıların paylı mülkiyyət hüquqlarına xitam verilməli, cavabdehlər tərəfindən iddiaçılara kompensasiya ödənilməsi ilə iddiaçıların evdə paylı mülkiyyət hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilməli, kompensasiyanın ödənilməsi üçün hazırkı qətnamənin qanuni qüvvəsini aldığı andan 2 ay müddət müəyyən edilməli, qətnamə qanuni qüvvəsini aldıqdan sonra 2 ay müddətində cavabdehlər tərəfindən kompensasiya ödənişi həyata keçirilmədiyi təqdirdə, ünvan 1i rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 nömrəli evin ilkin satış qiyməti 147.600 manat müəyyən edilməklə, ev açıq hərracda satılmalı, mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə onların arasında bölüşdürülməlidir.

31. Belə ki, tələbin bu formada təmin edilməsi iş üzrə tərəflərin hər birinin hüquqdan suiistifadə etməsinin qarşısını almaq, məhkəmə qətnaməsinin qanuni qüvvəsini alacağı təqdirdə ən səmərəli və effektiv yolla icrasını təmin etmək, əlavə süründürməçiliyə yol verməmək və mülkiyyət hüququnun toxunulmazlığını təmin etmək məqsədi daşıyır.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

32. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 213.1-213.3. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 215.1-215.2. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Maddə 220. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2024-cü il tarixli, 02/2024 nömrəli Qərardadı: 31-ci bənd. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmə hər bir halda həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdır. Bu, məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsi olmaqla, tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. 37-38-ci bəndlər. İlk növbədə qeyd olunmalıdır ki, hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırıla bilməz. Bu qaydanın yeganə istisnası Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən maddənin tətbiqi ilə bağlı vurğulamışdır ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllə, 220.4-cü maddə). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarı). 39-40-cı bəndlər. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər. 41-ci bənd. Qeyd edilən məcburi qaydanın tətbiqi həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Belə ki, bununla bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən isə qalan mülkiyyətçilərə əşyanı ümumi paylı mülkiyyətlərində saxlamaq imkanı verilir. Ona görə də, bu mərhələlərin yoxlanılması formal xarakter daşımamalı, tərəflər bundan istifadə etməklə bir-birinin hüquqlarını reallaşdırmağa maneə yaratmamalı, hüquqdan sui-istifadəyə yol verilməməlidir. 42-43-cü bəndlər. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir. Digər hallarda isə məhkəmə payın naturada ayrılmasının formaları barədə hər bir tərəfin təklifini dinləməli, mübahisəli məqamların alternativ həlli yolları ilə bağlı qarşılıqlı müzakirələr aparmalıdır. Bundan sonra yekun təkliflər əsasında, bunun mümkün olmadığı halda isə tərəflərin mənafelərinə bərabər şəkildə xidmət edəcək ən əlverişli formada naturada ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməklə araşdırmalıdır. 47-50-ci bəndlər. Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Göründüyü kimi, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləği ilə razılaşmaması bu mərhələ üzrə araşdırmanın yekunlaşması və növbəti mərhələyə keçid edilməsi üçün əsas deyil. Məhkəmə hər bir halda cavabdehlərə iddiaçının payının dəyəri kimi müəyyən edilmiş kompensasiyanın ödənilməsini təklif etməlidir. Əks yanaşmada ayrılan mülkiyyətçi hüquqdan sui-istifadə edərək payına görə tənasübsüz yüksək kompensasiya tələb etməklə qalan mülkiyyətçiləri ağır vəziyyətə sala, yaxud əşyanın məcburi şəkildə hərraca çıxarılmasına nail ola bilər ki, bu da payın dəyərini ödəməyə razı olan cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə təşkil edir. 52-ci bənd. Cavabdehlər və ya onlardan ən azı biri məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləğini ödəməyə razılıq verərsə, bu mərhələdə məhkəmə araşdırması tamamlanmış hesab olunmalı və kompensasiya ödənilməklə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payına xitam verilməsi barədə qətnamə çıxarılmalıdır. Bu halda kompensasiya ödənilməsi vəzifəsi razılıq vermiş cavabdehin üzərinə qoyulmaqla, iddiaçının payı ona keçməlidir. Razılıq vermiş cavabdehlərin sayı birdən çox olduqda ayrılan pay aralarındakı razılığa müvafiq olaraq hər birinin ödədiyi kompensasiya məbləğinə mütənasib, razılıq olmadıqda isə bərabər şəkildə aralarında bölüşdürülməlidir. 53-cü bənd. Təcrübədən görünür ki, bəzi hallarda cavabdehlər məhkəmə prosesində müəyyən edilmiş kompensasiyanın məbləğini ödəməyə razılıq versələr də, sonradan qətnamənin icrası mərhələsində maddi vəziyyətlərinin pisləşməsi, hüquqdan sui-istifadə və ya hər hansı digər səbəbdən vədlərini yerinə yetirmirlər. Bu kimi neqativ halların qarşısını almaq məqsədilə məhkəmə qətnamənin nəticə hissəsində onun icrası üsulunu və qaydasını dəqiq şəkildə müəyyən etməlidir. 55-ci bənd. Bu məqsədlə qətnamə qəbul edilənədək kompensasiyasının ödənilməsi müddəti ilə bağlı tərəflərlə müzakirə aparılmalı və hər iki tərəfin razılığı ilə müddət müəyyən olunmalıdır. Tərəflər arasında razılıq əldə edilmədikdə isə məhkəmə MPM-in 128.1-ci maddəsi baxımından “İcra haqqında” Qanunun 12.1-ci maddəsində bütün zəruri icra hərəkətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş 2 aylıq müddət təyin etməlidir. 56-cı bənd. Bununla yanaşı, qətnamənin nəticə hissəsində cavabdehlər tərəfindən kompensasiyanın ödənilməsi ilə iddiaçının paylı mülkiyyət hüququna xitam verilməsinin eyni vaxtda icra edilməli olması və müəyyən edilmiş müddət ərzində kompensasiya ödənişinin həyata keçirilmədiyi halda, tələbkarın istəyinə uyğun olaraq əşyanın açıq hərracdan satılması və əldə olunan vəsaitin mülkiyyətçilərin paylarına uyğun olaraq aralarında bölünməli olması da göstərilməlidir. 58-60-cı bəndlər. Təcrübədə fikir ayrılığı yaradan məsələlərdən biri də mübahisə predmeti olan əşyanın açıq hərracdakı ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olub-olmaması ilə bağlıdır. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.

34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı: Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, Plenum belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1, 9.1.20. Məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar.

37. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən müştərək qaydada iddiaçılar İddiaçı1 4.100 (dörd min bir yüz) manat və İddiaçı2 4.100 (dörd min bir yüz) manat olmaqla, cəmi 8.200 (səkkiz min iki yüz) manat məbləğində kompensasiya ödənilməklə ünvan 1i rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 nömrəli evdə iddiaçıların paylı mülkiyyət hüquqlarına xitam verilməli, cavabdehlər tərəfindən iddiaçılara kompensasiya ödənilməsi ilə iddiaçıların evdə paylı mülkiyyət hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilməli, kompensasiyanın ödənilməsi üçün hazırkı qətnamənin qanuni qüvvəsini aldığı andan 2 ay müddət müəyyən edilməlidir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra 2 ay müddətində cavabdehlər tərəfindən kompensasiya ödənişi həyata keçirilmədiyi təqdirdə, ünvan 1i rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 nömrəli evin ilkin satış qiyməti 147.600 (bir yüz qırx yeddi min altı yüz) manat müəyyən edilməklə, ev açıq hərracda satılmalı, mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə onların arasında bölüşdürülməli, iddia qalan hissədə təmin edilməməlidir.

38. Məhkəmə xərclərinin bölüşdürülməsi prosessual qanunvericiliklə tənzimlədiyindən bu barədə qərar qəbul edən zaman məhkəmə tərəflərin belə tələblərinin olub-olmamasından asılı olmadığını vurğulayır. Hazırkı iş üzrə iddiaçılar məcburi köçkün olmaqla müvafiq qanuna əsasən dövlət rüsumunu ödəməkdən azad olduqlarından məhkəmə hesab edir ki, iş üzrə ödənilməli olan 102 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməli, mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pul da cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.

Nəticə:

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən müştərək qaydada iddiaçılar İddiaçı1 4.100 (dörd min bir yüz) manat və İddiaçı2 4.100 (dörd min bir yüz) manat olmaqla, cəmi 8.200 (səkkiz min iki yüz) manat məbləğində kompensasiya ödənilməklə ünvan 1i rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 nömrəli evdə iddiaçıların paylı mülkiyyət hüquqlarına xitam verilsin. Cavabdehlər tərəfindən iddiaçılara kompensasiya ödənilməsi ilə iddiaçıların evdə paylı mülkiyyət hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilsin. Kompensasiyanın ödənilməsi üçün hazırkı qətnamənin qanuni qüvvəsini aldığı andan 2 ay müddət müəyyən edilsin. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra 2 ay müddətində cavabdehlər tərəfindən kompensasiya ödənişi həyata keçirilmədiyi təqdirdə, ünvan 1i rayonu, Balababa Məcidov küçəsində yerləşən 93 nömrəli evin ilkin satış qiyməti 147.600 (bir yüz qırx yeddi min altı yüz) manat müəyyən edilməklə, ev açıq hərracda satılsın. Mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə onların arasında bölüşdürülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 102 (bir yüz iki) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pul isə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (MBA LTD MMC, VÖEN: **********, İBAN: AZ33İBAZ********************, bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, Kod: 805562, SWİFT: İBAZAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar