Məhkəmə qərarları › İş №2(006)-1963/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1963/2021

02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1963/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il tarixdə doğulan həyat yoldaşının Hətəmova Gülsəfa Möhbalı qızının xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qət edilməsini, qətnamənin icrasının Nəsimi rayonu X2 Dövlət Qeydiyyat idarəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1993-cü ildə, xx.xx.1971-ci il tarixdə doğulan Hətəmova Gülsəfa Möhbalı qızı ilə rəsmi qaydada nikah daxil olmuşlar. Qeyd etmək istəyir ki, həyat yoldaşı Hətəmova Gülsəfa Möhbalı qızı xx.xx.2020-ci il tarixdə vəziyyəti pisləşdiyi üçün təcili tibbi yardım çağırmışlar, lakin təcili tibbi yardım maşını gəlmədiyi üçün məcbur olub özü X4 adına xəstəxanaya aparmışdır, lakin elə yolda həyat yoldaşının vəziyyəti kəskin pisləşmiş və özündən getmişdir. Onlar onu xəstəxanaya çatdıranda həkim yoxladıqda artıq onlara bildirdmişdir ki, onun həyat yoldaşı artıq ölmüş halda xəstəxanaya daxil olub və bununla bağlı da onlara xəstəxana akt təqdim etmişdir. Onlar qohumları ilə birgə həyat yoldaşını Müşfıqabad qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Ölüm haqqında şəhadətnamə almaq üçün, o, qeydiyyat şöbəsinə müraciət etsə də onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmişdir. Ölüm haqqında şəhadətnamənin olmaması ona bir çox sənəd işlərində problemlər yaradır. Hətta uşaqların da sənədləşmə işlərində analarının ölüm haqqında şəhadətnaməsini istəyirlər. O, evi ilə bağlı sənəd işlərində ya həyat yoldaşının razılığını, ya da rəhmətə gedibsə ölüm haqqında şəhadətnaməsini istəyirlər. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Həyat yoldaşı Hətəmova Gülsəfa Möhbalı qızının ölüm faktını şahidlər və xx.xx.2020-ci il X4 adına xəstəxananın təqdim etdiyi akt, həmçinin qəbirüstü abidəsinin fotoşəkili də təsdiq edə bilər və o, həmin sübutları işə əlavə edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi tələblərin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən xx.xx.1971-ci il təvəllüdlü Hətəmova Gülsəfa Möhbalı qızının xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Bələ ki, Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/Q- 1826/75 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümükün olmamışdır. Beləliklə, ərizəçi arvadının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi arvadının ölüm faktının müəyyən edilməsindən asılıdır. AZE seriyalı, 08554715 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hətəmova Gülsəfa Möhbalı qızı xx.xx.1971-ci ildə Gəncə şəhərində doğulmuşdur. Nəsimi rayonu VVAQ Şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Mustafayeva Gülsəfa Möhbalı qızı arasında xx.xx.1993-cü tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 251 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hətəmov, arvada Hətəmova soyadı verilmişdir. Məsul növbətçi İsgəndərova Almaz, növbətçi reamatolog Rzayev Ülfər və növbətçi tibb bacıları X5 Yaqut tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, 1971-ci il təvəllüdlü Hətəmova Gülsəfa Möhbalı qızı xx.xx.2020-ci il tarixdə, saat 02:35-də Ak. Mirəsəsdulla MirQasımov adına Respublika Kliniki Xəstəxanasına aparılmış, müayinə zamanı öldüyü aşkar olunmuşdur. Ölüm səbəbi bəlli olmadığı üçün Pataloji Anatomiya Şöbəsinə göndərilmiş, yaşayış yeri üzrə polis bölməsinə məlumat verilmişdir. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkillərində X1 xx.xx.1971-ci ildə doğulduğu, xx.xx.2020-ci ildə vəfat etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Qaradağ rayonu Müşfiqabad Bələdiyyəsinin sədri V.Əliyev tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 19 nömrəli arayışdan görünür ki, Hətəmova Gülsəfa Möhbalı qızı ünvan 1 mənzil 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.2020-ci ildə vəfat etmiş və Müşfiqabad qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, mərhum Hətəmova Gülsəfa Möhbalı qızı onun anasıdır. xx.xx.2020-ci ildə, axşam saatlarında anasının səhhəti pisləşmişdir. Təcili tibbi yardım çağırmaqlarına baxmayaraq gəlməmişdir. Onu avtomobilə əyləşdirərək Ak. Mirəsəsdulla MirQasımov adına Respublika Kliniki Xəstəxanasına aparmışlar, lakin həkim müayinəsi zamanı anasının artıq öldüyünü onlara bildirilmişdir. Anası Müşfiqabad qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, mərhum onun qonşudur. Gecə saat 3-4 radələrində mərhumun qəflətən halı pisləşmişdir. Ailəsi təcili tibbi yardım çağırmışdır. Lakin təcili tibbi yardım maşını gəlmədiyi üçün MirQasımov adına Respublika Kliniki Xəstəxanasına aparılmışdır. Mərhum Müşfiqabad qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, mərhum Hətəmova Gülsəfa Möhbalı qızı mənim qardaşım arvadıdır. Xəstəxanaya apararkən qardaşı ona zəng etmişdir. Həkim müayinəsi zamanı həkimə qədər artıq öldüyünü onlara bildirmişlər. Mərhum Müşfiqabad qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Hətəmova Gülsəfa Möhbalı qızı ərizəçinin arvadı olmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Hətəmova Gülsəfa Möhbalı qızı Müşfiqabad qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən ölümün dövlət qeydiyyatına alınması zəruri olan sənəd təqdim edilmədiyindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1971-ci il təvəllüdlü Hətəmova Gülsəfa Möhbalı qızının xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü Hətəmova Gülsəfa Möhbalı qızının xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar