Məhkəmə qərarları › İş №2(006)-2059/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2059/2022

13.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2059/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətini maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun qardaşı X4 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Hal-hazırda onun 37 yaşı var və anlaqsız olduğu üçün onunla birgə yaşayır. Qeyd edir ki, qardaşı anadangəlmə xəstə olmuş və uşaqlıqdan əlildir. 2005-ci il tarixdə uşaq serebral iflici, əzələ afrotiyası, ensefalopatiya diaqnozu ilə X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reablitasİya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən birinci qrup əlillik dərəcəsi təyin edilmişdir. O, hal-hazırda da birinci qrup əlil olaraq pensiya alır. Onun əqli qüsurları ilə bağlı özünü və öz hərəkətlərini idarə etmək qabiliyyəti yoxdur. Məhkəməyə ərizə ilə müraciət etməyinin səbəbi ondan ibarətdir ki, qardaşı öz hərəkətlərini idarə edə bilmədiyindən, özü üçün hansı hüquqi nəticə yarada biləcəyindən aslı olmayaraq, gələcəkdə istənilən formalı şifahi əqd bağlaya bilər və bu onlar üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Həmçinin, o, daimi xəstə olduğundan, onun müalicəsinə çəkilən xərcləri qarşılamaq üçün onun üzərində qəyyum təyin ediləcəyi təqdirdə alacağı az məbləğdə də, olsa pul vəsaitini onun müalicəsinə sərf edəcəkdir. Aztəminatlı ailə olduqlarından, həmin məbləğin əldə edilməsi onlar üçün mühüm əhəmiyyət kəsb edir və ailəyə müəyyən qədər maliyyə dəstəyi olacaqdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Ərizəçi xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 qardaşıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının arayışının surətindən görünür ki, X4 müddətsiz İ qrup əlildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2059/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 1166 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs X2 “uşaq serebral iflici ilə əlaqədar əqli gerilik” (F72) qeyd olunmuşdur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Tibbi- Sosial Ekspert Komissiyasının arayışında “Uşaq serebral iflici. Əzələ atrofiyası. Ensefalopatiya. Uşaqlıqdan əlildir” diaqnozu ilə İ dərəcə olması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, amnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. xx.xx.1984-cü il təvəllüdlü X2 uşaq serebral iflici ilə əlaqədar yaranan əqli gerilik müəyyən edilmişdir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kfayət qədər əsas vardır. Məhkəmə qeyd edir ki, daxil olmuş ekspert rəyinə və bir sıra digər sənədlərə əsasən, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən, məhkəmə iclasına çağırılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə,hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 1166 saylı ekspertiza rəyinə əsasən X1 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən, ərizə təmin olunmalı, xx.xx.1984-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar