Məhkəmə qərarları › İş №2(006)-2083/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2083/2025

21.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2083/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakı ilə Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: xx.xx.2024-cü il tarixli, MŞB/4/2024-00104 №-li barışıq sazişinin təsdiq edilməsi xahiş olunur. İşin ərizədə qeyd edilən halları: Ərizəçi Şükürlü (Sultanova) Günay Telman qızı 20 iyun 2009-cu il tarixində Maraqlı şəxs ilə rəsmi nikaha girmiş, nikahı Nəsimi rayon Qeydiyyat şöbəsində bağlanılmış və 444 nömrə ilə qeydə alınmışdır. Burgə nikahdan 01 aprel 2010-cu ildə X5 və 30 noyabr 2013cü ildə X6 doğulmuşdur. Nikah sonradan xx.xx.2024-cü il tarxində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2240/2024 saylı qətnaməsinə əsasən pozulmuş, 7 saylı ASAN Ximət Mərkəzi tərəfindən 13 oktyabr 2024-cü il tarixində nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Bakı şəhəri 4 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/4/2024-00104 saylı barışıq sazişinin 2-ci bəndinə uyğun olaraq 1-ci tərəf- Maraqlı şəxs 2-ci tərəf Şükürlü (Sultanova) Günay Telman qızı ilə birgə nikahdan dünyaya gələn övladları -01 aprel 2010-cu il təvəllüdlü X5 və 30 noyabr 2013-cü il təvəllüdlü X3 ananın yanında (himayəsində) qalmasını razılaşımışlar. Bakı şəhəri 4 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/4/2024-00104 saylı barışıq sazişinin 3-cü bəndinə uyğun olaraq, 1-ci tərəf Maraqlı şəxs, 2-ci tərəf Şükürlü (Sultanova) Günay Telman qızı ilə birgə nikahdan dünyaya gələn övladları-01 aprel 2010-cu il təvəllüdlü X5 və 30 noyabr 2013-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, növbəti ayın 10-dək hər ay hər bir uşaq üçün 500 (beş yüz) azn, cəmi 1000 (min) AZN məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri 4 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/4/2024-00104 saylı barışıq sazişinin 4-cü bəndinə uyğun olaraq, 1- ci tərəf Maraqlı şəxs mülkiyyətində olan ** ZD *** dövlət qeydiyyat nişanlı “İNFİNİTİ EX-35 MİNİK” markalı avtomaşını (Nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsi AD 769398, verilmə tarixi xx.xx.2020ci il) 2-ci tərəf Şükürlü (Sultanova) Günay Telman qızının 10 (on) gün ərzində istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs xx.xx.2024-cü il tarixli barışıq sazişinin 4-cü bəndinə əməl etməmiş, ** ZD *** dövlət qeydiyyat nişanlı “İNFİNİTİ EX-35 MİNİK” markalı avtomaşını bu günə kimi Şükürlü (Sultanova) Günay Telman qızının istifadəsinə verməmişdir. Bundan əlavə Maraqlı şəxs xx.xx.2024-cü il tarixli barışıq sazişinin 3-cü bəndinə də tam əməl etməmiş, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, növbəti ayın 10-dək hər ay hər bir uşaq üçün 500 (beş yüz) azn, cəmi 1000 (min) azn məbləğində aliment ödəməyi öhdəsinə götürsə də, ona tam əməl etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində 150 manat, xx.xx.2024-cü il tarixində 150 manat, xx.xx.2024-cü il tarixində 150 manat, xx.xx.2024-cü il tarixində 34 manat, xx.xx.2024-cü il tarixində 200 manat,xx.xx.2024-cü il tarxində 60 manat, xx.xx.2024-cü il tarixində 50 manat, xx.xx.2024-cü il tarixində 250 manat, xx.xx.2024-cü il tarixində 250 manat, xx.xx.2024-cü il tarixində 200 manat, xx.xx.2024-cü il tarixində 100 manat, xx.xx.2024-cü il tarixində 100 manat, xx.xx.2024-cü il tarixində 400 manat, xx.xx.2024-cü il tarixində isə 500 manat pul vəsatini ona və ya qızına məxsus bank kartına köçürmüşdür. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Şükürlü (Sultanova) Günay Telman qızı ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, barışıq sazişinə əsasən, hər ay hər bir uşaq üçün 500 manat, cəmi 1000 manat məbləğində aliment və “İNFİNİTİ EX-35 MİNİK” markalı avtomaşını ərizəçinin istifadəsinə verməyi maraqlı şəxs öhdəsinə götürmüşdür. Lakin müxtəlif bəhanələr edərək avtomobili verməmişdir. Alimenti isə tam ödəmir. Alimentin tam ödənilməsini xahiş edir. 2 övladı vardır. Uşaqlarını nənə və ata evdən atmışdır. Özü heç yerdə işləmir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək bildirdi ki, qarşı tərəf 3 kart təqdim etmişdir. Hər bir kart üçün nə qədər aliment məbləğinin ödənilməsini təsdiq edən çıxarışları təqdim etmişdir. Ərizəçinin dediyi faktları qəbul etmir. Sonuncu ödənişi fevral ayının 1-i etmişdir. Birbaşa 600 manat bir karta ödəmişdir. 3 karta da ödənişlər edir. Avtomobil özünə məxsusdur. Avtomobili ərizəçi yararsız vəziyyətə salmışdır. Barışıq sazişinin şərtlərinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmək, avtomobili birgə nikah dövründə aldıqları üçün satıb dəyərini aralarında bölmək qərarına gəlmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Ərizəçi Şükürlü (Sultanova) Günay Telman qızı ilə Maraqlı şəxs arasında Bakı şəhəri 4 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/4/2024-00104 nömrəli barışıq sazişinə əsasən,

1. 1-ci tərəf Maraqlı şəxs bu Saziş imzalandıqdan sonra 2-ci tərəf- X4 ilə Nəsimi rayon Qeydiyyat Şöbəsində xx.xx.2009-cu il tarixdə 444 saylı qeydi ilə bağlanan nikahın (nikah haqqında şəhadətnamənin nömrəsi AZ-İ486148) qarşılıqlı pozulmasına razıdır.

2. 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf- X4 ilə birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və 30 noyabr 2013-cü il təvəllüdlü X6 (ananın) X2 yanında (himayəsində) qalmasına razıdır.

3. Maraqlı şəxs X4 ilə birgə nikahdan dünyaya gələn övladları 01 aprel 2010-cu il təvəllüdlü X5 və 30 noyabr 2013-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, növbəti ayın 10-dək hər ay hər bir uşaq üçün 500 (beş yüz) manat, cəmi 1000 (min) manat məbləğində aliment ödəməyi öhdəsinə götürür.

4. Maraqlı şəxs mülkiyyətində olan ** ZD *** dövlət qeydiyyat nişanlı “İNFİNİTİ EX-35 MİNİK” markalı avtomaşını (Nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsi AD 769398, verilmə tarixi xx.xx.2020-ci il) X2 istifadəsinə verilməsini öhdəsinə götürür.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 7-1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: Maddə 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Məhkəmənin mövqeyi: Qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi 2 halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir. Ərizəçi məhkəməyə müraciət edərək mediasiya prosesi nəticəsində maraqlı şəxs ilə əldə edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.2, 34.3, 34.4-cü maddələrinə müvafiq olaraq barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarında nəzərdə tutulmuş mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması onu nəzərdə tutur ki, mediasiya prosesi nəticəsində barışıq sazişi bağlandıqdan sonra sazişin tərəflərinin biri və ya hər ikisinin həmin barışıq sazişinin şərtlərinə müvafiq olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olur və tərəf müvafiq öhdəliyi icra etmir və ya lazımi qaydada icra etmir. Barışıq sazişinin tərəflərinin sazişin şərtlərinə uyğun olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olarsa və tərəflərdən biri barışıq sazişinin şərtini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməzsə sazişin digər tərəfi barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin Azərbaycan Respublikasının MPM-in 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, nikahın pozulmasına dair işlərə yalnız iddia icraatı qaydasında baxılması mümkün olduğundan nikahın pozulması hissəsində barışıq sazişi təsdiq edilməməlidir. Barışıq sazişinin 2-ci bəndinə münasibətdə məhkəmə qeyd edir ki, həmin bəndlə uşaqların valideynlərdən kimin himayəsində qalması ilə bağlı mübahisə həllini tapmışdır, hər hansı bir qeyri-müəyyənlik, həmçinin, icrası nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir. Həmin bəndin mahiyyəti ondan ibarətdir ki, Maraqlı şəxs birgə nikahdan dünyaya gələn övladlarının analarının yanında (himayəsində) qalmasına razıdır. Göründüyü kimi, bu şərti özü-özlüyündə bir növ mövcud vəziyyətin saxlanılmasına, yəni uşaqların ananı himayəsində qalmasının təsbitinə yönəlmişdir. Belə olan halda isə, həmin şərtin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin nədən ibarət olması aydın deyildir. Ərizəçi ərizəni bu istiqamətdə ümumiyyətlə əsaslandırmamışdır. Ona görə məhkəmə həmin hissədə barışıq sazişinin təsdiq edilməməsini məqsədəmüvafiq hesab edir. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş digər hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, qalan hissədə - “3. Maraqlı şəxs X4 ilə birgə nikahdan dünyaya gələn övladları 01 aprel 2010-cu il təvəllüdlü X5 və 30 noyabr 2013-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, növbəti ayın 10-dək hər ay hər bir uşaq üçün 500 (beş yüz) manat, cəmi 1000 (min) manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. 4. Maraqlı şəxs mülkiyyətində olan ** ZD *** dövlət qeydiyyat nişanlı “İNFİNİTİ EX-35 MİNİK” markalı avtomaşını (Nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsi AD 769398, verilmə tarixi xx.xx.2020-ci il) X2 istifadəsinə verilməsini öhdəsinə götürür” hissəsində barışıq sazişini təhlil edərək məhkəmə hesab edir ki, həmin hissələrdə ərizəçinin Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil, həmin hissələrdə saziş qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda sazişin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə sözügedən barışıq sazişinin hissəvi təsdiq edilməsini məqsədəmüvafiq hesab edir.

Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən onun tərəfindən ödənilmiş ödənilmiş 50 (əlli) manat dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi Şükürlü (Sultanova) Günay Telman qızı ilə Maraqlı şəxs arasında xx.xx.2024cü il tarixdə Bakı şəhəri 04 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/4/2024- 00104 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: -Maraqlı şəxs X4 ilə birgə nikahdan dünyaya gələn övladları 01 aprel 2010-cu il təvəllüdlü X5 və 30 noyabr 2013-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla, növbəti ayın 10-dək hər ay hər bir uşaq üçün 500 (beş yüz) manat, cəmi 1000 (min) manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. -Maraqlı şəxs mülkiyyətində olan ** ZD *** dövlət qeydiyyat nişanlı “İNFİNİTİ EX-35 MİNİK” markalı avtomaşını (Nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsi AD 769398, verilmə tarixi xx.xx.2020-ci il) X2 istifadəsinə verilməsini öhdəsinə götürür. Ərizə qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar