Məhkəmə qərarları › İş №2(006)-212/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-212/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-212/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.339 manat 50 qəpik əsas borc, 982 manat 85 qəpik faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 762 manat faiz olmaqla, cəmi 33.084 manat 35 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsində istifadədə olan 0,079 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 4 mərtəbəli binada 72,05 m2 ümumi sahədən ibarət 23 saylı mənzilə yönəldilməsi; həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracdan satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi; ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması; ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 10 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 35.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsində istifadə olan 0,079 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 4 mərtəbəli binada 72,05 m2 ümumi sahədən ibarət 23 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə bank ilə Cavabdeh arasında 10 iyun 2015-ci il tarixli 10 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.8-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2019-cu il tarixli **********698 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək, mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 33.084 manat 35 qəpik təşkil edir. Həmin məbləğdən 31.339 manat 50 qəpik əsas borc, 982 manat 85 qəpik faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 762 manat faizdir. İpoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi bank tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka qoyana bildiriş göndərilmiş və həmin bildirişin müvafiq qaydada DƏDRX-də qeydiyyatdan keçirilməsi təmin edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 10 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 18 % dərəcəsi ilə 35.000 manat məbləğində kredit verilmişdir. 22 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə 31.339 manat 50 qəpik əsas borcu, 982 manat 85 qəpik faiz, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 %-lə hesablanan 762 manat olmaqla, cəmi 33.084 manat 35 qəpik borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh İddiaçı ASC-dən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2015-ci il tarixli 10 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsində istifadədə olan 0,079 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 4 mərtəbəli binada 72,05 m2 ümumi sahədən ibarət 23 saylı mənzili banka ipotekaya qoymuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli H/05-PLS nömrəli rəyindən (əmlakın qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanda yerləşən 23 saylı mənzilin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar və likvid qiymətləri aşağıdakı kimidir: - bazar qiyməti 70.000 manat; - likvid qiyməti 60.000 manat. Qiymətləndirmə xərci 300 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 31.339 manat 50 qəpik əsas borc, 982 manat 85 qəpik faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 762 manat faiz olmaqla, cəmi 33.084 manat 35 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli; tələb üzrə tutma Cavabdeh məxsus, ipoteka predmeti olan Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsində istifadədə olan 0,079 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 4 mərtəbəli binada 72,05 m2 ümumi sahədən ibarət 23 saylı mənzilə yönəldilməli; həmin əmlak açıq hərracdan satılmalı; əmlakın ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilməli; bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı; həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra həmin əmlak boşaldılmalı; qiymətləndirmə xərci olan 300 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddia tələbi mənzilin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi hissəsində əsassızdır. Hazırda bankın həmin əmlakı hərracda əldə edəcək mülkiyyətçiyə məxsus olan tələbləri irəli sürməyə subyektiv hüququ mövcud deyil. Bank ipotekasaxlayan olmaqla, mülkiyyətçi deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 31.339 manat 50 qəpik əsas borc, 982 manat 85 qəpik faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 762 manat faiz olmaqla, cəmi 33.084 manat 35 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus, ipoteka predmeti olan Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsində istifadədə olan 0,079 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 4 mərtəbəli binada 72,05 m2 ümumi sahədən ibarət 23 saylı mənzilə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 60.000 (altmış min) manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra həmin əmlak boşaldılsın. Qiymətləndirmə xərci olan 300 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar