Məhkəmə qərarları › İş №2(006)-2131/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2131/2024

29.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2131/2024 29.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh «Nurgün İnşaat LTD» şirkətinə qarşı «bədbəxt hadisə zamanı ödənişin və kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh «Nurgün Qrup» şirkətinə qarşı «bədbəxt hadisə zamanı ödənişin və kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 250.000 manat həcmində maddi zərərin cavabdeh «Nurgün Qrup» şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, məhkəməyə təqdim edilmiş vəsatət təmin olunaraq, hazırki mülki iş üzrə əsl olmayan cavabdeh «Nurgün Qrup» şirkəti cavabdeh «Nurgün İnşaat LTD» şirkəti ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, «Nurgün Qrup» şirkətinə daxil olan "xxxx" şirkətində 2006-cı ildən iş icraçısı vəzifəsində işləmişdir. 2009-cu ildə "xxxx" şirkətinin Salyan Olimpikin tikintisində iş icraçısı olmuşdur və həmin yerdə iş üzrə baş vermiş bədbəxt hadisə zamanı əmək qabiliyyətini itirmişdir. İş üzrə şirkətdə 2007-ci ilin yanvar ayının 10-da hadisə baş vermişdir. İldə aylıq 165 manat hal-hazırki vaxtadək müavinət təyin edilmişdir. Qeyd etdiyi kimi, verilən 169 manat dövrün tələbatlarını ödəmir və hal-hazırda iş icraçısının statistik orta əmək haqqı 1.500-2.000 manat arasında müəyyən edilir. Məhz bu baxımdan hesab edir ki, iş üzrə icraçının orta aylıq əmək haqqının 80 faizi ona ödənilməlidir. Digər tərəfdən, təyin ediləcək müavinət 14 il ərzində almadığı üçün bu məbləğ göstərdiyi illər üzrə toplanaraq ona verilməlidir. Hesab edir ki, cavabdeh onun sağlamlığına xəsarət yetirilməsində birbaşa təqsirlidir və bu baxımdan sağlamlığını uzun müddət itirdiyi üçün ona kompensasiya ödəməlidir. Digər tərəfdən, uzun müddət ağır xəstə olduğu üçün həyat yoldaşı X8 ona qulluq etmiş və 2007-ci ildə bu hadisənin nəticəsində şəkər xəstəliyinə tutulmuşdur. Bununla yanaşı ona şirkət heç bir yardım və kompensasiya ödəmədiyi üçün, arvadı uzun illər ona qulluq etmiş və 2020-ci ilin dekabr ayının 3-də dünyasını dəyişmişdir. Ümumiyyətlə cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona maddi və fiziki zərər vurulmuşdur. Bu aşağıdakılardan ibarətdir: 1. Qazancının itirilməsinə görə 200.000 manat; 2. Müalicəsi üçün çəkdiyi xərc 30.000 manat; 3. X8 ona qulluğa və sanotoriyalar haqqı 15.000 manat; 4. Xüsusi nəqliyyat vasitəsi verilməsinə görə nəqliyyat xərcləri 5.000 manat. Hesab edir ki, cavabdeh onun sağlamlığına zərər vurmaqla və vaxtına uyğun düzün müavinət verməməklə ümumilikdə ona 250.000 manat maddi zərər vurmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, əlavə olaraq bildirdi ki, "xxxx" şirkəti işçilərin iş vaxtı işlərinin icrası zamanı təhlükəsizliyini təmin etməli olduğu halda etməyib. Bilərəkdən 1 aydan sonra akt tərtib edilib və orada ayağının ilişib yıxılmağı kimi qeyd edilib. Hadisədə onun atasının günahı yoxdur, şirkətin günahıdır. Tros qırılmışdı. Atası şirkətə təhlükəsizliklə bağlı çatışmamazlıqlar barədə dəfələrlə xəbərdarlıq etmişdi, lakin şirkət əhəmiyyət verməmişdir. 18 ildir atası işsizdir və bu il ərzində sadəcə 165 manat ödənmişdir. Son olaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etiraz təqdim etdi və izahatında bildirdi ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Belə ki, iddia tələbinin əsaslılığı üçün ilk növbədə iddiaçının əmək qabiliyyətini itirilməsi ilə nəticələnən sağlamlığına dəymiş zərərin yaranmasında cavabdehin təqsirli olub-olmaması, habelə cavabdehin buna görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir. Zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tələb etməsi barədə iddiasına hüquqi qiymət verilərkən öncə baş vermiş hadisədə cavabdehin təqsirinin olub-olmaması aydınlaşdırılmalıdır. Təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Göründüyü kimi, işəgötürənin məsuliyyəti yalnız təqsirli olduğu halda yaranır. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İddia ərizəsində qeyd edilmişdir ki, Cavabdeh şirkətinin hüquqazidd hərəkətləri nəticəsində (delikt) iddiaçıya (qazancın itirilməsinə görə 200000 manat, müalicəsi üçün 30000 manat, qulluq və sanitariya haqqı 15000 manat, nəqliyyat xərcləri 5000 manat) maddi və fiziki zərər vurulmuşdur. Ehtimal edilmiş əsaslarla tələb irəli sürülmüş, həmçinin iddia tələbi dəqiq deyil və hər hansı sübutla öz təsdiqini tapmır. Zərərin miqdarı və ya dəyərinin sübut edilməsi üçün müvafiq sənədlər təqdim edilməmişdir. İddiaçı ona dəymiş və iddia tələbində qeyd etmiş olduğu əldən çıxmış faydanın mənbələrinin hansı şəraitdə və necə yarandığını, həmin zərərin hansı hallar nəzərə alınmaqla hesablandığını məhkəmə qaydasında əsaslandıra bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlər və Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materialları: Nurgün İnşaat” şirkətinin xx.xx.2006-cı il tarixli, 39st/2006 saylı əmrindən görünür ki, şirkətin ştat cədvəlində xx.xx.2006-cı il tarixdən “çilingər yığıcı” ştatı ləğv edilmiş və 157,32 manat aylıq əmək haqqı ilə “iş icraçısı” ştatı daxil edilmişdir. "xxxx" şirkətinin xx.xx.2006-cı il tarixli, 55-1/2006 saylı əmrindən görünür ki, xx.xx.2006-cı il tarixli, 54-1/2006-cı il tarixli əmr etibarsız hesab edilərək, X9 şirkətin iş icraçısı vəzifəsinə bərpa edilmişdir. Binəqədi ƏƏSM tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş 292971 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, İddiaçı əmək zədəsi səbəbi ilə İİ dərəcəli əlildir. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2006-cı il tarixdə 17/2006 saylı əmr ilə "xxxx" şirkətinə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı tarixli 54-1/2006 saylı əmr ilə vəzifəsindən azad edilmiş, xx.xx.2006-cı il tarixli 55-1/2006 saylı əmr ilə xx.xx.2006-cı tarixli 54-1/2006 saylı əmr etibarsız hesab edilmiş və xx.xx.2009-cu il tarixdə 72/2009 saylı əmr ilə əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çıx itirilməsinə görə o, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin c) yarımbəndi ilə vəzifəsindən azad edilmişdir. Pul vəsaitinin təhvil verilməsi barədə 25 may 2009-cu il tarixli aktdan görünür ki, Şirkət tərəfindən iddiaçıya ayaqlarının növbəti müalicəsi ilə əlaqədar (milin çıxarılması üçün) 1.500 manat pul məbləği verilmişdir. İddiaçı pul vəsaitini qəbul edərək, aktı imzalamışdır. 1 saylı Bakı DOST Mərkəzinin 16 aprel 2024-cü il tarixli 3-17-7/2-Q-17787/2024 saylı və 08 may 2024-cü il tarixli 3-17-7/2-Q-21235/2024 saylı arayışlarından görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Pensiya» altsisteminə əsasən Nazirliyin tabeliyində DSMF-dən 2-ci dərəcə əlilliyə görə 382 manat 81 qəpik məbləğində əmək pensiyası alır. Təyinatın bitmə tarixi müddətsizdir. 29 dekabr 2020-ci il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 128976 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03 dekabr 2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən Bakı şəhərində vəfat etmişdir. Bu barədə müvafiq akt qeydləri kitabında 08 dekabr 2020-ci il tarixdə 1541 saylı akt qeydi aparılmışdır. 13 mart 2023-cü il tarixli saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı özünə məxsus olan Bakı şəhəri Binəqədi rayonu Həmzə Babaşov küçəsi 3 saylı evin 34 saylı mənzilini 140.000 manata X1. Salyan Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məkubla təqdim etdiyi sənədlərdən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə saat 09:35 radələrində xəstəxanaya qəbul edilmiş və xx.xx.2007-ci il tarixdə stasionardan çıxarılmışdır. Xəstəyə sol bud sümüyünün yuxarı 1/3-nün, sağ daban sümüyünün yerini dəyişən açıq, sol baldır sümüyünün 1/3-nün, sol daban sümüyünün yerini dəyişən qapalı sınıqları və hemorrogik şok diaqnozu qoyulmuşdur.Sənədlərdə qeyd edilmişdir ki, xəstəni gətirənlərin və özünün deməyinə görə 09.01.07-ci ildə iş yerində hündürlükdən yıxılıb travma almışdır.Xəstə yaxın adamlarının təkidi ilə 11.01.07-ci ildə Bakı şəhərinə aparılmışdır. X7 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin iddiaçının oğlu Elçin Vahidoğluna ünvanladığı 31 may 2024-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" Şirkətinin iş icraçısı vəzifəsində çalışmış İddiaçı Şirkət tərəfindən X3 inşası zamanı, xx.xx.2007-ci il tarixdə iş vaxtı yıxılaraq xəsarət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları»na əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X5 xx.xx.2007-ci il tarixli 15-T nömrəli əmri ilə yaradılmış komissiya hadisənin təhqiqatını aparmışdır. Hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi İZ formalı aktla rəsmiləşdirilərək "xxxx" Şirkətində uçota alınmışdır. İddiaçının oğlu Elçin Vahidoğluna qanunvericiliyin tələbləri izah edilməklə əlavə olaraq bildirilmişdir ki, İZ formalı aktın surəti məktuba əlavə olunaraq ona göndərilir. Ona tələb etdiyi sənədlərlə tanış ola biləcəyi Xidmətin Bakı şəhər İdarəsinin, Şirvan-Salyan regional şöbəsinin ünvanları göstərilmiş, eləcə də ən yaxın DOST Mərkəzində tanış ola biləcəyi qeyd edilmişdir. Məktuba əlavə edilmiş İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında aktın surətindən görünür ki, X3 tikniti sahəsində Nürgun İnşaat Şirkətinin iş icraçısı İddiaçı 09 yanvar 2007ci il tarixdə görülən işləri nəzərdən keçirmək məqsədilə tikinti sahəsinə gəlmişdir.İdman sarayı obyektinin 2-ci mərtəbəsinə qalxıb hörgü işlərini nəzərdən keçirmiş və bu zaman mühafizə çəpərlərinin sökülməsini nəzərə almamış, vitrinin kənarına yaxınlaşıb, 2-ci mərtəbədən fasada baxmaq istərkən ayağı boşluğa düşmüş və 4 metr hündürlükdən yıxılmışdır.İşçiləri köməyə çağırmış və onların köməyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə aparılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 25 iyun 2024-cü il tarixli 3-17-4/2-17166/2024 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixə dair əlillik təyinatı barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əlillik» altsistemində məlumat aşkarlanmamışdır. Şəxsin əlillik vəziyyətinin aydınlaşdırılması məqsədi ilə əlilliyini təsdiqləyən sənədlərlə (epikrizlər, tibbi rəylər, TSEK arayışı, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə – «İZ» formalı akt və s.) birlikdə Agentliyə qəbula gəlməsi tövsiyə olunur. Məktuba əlavə edilmiş əsas qiymətləndirmə məlumatlarından müəyyən edilir ki, xx.xx.2012-ci il tarixli müayinə nəticəsində istehsalat zədəsi səbəbindən əmək qabiliyyətinin 70faiz (müddətsiz) itirilməsi əsası ilə onun yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Fərdi şəxsi hesab haqqında xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı 2009-cu ildə 194,6 manat, 2023-cü ilin iyun,iyul, avqust və sentyabr aylarında müvafiq olaraq 555.5, 419.0, 419.0, 419.0, 2024-cü ilin yanvar, fevral və mart aylarında müvafiq olaraq 1000.0 manat məbləğində gəlirləri olmuşdur. Sosial arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə qüvvədən düşmüş əmək müqaviləsinə əsasən "xxxx" MMC-də tikniti üzrə inşaat mühəndisi, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüş əmək müqavilələrinə əsasən "xxxx" MMC-də tikinti üzrə mühəndis, xx.xx.2024-cü il tarixdə qüvvədən düşmüş əmək müqaviləsinə əsasən "xxxx" MMC-də inşaat mühəndisi, hazırda qüvvədə olan əmək müqaviləsinə əsasən isə "xxxx" MMC-də inşaat mühəndisi vəzifəsində çalışır. Dövlət Statistika Komitəsinin 06 avqust 2024-cü il tarixli 3-34/2-414/02-2/2024 saylı məktubundan görünür ki, 2007-2024-cü illərdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq, nominal əmək haqqına dair statistik məlumatlara görə 2007-ci ildə bu məbləğ 215 manat 80 qəpik təşkil etmişdir. X7 Xidmətinin Bakı şəhər İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq 13 avqust 2024-cü il tarixli 3-17-5/2-54014/2024 saylı məktubundan görünür ki, məhkəmənin İddiaçı xx.xx.2007-ci il tarixdə X3 tikintisi zamanı baş vermiş bədbəxt hadisə ilə əlaqədar «Nurgün İnşaat LTD» şirkəti tərəfindən tərtib edilmiş istehsalatda baş vermiş bədbəxt hadisə haqqında İZ formalı aktın və onunla bağlı toplanmış sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin təqdim olunması barədə sorğusuna həmin İdarədə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»na əsasən İZ formalı akt bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən tərtib olunduğu üçün müvafiq aktın təsdiq olunmuş surətini təqdim etmək mümkün deyil. İddiaçı xx.xx.2007-ci il tarixdə X3 tikintisi zamanı xəsarət alması nəticəsində baş vermiş bədbəxt hadisə ilə əlaqədar digər təhqiqat materiallarının təsdiq olunmuş surəti və İZ formalı aktın surəti məhkəməyə göndərilmişdir. Məktuba 53 vərəqdən ibarət qoşma əlavə olunmuşdur. Qeyd olunan məktuba əlavə edilmiş, 10 yanvar 2007-ci il tarixdə saat 08:45 radələrində "xxxx" şirkətinin iş icraçısı İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat sənədlərindən görünür ki, X5 müvafiq əmrinə əsasən təhqiqat komissiyası yaradılmış, toplanmış sənədlər əsasında bədbəxt hadisənin təhqiqatı aparılmış, İddiaçı və digər şəxslərin (şahid) izahatları alınmış, müvafiq sənədlər (o cümlədən əmək müqaviləsi, iş icraçısının vəzifə təlimatı, əmək kitabçası, tibbi sənədlər) toplanmış, fotoşəkillər çəkilmiş, təhqiqat aktı, eləcə də istehsalatda baş vermiş bədbəxt hadisə haqqında İZ formalı akt tərtib edilmişdir. İddiaçı görülən işləri yoxlayarkən obyektin ikinci mərtəbəsindən (vitrajın üstündən) özü də hiss etmədən, bilmədən yıxıldığını, şirkətin xəstəxana xərclərini ödədiyini, yıxılarkən baş gicəllənməsi və ürək döyüntülərinin olmadığını bildirmişdir. Təhqiqat aktına əsasən 4. Bədbəxt hadisənin səbəbləri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 216-cı maddəsinin 2-ci abzasının tələblərinə riayət edilməməsi və Komissiyanın rəyi olaraq hadisənin təhqiqatı zamanı alınmış izahatlara, sorğulara və təhqiqat aktının İV bölməsinin 4.1-ci bəndinə əsasən komissiya həmin hadisənin baş verməsində "xxxx" şirkətinin digər vəzifəli şəxsləri tərəfindən əməyin mühafizəsi üzrə Qanunvericilik Aktlarının və Qaydalarının pozulmasına yol verməməsi, Milli OK-nin tikintisinə rəhbərlik edən iş icraçısı İddiaçı xəsarət alması öz ehtiyatsızlığı səbəbindən baş verməsi qeyd edilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 avqust 2024-cü il tarixli 3-17-1/2-197528/2024 saylı məktubundan görünür ki, «Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən 2019cu il aprelin 1-dək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. Bildirilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olduğundan ona qulluq edən şəxsə sözügedən təqaüdün ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Dövlət Statistika Komitəsinin 21 avqust 2024-cü il tarixli 3-34/2-38/06-1/2024 saylı məktubundan görünür ki, 2007-2024-cü illərdə ölkə iqtisadiyyatının «Tikinti» sahəsində muzdla çalışan işçilərin orta aylıq, nominal əmək haqqına dair statistik məlumatlara görə 2007-ci ildə bu məbləğ 372 manat 30 qəpik təşkil etmişdir. Məktubda o da qeyd olunmuşdur ki, müvafiq hesabat formalarında ayrı-ayrı peşələr (vəzifələr) üzrə orta aylıq nominal əməkhaqqına dair məlumatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən, «iş icraçısı» peşəsi üzrə məlumatların təqdim edilməsi mümkün deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinin:

1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 209-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən araşdırılması, uçota alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi; istehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial, maddi və mənəvi müdafiəsi prinsipləri ilə həyata keçirilir. 216-cı maddəsinin 2-ci abzasına əsasən əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək də əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə daxildir. 217-ci maddəsinin :

1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.

2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.

3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.

4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın: 1.2-ci bəndinə əsasən müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində işçilərin səhhətinin pozulması hallarda təhqiq edilməlidir. 1.5-ci bəndinə əsasən işəgötürən və ya zərərçəkən (onun vəkili və ya marağını qoruyan şəxs) Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda, X7 Xidmətinin rəhbərliyinə və ya məhkəməyə müraciət edə bilər. 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X7 Xidməti həyata keçirir. 2.1-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X7 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X7 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. 2.5-ci bəndinə əsasən təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. 4.1-ci bəndinə əsasən təhqiqat komissiyası toplanmış materiallar əsasında bədbəxt hadisənin baş verməsində işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən edib Təhqiqat aktında göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar ona vurulmasını qeyd etdiyi 250.000 manat həcmində maddi zərərin cavabdeh tərəfindən ona ödənilməli olduğunu bildirmişdir. Lakin iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisədə cavabdehin tam və ya qismən təqsirli olmasına dair sübutları məhkəməyə təqdim etməmiş, eləcə də, bu təqsirin nədə ifadə olmasını əsaslandırmamışdır. Belə ki, bir tərəfin digər tərəfə vurulmuş maddi ziyanın ödənilməsini əsaslı edən hallar qanunvericiliyin qəti müəyyən etdiyi əsaslara söykənməlidir. Maddi ziyanın ödənilməsi tələbi maddi ziyanın özünün konkret müəyyənləşdirilməsi halında həmin tələb olunan həcmdə maddi ziyanın vurulmasında təqsirli olaraq törətdiyi hərəkətlərə görə cavabdehlik daşıyan şəxsə yönələ bilər. Hazırki iddia tələbi üzrə işin araşdırılmış hallarından İddiaçı əmək funksiyalarının icrası zamanı baş vermiş bədbəxt hadisədə xəsarət alması işin mübahisəsiz halı olsa da, həmin bədbəxt hadisənin baş verməsində təqsiri müəyyən edilmiş tərəf iş üzrə cavabdeh deyildir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən İddiaçı xx.xx.2007-ci il tarixdə X3 tikintisi zamanı baş vermiş bədbəxt hadisə ilə əlaqədar xəsarət alması müəyyən edilmiş qaydada təhqiq edilmiş və aidiyyəti komissiyanın gəldiyi nəticədə bədbəxt hadisənin iş icraçı İddiaçı xəsarət alması öz ehtiyatsızlığı səbəbindən baş verməsi göstərilmiş, işəgötürən şirkətin digər vəzifəli şəxsləri tərəfindən əməyin mühafizəsi üzrə Qanunvericilik Aktlarının və Qaydalarının pozulmasına yol verilməməsi müəyyən edilmişdir. Belə olduğu təqdirdə, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh «Nurgün İnşaat LTD» şirkətinə qarşı «bədbəxt hadisə zamanı ödənişin və kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı cavabdeh «Nurgün İnşaat LTD» şirkətinə qarşı «bədbəxt hadisə zamanı ödənişin və kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar