Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6937/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmək haqqı və sair» tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: şikayət vermə müddəti ötürüldüyü üçün apellyasiya şikayətinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-227/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmək haqqı və sair» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin Mühafizə Departamentindən həmin müəssisədə işlədiyi 2023-cü ilin mart ayı üçün 500 manat, həmin müəssisədə işlədiyi dövrdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməmiş 150 manat məbləğində müavinətin, 200 manat məbləğində məzuniyyət pulunun, öz vəsaiti hesabına aldığı iş formasına sərf etdiyi 400 manat məbləğində pulun və ümumilikdə pozulmuş əmək hüquqlarına görə 500 manat məbləğində təzminat olmaqla, cəmi 1550 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-227/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "əmək haqqı və sair" tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-227/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-227/2025 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları:
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-227/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-227/2025 nömrəli qətnaməsindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-227/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı isə elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-227/2025 nömrəli qətnaməsindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərkən qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.
Şikayətin dəlilləri:
6. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)- 227/2025 nömrəli qərardadından şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-227/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-227/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-227/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətdən 1 (bir) gün gec verildiyinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-227/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmənin mövqeyinə görə buraxılmış müddətin bərpası barədə ərizə verilməli idi. Lakin 1 (bir) gün gecikməyə görə müddətin bərpası barədə ərizəyə verməyə lüzum görməmişdir. Qətnamədən verilmiş şikayətin 1 (bir) gün gecikdirilməsinə görə geri qaytarılmasını düzgün hesab etmir. Bu səbəbdən, Nəsimi Rayon Məhkəməsinin 2(006)-227/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və Nəsimi Rayon Məhkəməsinin 2(006)- 227/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
9. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
10. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
11. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
12. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
13. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-227/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-227/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı isə elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir.
16. Göründüyü kimi, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-227/2025 nömrəli qətnaməsindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərkən qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.
17. Bundan əlavə, iddiaçı öz şikayətində də etiraf edir ki, apellyasiya şikayəti verilməsi üçün 1 gün müddəti ötürmüş, lakin 1 gün gecikməyə görə müddətin bərpası barədə ərizə verməyə lüzum görməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsində göstərilmişdir ki, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər və həmin Məcəllədə başqa müddət nəzərdə tutulmamışdır. Yalnız müddətin bərpası barədə ərizə verildikdə və məhkəmə tərəfindən şikayət verilməsi üçün müddətin ötürülməsi üzrlü hesab edildikdə apellyasiya şikayəti verilməsi üçün müddət bərpa edilir.
18. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)- 227/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-227/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Rəşid Səmədov Hakimlər imzalar: Xumar Mərdanova Vahid Sadıqov