Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1761/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı artıq iş saatlarına görə ödənilməmiş əmək haqqının verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(012)-427/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(012)-427/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.(hakim E.Kazımov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(012)-427/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunla nəzərdə tutulmuş qaydada işlədiyi artıq saatlara görə ödənilməyən 10190 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 29 avqust 2018-ci il tarixdə Cavabdeh MMC-yə aylıq 550 manat əmək haqqı almaq şərtilə sayğac göstəricilərini yoxlayan vəzifəsinə işə düzəlmişdir. Şirkət tərəfindən iddiaçıya gündəlik 10 saatlıq iş qrafiki müəyyən edilmiş və həmin işə görə il ərzində 21 günlük əmək məzuniyyəti nəzərdə tutulmuşdur. Əvvəlcə bu işdə 550 manat əmək haqqının ödəniləcəyi bildirilsə də, ona 430 manat əmək haqqı ödənilmişdir. O, bunun səbəbini şirkətdən soruşduqda, sonradan əmək haqqının artırılıb 550 manat olacağını bildirmişlər. Bu işlə bağlı İddiaçı 10 saatlıq iş müddəti deyilsə də, sonuncu həmin müddətdən artıq işləmişdir. İddiaçı bununla bağlı şirkətin İnsan Resursları İdarəsinə müraciət etsə də, ondan artıq iş saatlarında işlədiyini sübut etməsini bildirmişlər. Ölkə Prezidentinin fərmanına əsasən aylıq iş saatı 160 saat müəyyən edilsə də, iddiaçı ay ərzində 300 saat işləmişdir. Onun əmək haqqı saat hesabına bölünsə 1 saat işləməsinə görə 3,33 manat əmək haqqı təşkil edir. İddiaçı iş saatlarının hesablanması üçün özü əlyazma şəklində cədvəl tərtib etmiş və həmin cədvəl iş materiallarına əlavə edilmişdir. İddiaçının həmin şirkətdə müqavilədən artıq işləməsini iş yoldaşları da təsdiq edə bilər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, iddianın əsasını təşkil edən halın, yəni iş saatlarından əlavə işləməsini sübut etməkdən ötrü o, məhkəmə iclasında keçmiş iş yoldaşlarının şahid qismində dindirilməsi üçün vəsatət vermiş, lakin məhkəmə bu vəsatətə əhəmiyyət verməmişdir. Bundan başqa, o, sübut kimi, əmək tabelinin (cədvəlinin) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsini xahiş etmiş, bu vəsatət də təmin edilməmişdir. Halbuki, məhz həmin tabeldən müəyyən olunur ki, o, işlədiyi müddət ərzində hər gün saat neçədə işə gəlmiş və neçədə işdən çıxmışdır. Digər tərəfdən, cavabdehin nümayəndəsi məhkəmə iclasında işin hallarına uyğun olmayan izahat vermiş, məhkəmə isə buna da əhəmiyyət verməmişdir. İş üzrə nəticəyə gələrkən bir sıra prosessual normalar pozulduğundan qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətlə eyni məzmunlu izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, tələb edilən pul tərəflər arasında imzalanmış əmək müqaviləsində nəzərdə tutulmuş vəsait deyil, həmin vəsait əmək haqqı kimi mütəmadi işçiyə ödənilmişdir. Cavabdeh MMC üzərinə düşən öhdəliyi yerinə yetirmişdir və ondan artıq vəsait tələb edilməsi qanunsuzdur. Sonda o, şikayətin rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xxxxxxx000402 saylı (05.09.2018 - qüvvədə) elektron müqavilənin surətindən görünür ki, sayğac göstəricilərini yoxlayan vəzifəsində işləyən İddiaçı 430 manat məbləğində əmək haqqı alır. Yenə iş materiallarında olan xxxxxxx000402 saylı (19.02.2020 - qüvvədən düşmüş) elektron müqavilənin surətindən görünür ki, sayğac göstəricilərini yoxlayan vəzifəsində işləyən İddiaçı xxxxxxx000401 saylı müqaviləsi 19.02.2020-ci il tarixdən qüvvədən düşmüşdür. Yenə də iş materiallarında olan 05 sentyabr 2018-ci il tarixli əmək müqaviləsindən (kontraktı) görünür ki, “xxxx” MMC-nin direktoru X3 ilə İddiaçı arasında 05 sentyabr 2018-ci il tarixdən 3 ay sınaq müddəti hesablanmaqla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 4.17-ci bəndinə əsasən iş vaxtı 09.00-dan başlayır, 17.00-da qurtarır. İşdə olan “xxxx” MMC Logistika Departamenti Dağıtım Mərkəzinin müdiri tərəfindən MMC-nin direktoruna ünvanlanmış “İşçinin işə gəlməməsi haqqında” təqdimatdan görünür ki, Logistika Departamenti Dağıtım Mərkəzi Bakı 3 anbarında sayıcı-hesablayıcı vəzifəsində işləyən İddiaçı heç bir üzrlü səbəb göstərmədən 13.08.2020-ci il tarixdən etibarən tam iş günləri iş yerinə gəlməmiş və dəfələrlə edilən telefon zənglərinə cavab verməmişdir. Yenə işdə olan “xxxx” MMC-nin direktor müavini N.Hüseynov, Logistika Departamenti E.Alıyev və İnsan Resursları şöbəsinin müdiri E.Seyidov tərəfindən imzalanmış 05 oktyabr 2020-ci il tarixli aktın təsdiqlənmiş surətindən görünür ki, Logistika Departamenti Dağıtım Mərkəzi Bakı 3 anbarında sayıcı-hesablayıcı vəzifəsində işləyən İddiaçı 13.08.2020-ci il tarixdən işə götürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən tam iş günləri iş yerinə gəlməmiş və dəfələrlə edilən telefon zənglərinə cavab verməmişdir. Eyni zamanda, rəsmi olaraq qeydiyyat ünvanına göndərilmiş məktuba cavab verməmişdir. Yenə də işdə olan “xxxx” MMC-nin direktoru tərəfindən İddiaçı ünvanlanmış 18.08.2020-ci il tarixli xəbərdarlıq məktubunun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı heç bir üzrlü səbəb bildirmədən iş yerinə gəlməməsi ilə bağlı və 3 gün ərzində işə gəlməməsi səbəbini rəsmi şəkildə bildirməsi barədə məlumatlandırılmışdır. İşə əlavə edilmiş poçt göndərişinin alınması barədə xəbərnamənin təsdiqlənmiş surətindən görünür ki, “xxxx” MMC tərəfindən ona ünvanlanmış məktubu İddiaçı 26.08.2020-ci il tarixdə almışdır. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçıla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən 28.10.2020-ci ildə xitam verilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(012)-427/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında müddətsiz əmək müqaviləsi bağlanmış, İddiaçı 05 sentyabr 2018-ci il tarixdən 19.02.2020-ci il tarixdək “xxxx” MMC-də sayıcı-hesablayıcı vəzifəsində işləməsi müəyyən olunmuşdur. Tərəflər arasında hüquq münasibətləri xxxxxxx000402 saylı əmək müqaviləsinə əsasən yaranmış və 17 ay davam etmişdir (05.09.2018-19.02.2020). Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunla nəzərdə tutulmuş qaydada işlədiyi artıq saatlara görə ödənilməyən 10190 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Lakin məhkəmə tədqiqatı zamanı İddiaçı tərəfindən onun qeyd edilən müəssisədə artıq işlədiyi saatlar barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əksinə, tərəflər arasında imzalanmış 05 sentyabr 2018-ci il tarixli əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işçi İddiaçı hər ay 185 manat məbləğində əmək haqqının verilməsi, 4.17-ci bəndinə əsasən 8 saatdan çox olmayan gündəlik iş müddəti, 4.23-cü bəndinə əsasən hər həftənin bazar günləri istirahət günləri kimi və 4.27-ci bəndinə əsasən əsas məzuniyyətin müddəti 21 təqvim günü müəyyən edilmişdir. Başqa sözlə, iddiaçının bu müqavilədən artıq müddətə işləməsi və həmin vaxt üçün ona əmək haqqının ödənilməməsi iş materiallarından görünmür, yəni İddiaçı tələbinin əsasını sübuta yetirə bilməmişdir və onun tələbini rədd edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Daha öncə qeyd olunduğu kimi tərəflər arasında 05 sentyabr 2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və müqavilədə əmək münasibətlərinin əsas şərtləri, tərəflərin hüquq və vəzifələri əks etdirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh MMC-də artıq saatlarla işləməsi və cavabdeh tərəfindən iddiaçıya bu saatlara görə əmək haqqı ödəməməsi öz təsdiqini tapmamış, iddiaçı məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona əmək haqqının ödənilməməsi ilə bağlı məhkəməyə əsaslı şübhələrdən kənar heç bir mötəbər sübutlar təqdim edilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(012)-427/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1761/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1761/2021
02.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver